Bakıda iki “ASAN xidmət” mərkəzinin açılışı ilin ikinci yarısında planlaşdırılır
Bu yaxınlarda Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub. İlin ikinci yarısında isə Bakıda iki “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentliyin sədrinin sözlərinə görə, ölkə başçısının Lənkəran, Salyan və Naxçıvanda ilk, Gəncə və Sumqayıtda isə növbəti “ASAN xidmət” mərkəzlərinin tikilməsi ilə bağlı verdiyi tapşırığa əsasən işlər davam edir. Gələn il həmin mərkəzlərin fəaliyyətə başlaması gözlənilir.
Ülvi Mehdiyev ötən ilin dekabrında Şamaxıda, bu ilin fevral və mart aylarında isə Kürdəmir və Tovuzda “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başladığını da diqqətə çatdırıb.
Xatırladaq ki, hazırda ölkəmizdə 18 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox müxtəlif xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.AZƏRTAC

