Fars-molla rejimi İran xalqına qarşı repressiv siyasət həyata keçirir

Fars-molla rejimi İran xalqına qarşı repressiv siyasət həyata keçirir

İranın fars-molla rejimi uzun illərdir ki, soydaşlarımızı sıxışdırır, onların milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz sıxışdırılır. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və xaricə mühacirət edənlər də var. Dünyada yeganə yer İran deyilən ölkədir ki, orada azərbaycanlıların hüquqları bütün sahələrdə pozulur.

Ancaq farsist rejim unudur ki, hər bir xalqın və fərdin öz ana dilindən istifadə hüququ BMT Nizamnaməsində, İnsan Hüquqları haqqında ümumi Bəyannamədə, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1953-cü ildə qüvvəyə minmişdir), Helsinki Yekun Aktında, habelə BMT Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapıb. Bütün bunların fonunda cənublu soydaşlarımızın haqlarını müdafiə etmək İranın daxili işinə qarışmaq deyil, beynəlxalq qanunlar əsasında onların təməl hüquqlarını tələb etmək mənasında şərh olunmalıdır.

İranda Azərbaycan dilində nəşr edilən jurnal və dərgilər də fars-molla rejimi tərəfindən ya bağlanır, ya da onlara ciddi təzyiqlər edilir. Bir müddət əvvəl İran Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Assosiasiyasının yaydığı hesabatda bildirilirdi ki, bu ölkədə türk dilində nəşr edilən “Ulus”, “Nəsimi”, “Ölük”, “Oyanış”, “Səttarxan”, “Kimlik”, “Yoldaş”, “Aydın Gələcək”, “Qıpçaq”, “Yarpaq”, “Çənlibel”, “Yaşıl yol”, “Yurd”, “Səhər”, “Açıq söz”, “Sayan”, “Bulud”, “Hələc”, “İsəlay” kimi jurnallar hər hansı bir səbəb göstərilmədən rəsmi Tehran tərəfindən bağladılıb.

Rəsmi Tehran tərəfindən təzyiqlərə məruz qalan nəşrlərdən biri də məşhur “Varlıq” dərgisidir. “Varlıq” İranda 1979-cu il İslam inqilabından sonra vətəndaşlara ana dilində – Azərbaycan türkcəsində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılıb. Jurnalın işıq üzü görməsində onun əsas yaradıcısı, professor Cavad Heyətin böyük rolu olub. Yazıların 80 faizi Azərbaycan, 20 faizi fars dilindədir. Dərgidə Azərbaycan Respublikasının milli- müdafiə məsələləri, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə, Mənzuri Xamneyi, Səməd Sərdariniya və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunublar.

“Varlıq” mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır. Bu baxımdan ərəb qrafikasının və fars əlifbasının Azərbaycan türkcəsinə uyğunlaşdırılması məsələləri haqqında “Varlıq”ın təşəbbüsü ilə təşkil edilən seminarlar və bu seminarlarda qəbul edilən yazı qaydaları diqqəti çəkir. Yazı qaydalarının dəqiqləşdirilməsi mühüm mədəni hadisə olmaqdan başqa, həm də İranda türkcə yazıların fars qəlibindən qurtarılması kimi qiymətlədirilməlidir. “Varlıq” jurnalı türk varlığını fars irqçiliyinin hücumlarından qorumaq üçün yarandı. Bununla işi bitmədi. O, milli ideologiyanın formalaşmasında mühüm rol oynadı. “Varlıq” dərgisi türk ziyalıları üçün məktəb oldu. “Varlıq” məktəbinin ən önəmli xidməti isə minlərlə gənc insana milli şüur gətirməsi oldu.

Doktor Cavad Heyətin varisi və qardaşı oğlu Riza Heyət dərgi ilə bağlı bildirib ki, İran məktəblərində Azərbaycan türkcəsində təhsil hüququndan məhrum olan türk uşaqlarının ehtiyaclarını nəzərə alınıb: “Varlıq” jurnalının ikinci dövrünün 3-cü sayından etibarən uşaqlar üçün 3 aydan bir “Tomurcuq” (Tumurcuq) adlı əlavə jurnal nəşr edəcəyik. “Tomurcuq” jurnalının İrandakı uşaqlarımıza ana dili olan Azərbaycan türkcəsini öyrənməkdə və savadlandırmaqda faydası olacağını düşünürəm. İndidən “Hər kəsə xeyirli, uğurlu olsun” deyirəm. Jurnalın ilk sayı gələn həftə işıq üzü görəcək. Yazıları, uşaqların yazı və şəkillərini aşağıdakı ünvana göndərə bilərlər”.

İranda tamamı Azərbaycan dilində nəşr olunan yeganə dərgi “Yarpaq” dərgisinin nəşri dayandırılıb. Bu barədə dərginin internet səhifəsi məlumat yayıb. Xəbərdə bildirilib ki, Cənubi Azərbaycan düşüncəsinin danışan dili susduruldu. Dərginin bağlanması xəbəri “Yarpaq”ın yaradıcı heyəti adından yazılıb və orada onun üzləşdiyi problemlərə işarə olunub. Məlumatda deyilir: “Bir neçə dəfə növbəti sayımızın buraxılışına təşəbbüs göstərsək də hər dəfə yeni maneələrlə qarşılaşdıq. Nəhayət, “Yarpaq”ın nəşri barədə verilən icazə İranın Mətbuata Nəzarət Şurası tərəfindən ləğv olundu və “Yarpaq” son maneəni aşa bilmədi”.

Təsisçi Eyvaz Tahanın verdiyi məlumata görə, “Yarpaq”ın ofisi Tehrandadır. Amma onun materiallarının böyük hissəsi Təbriz, Ərdəbil, Urmiya və Bakıda hazırlanırmış. “Yarpaq” S.C.Pişəvəri hökumətinin hakimiyyətindən sonra İranda rəsmi icazə ilə bütövlükdə Azərbaycan dilində nəşr olunan yeganə qəzetdir. Bütün qəzet və dərgilərdə fars dilində yazılara geniş yer verilməsi zəruridir və S.C.Pişəvəri hökumətindən sonra “Yarpaq” bu şərtlərə əməl etməyən birinci istisnadır.

“Yarpaq” Azərbaycan mədəniyyəti və Azərbaycan türkcəsinin tədrisi və təbliğilə məşğul olan dərnəklər barədə məlumat və müxtəlif sahələrdə düşüncə yazılarına yer verirdi. Onun sözlərinə görə, əsasən dərgidə ayrıca şeir, satira, karikatura, türk dünyası barədə xəbərlər və sosial elmlər, o cümlədən fəlsəfə və dünya ədəbiyyatına aid mövzulara yer verilirdi.

Təsisçilərin bildirdiyinə görə, “Yarpaq” dərgisi 2004-cü ilin ortalarından, 12 səhifədə və tam Azərbaycan dilində (ərəb əlifbasında) nəşr olunub, azərbaycanlılar, qaşqaylar və xələc türkləri yaşayan bölgələrdə yayılıb.

Fars-molla rejimi uzun illər bu ölkədə azərbaycanlıların iqtisadi, siyasi, mədəni azadlıqlarını əllərindən alıb, məcburi assimilyasiyaya məruz qoyub. Tehran rejimi milli və mədəni hüquqlarını, Azərbaycan türkcəsini tələb edən soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirir.