Sürətli özünübərpa və inkişaf dövrü

Sürətli özünübərpa və inkişaf dövrü

Turizm sənayesi ona görə böyük perspektiv vəd edir ki…

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və mövcud resurslardan daha səmərəli istifadə edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr turizmin inkişafını da həmişə ön planda saxlayır. Çünki müasir dünyada turizm bütöv bir sənaye halına gəlməklə təkcə xidmət sektoru deyil, digər əksər sahələr üçün də yeni iqtisadi fürsətlər və iş imkanları yaradır.

Respublikamızda mövcud olan turizm ehtiyatları və bu sahədə yaradılmış müasir infrastruktur güclü turizm sənayesinin formalaşmasına rəvac verir. Regionlarımızda turizmin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahəyə göstərilən dövlət dəstəyi yüksək komfortlu turizm xidmətlərinin ərsəyə gəlməsinə şərait yaradır. Bu da son nəticədə Azərbaycanın turizm imicinin artması deməkdir.

Turizm sənayesi öz xüsusiyyətlərinə görə unikal bir sahədir. Komfort şərtlərinə yüksək dərəcədə həssas olan turizm sənayesi həm turistlərin, həm onları qəbul edən region əhalisinin rifahını artırmaqla bərabər, iqtisadiyyatın digər sahələrinə də güclü təsir edərək, xüsusən ucqarlarda yeni iş yerlərinin yaradılmasında mühüm vasitədir. Dünya təcrübəsində də turizmin kiçik və orta sahibkarlığın inkişafındakı rolu məhz bu sahələrdə onun effektiv təsiri nəticəsində formalaşır. Bu da ölkəmizin iqtisadi inkişaf problemləri baxımından aktualdır.

Bu ilin ilk ayında Azərbaycana 119,1 min tursit gəlib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. Ölkəmizə gələnlər arasında rusiyalılar 33,8, Türkiyə 21,1, İran 9,3, Gürcüstan 5,6, Hindistan 3,4, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 3,2, Pakistan 2,7 və Küveyt vətəndaşları 2,1 faiz təşkil edir. Həmçinin ölkəmizə gələnlər arasında Səudiyyə Ərəbistanı və Qazaxıstan ayrı-ayrılıqda 1,8, Ukrayna 1,5, Özbəkistan, Türkmənistan və Belarus olmaqla hər birindən 1,2, digər ölkələrin vətəndaşları isə 10,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9, Hindistandan 8,6, Türkmənistanın və Özbəkistanın hər birindən 5, Belarusdan 3,6, Çindən 3,1, Qazaxıstandan 3, Küveytdən 2,9 və Omandan 2,2 dəfə olmaqla artıb. Həmçinin İsraildən gələnlərin sayı 2,1, BƏƏ-dən 1,9, Gürcüstandan 1,6, ABŞ-dan 1,6 və Rusiya Federasiyasından 1,5 dəfə artıb. Eləcə də Böyük Britaniyadan gələnlərin sayı 47,6, Türkiyədən 40,7, Ukraynadan 19,8 və  İrandan 15,6 faiz olmaqla artıb.

Turizm sənayesi ona görə böyük perspektiv vəd edir ki, neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sahə, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması ölkəmizə daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də xaricdən gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda postpandemiya göstəricilərinə çatmaq hədəflənməlidir.

Nəzərə alaq ki, epidemioloji vəziyyətə görə quru sərhədlər hələ də bağlıdır və Azərbaycana gələn turistlərin əksəriyyəti qonşu ölkələrin payına düşür. Quru sərhədlərin açılması isə turizmin inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımızın da xaricə daha asan və az xərclə getməsinə imkan yaradacaq.