Çərşənbə, 08 İyl, 2026

DİQQƏT! Ətin qiyməti bahalaşır?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yeni qərarına əsasən, bundan sonra ölkəyə idxal olunan diri heyvanlar yalnız xüsusi təchiz olunmuş, ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. Daşınmada istifadə edilən avtomobillər mütləq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”ndə nəzərdə tutulan tələblərə tam cavab verməlidir.

Yeni qaydaların qüvvəyə minməsi ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bir sıra iqtisadçılar hesab edirlər ki, daşınma xərclərinin artması idxal prosesini bahalaşdıracaq və nəticədə bu əlavə xərc bazarda ətin satış qiymətinə də təsir göstərə, bahalaşmasına səbəb ola bilər.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.

XALİD SON.png (554 KB)

İqtisadçı qeyd edib ki, yeni qərar ölkəyə idxal olunan diri heyvanların qiymətinin bahalaşmasına təsir göstərə bilər:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin heyvan daşınması zamanı beynəlxalq standartların tətbiqinə dair planı qısamüddətli dönəmdə idxal xərclərini artıra bilər və idxal xərclərinin artması da idxal olunan heyvanların qiymətini bahalaşdıra bilər. Burada məsələ ondan ibarətdir ki, heyvanların daşınması zamanı nəqliyyat vasitələrinin ixtisaslaşmış formada olması, üstəgəl, heyvanların daşınma sayına məhdudiyyətin tətbiqi heyvan başına düşən daşıma və logistika xərclərinin artmasına gətirib çıxaracaq. Həm də eyni zamanda həmin ixtisaslaşmış nəqliyyat vasitələri adi nəqliyyat vasitələrinə nisbətən daha baha başa gələcək, çünki onların sayı da məhduddur. Üstəlik, bir maşında daşınacaq heyvan sayının az olması da hər heyvanın üzərinə düşən daşıma xərclərinin artmasına gətirib çıxaracaq. Bu da, təbii ki, idxal qiymətinə təsir göstərəcək. Satıcılar, daşıyıcılar, idxalçılar logistika xərclərinin artımını məhsulun maya dəyərinə daxil edəcəklər. Ən azından növbəti idxal prosesləri zamanı bu xərcləri nəzərə alacaqlar. Sərf edəcəksə, bu işi görməyə davam edəcəklər. Təbii ki, bu, qiyməti artıran faktordur və qısamüddətli dönəmdə idxal qiymətlərini artıra bilər. Daxili bazara nə cür təsir göstərəcək? Pərakəndə qiymətlərə nə cür təsir göstərəcək? Burada bir çox faktorlar var. Təbii ki, idxal olunan heyvanlar və heyvan əti bazarda qiymətlərə təsir göstərir. Amma burada məqam təkcə onunla əlaqədar deyil. Yerli məhsul istehsal olunan heyvan ətinin həcmi də burada əhəmiyyətlidir, rəqabətin həcmi də burada əhəmiyyətlidir. Yəni təkcə idxal xərclərinin artması qiymətlərin avtomatik artmasına səbəb olmaya da bilər. Amma ümumilikdə idxalın bahalaşması qiymətlərin bir qədər yüksəlməsinə təkan verə bilər. Çünki nəzərə alsaq ki, son illər Azərbaycanda ət bahalaşır və idxalda həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanların qiymətlərinin formalaşmasında idxal getdikcə daha çox təsirə malik olur. Eyni zamanda idxalın əhəmiyyətli artımı var. Bu baxımdan müəyyən təsirə malik ola bilər, amma əhəmiyyətli və kəskin artımdan söhbət gedə bilməz”.

İqtisadçı hesab edir ki, qərarın uzunmüddətli perspektivdə müsbət nəticələri də mümkündür:

“O ki qaldı qərarın uzunmüddətli təsirinə, qərar uzunmüddətli dönəmdə baytarlıq xərclərini aşağı salaraq, heyvan itkisini aşağı salaraq, idxalçıların bu istiqamətdə sərf etdikləri xərcləri azalda bilər. Yəni logistika xərclərinin artımının eyni zamanda heyvanların daşınması zamanı ortaya çıxan itkilərin azalması və yaxud baytarlıq xərclərinə qənaət edilməsi formasında kompensasiya kimi müsbət təsirləri də ola bilər”.