Azərbaycan media məkanında ədəbi dili necə qorumalı?
Bu gün Mətbuat Şurasında “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda tədbir keçirilib.
ARANTV.AZ xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O bildirib ki, MŞ ölkədə fəaliyyət göstərən bütün qəzet və onlayn KİV ilə bağlı monitorinq aparır:
“Əsas məqsədimiz mediada dil normalarının qorunmasını yoxlamaq, tədbirlər həyata keçirməkdir. Əsas istiqamətlərdən biri leksik, qrammatik və s. pozuntularla bağlıdır. Tədbirin əsas məqsədi bu günə qədər görülən işlər haqqında məlumat verməkdir”.
Teleqraf Media Qurumunun rəhbəri Aynur Camalqızı jurnalistikadakı dil problemindən bəhs edib:
“Dilin qaydalarına riayət edən jurnalistlər həddindən artıq azdır. İxtisaslaşmış gənclər də mediada bir müddət çalışdıqdan sonra dövlət qurumlarına üz tuturlar. Son vaxtlar biz jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq edirik. Görürük ki, tələbələr, məzunlar həqiqətən də çox qüsurlu yazırlar. Jurnalistika fakültəsinin rəhbərliyi tələbələrin dərsləri media qurumlarında keçməsini təşkil edə bilərlər. Hətta müəllimlər də gəlsin, biz o şəraiti yaratmağa hazırıq. Çünki zaman sürətlə dəyişir, jurnalistika yenilənir. Sovet dövrünün təsirində qala bilmərik. Yeni medianın tələbləri tamam başqadır.
Xarici mətbuatda müqəddimə sıradan çıxıb. İnsanların vaxtı azdır, saatlarla oturub məqalə oxumaq istəmirlər. Məsələn, rus mediasında bir cümləlik xəbərlər var. İnternet mediası belə qısa və lakonik olmalıdır. Biz Axar.az saytında buna daim əməl etməyə çalışırıq”.
Analitik Elçin Mirzəbəyli bildirib ki, dil normalarının pozulmasının qarşısını almaq üçün onlayn lüğət tərtib olunmalıdır:
“Biz zamanın sürətinə uyğunlaşmalıyıq. İndi konkret iş görməyin vaxtıdır. Normal lüğət tərtib olunmalıdır ki, internet resursları da dərhal istifadə edib, səhvləri düzəldə bilsin. Söhbət sürətdən texnologiyadan və bizim bununla ayaqlaşmağımızdan gedir”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.







