Əhaliyə səyyar “ASAN xidmət” göstərilir
ARANTV.AZ xəbər verir ki, “ASAN Xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda dövlət başçısının sərəncamına əsasən əhaliyə səyyar xidmət göstərilir. Səyyar “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilən xüsusi avtobuslarından biri sentyabrın 26-dan Göyçaydadır. Burada əhaliyə oktyabrın 15-ə qədər səyyar xidmət göstəriləcək. Ağstafa rayonunun sakinləri də oktyabrın 15-ə kimi səyyar xidmətdən istifadə edə bilərlər. Oktyabrın 20-dək Cəlilabad və Ağdamda, oktyabrın 25-dək Hacıqabulda, noyabrın 3-dək Tovuz və Xudatda əhaliyə səyyar xidmət göstəriləcək. Bu gündən isə Şəkidə səyyar asan xidmət göstərilməyə başlanılıb. Şəkililər bu xidmətdən noyabrın 6-dək istifadə edə biləcəklər. Sabahdan isə Səyyar “ASAN xidmət”in xüsusi avtobuslarından biri Qobu qəsəbəsində olacaq. Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Əsas məqsəd isə dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir.

