Azərbaycanda təcili tibbi yardım xidmətinin daha operativ təşkili məqsədilə avtomobillərin naviqasiya sistemləri ilə təmin edilməsi və briqadaların planşetlərlə təchiz olunması istiqamətində işlərə başlanılıb. Yeni sistem çağırış ünvanlarının avtomatik müəyyənləşdirilməsinə, tibbi briqadaların fəaliyyətinin rəqəmsal idarə olunmasına və xəstələrə daha sürətli yardım göstərilməsinə imkan yaradacaq.
TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım xidmətində rəqəmsallaşdırmanın tətbiqi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Məlumata görə, planşetlərin 30 sentyabr 2026-cı il tarixindən etibarən stansiyalara verilməyə başlanılıb. Hazırda sistem test rejimində tətbiq olunur və bu çərçivədə 1300-dən çox real çağırış icra edilib.
İndiyədək ümumilikdə 56 planşet təcili tibbi yardım stansiyalarına təqdim olunub. Hazırda sistem Nərimanov, Nizami, Xətai, Nəsimi, Binəqədi və Yasamal rayonlarını əhatə edir. Xətai rayonunda sistem stansiyanın 1 və 2 saylı bölmələrində, Binəqədi rayonunda 3 saylı, Yasamal rayonunda isə 2 saylı bölmədə tətbiq olunur.
Qurumdan bildirilib ki, layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində rəqəmsal həllərdən istifadənin genişləndirilməsi, çağırışların icrası prosesinin təkmilləşdirilməsi və xidmətin operativliyinin artırılması hədəflənir. Sistemin ölkə üzrə tam tətbiqinin bir ay ərzində həyata keçirilməsi nəzərdə tutulur. Rəqəmsal həllərin tətbiqi çağırışların icrası prosesinin daha səmərəli təşkilinə və təcili tibbi yardım xidmətinin operativliyinin artırılmasına xidmət edəcək.
Bəs yeni sistem çağırışlara daha operativ cavab verilməsinə necə təsir edəcək? Sistemin ölkə üzrə tətbiqi zamanı hansı çətinliklər yarana bilər və rəqəmsallaşmanın effektivliyini təmin etmək üçün əlavə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb: “Azərbaycanda təcili tibbi yardım xidmətinin rəqəmsal sistemə keçidi prosesinə başlanılıb. Ümumiyyətlə, bu, təkcə təcili tibbi yardım xidmətini əhatə etmir, həm də elektron səhiyyə sisteminin tərkib hissələrindən biridir. Çünki səhiyyənin bütün sektorlarının, bu zəncirin bütün həlqələrinin rəqəmsallaşdırılması planlaşdırılır. Bu, müasir dünyanın tələbidir. Təbii ki, prosesdə təcili tibbi yardım xidmətinin də mühüm rolu var”.
Mütəxəssisin fikrincə, rəqəmsallaşmanın bir neçə istiqamətdə fayda verəcəyi gözlənilir: “Xüsusilə operativliyin artırılması, fəaliyyətin sinxronlaşdırılması və proseslərin optimallaşdırılması baxımından ciddi irəliləyişlərin əldə olunması mümkündür. Bu isə pasiyentlərin çağırışlarının vaxtında və daha dəqiq qiymətləndirilməsinə, tibbi briqadaların xəstələrə çatma müddətinin optimallaşdırılmasına və qısaldılmasına imkan verəcək. Eyni zamanda, müasir süni intellekt imkanlarından istifadə etməklə ilkin diaqnostik qiymətləndirmənin səviyyəsini yüksəltmək, ilkin tibbi yardımın daha adekvat göstərilməsini təmin etmək mümkün olacaq. Bütün bunlar, düşünürəm ki, çoxsaylı insan həyatının xilas edilməsinə, vətəndaşlara vaxtında, düzgün və keyfiyyətli tibbi yardım göstərilməsinə şərait yaradacaq”.
Zülfüqar Yusifovun sözlərinə görə bu məsələdə müəyyən çətinliklər də gözləniləndir:
“Əsas məsələlərdən biri kadr çatışmazlığının aradan qaldırılması və adekvat kadr təminatının yaradılmasıdır. Çünki bu proses tibb işçilərindən rəqəmsal texnologiyalardan düzgün və səmərəli istifadə etməyi tələb edir. Digər tərəfdən, sistemin təqdim etdiyi tibbi-diaqnostik nəticələr əsasında müvafiq müdaxilələrin vaxtında həyata keçirilməsi də tibb işçilərinin peşəkarlığından asılı olacaq.
Bu baxımdan mütəmadi təlimlərin keçirilməsi, eləcə də vətəndaşların təcili tibbi yardım həkimləri və briqadaları ilə düzgün əlaqə qurması üçün maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Çünki bütün bu məsələlər kompleks şəkildə həll olunmasa, sistemin hər hansı bir hissəsindəki boşluq ümumi nəticəyə mənfi təsir göstərə bilər. Düşünürəm ki, bu prosesin tətbiqi zamanı bütün bu detalların dərindən nəzərə alınması vacibdir. Onlar lazımi şəkildə həyata keçirildiyi təqdirdə, yaxın gələcəkdə ölkəmizdə təcili tibbi yardım sahəsində daha böyük uğurlar əldə etmək mümkün olacaq. Bu isə vətəndaşların sağlamlığının qorunmasına əvəzsiz töhfə verəcək”.
Xalidə Gəray,
Musavat.com

