Sosial 

Kubra Əliyarlı: Qarşıda gəncliyimizi daha da məsuliyyətli günlər gözləyir

“Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər İli” elan edilməsi də gənclərimizin ictimai-siyasi sahələrdə fəallığının artırılmasına xüsusi töhfələrdən biridir. Bu gün ölkəmizdə güclü və mütəşəkkil könüllülər ordusu var və könüllülük hərəkatı uğurla inkişaf etməkdədir. Bütün beynəlxalq tədbirlərdə, yarışlarda ölkəmizi və xalqımızı xüsusi peşəkarlığı ilə təmsil edən və nizam-intizamı ilə əsl örnək olan gənclərimiz, bununla həm də özlərinin inkişafına və sosiallaşmasına şərait yaradır. Gənclərimizin könüllülük etikasını və məsuliyyətini, insansevərliyini pandemiya dövründə bir daha gördük. Öz sağlamlıqları bahasına belə olsa vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında və onların maarifləndirilməsində dövlətlə sanki əl-ələ verərək ilin qəhrəmanlarına çevrildilər. Ən əsası və ən qiymətlisi isə Vətən müharibəsində xalqımızın azadlıq idellarına könüllü qoşulan, qanı-canı naminə ərazi bütövlüyümüzü bərpa edən könüllü gənc əsgər və zabitlərimizin olmasıdır. Onların fədakarlıqlarının əzəməti və möhtəşəmliyi təkcə 2020-ci ilə deyil, bütün tariximizə sığmaz.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş məsləhətçisi, Gənclər Birliyinin Şura üzvü, Qadınlar Şurasının üzvü Kubra Əliyarlı söyləyib.

Həmsöhbətimiz bildirib ki, gənclərimiz indi tarixin arxivinə atılmış, qüdrətli ordumuzun sayəsində ərazi bütövlüyümüzün bərpa olunması ilə həllini tapan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanında da beynəlxalq tribunalardan xalqımızın haqq səsini ucaldıb: “Bütün dünyanı sülhə, barışa əhəmiyyətli töhfələr verərək, ədalətə dəstək verməyə çağırışlar edib. Zaman-zaman diskussiyalarda, müxtəlif aksiyalarda Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə əvəzsiz səylər göstərib. İstər real, istərsə də virtual aləmdə əcnəbilərlə müzakirələrdə onları tarixi faktlarla yaxından tanış edərək münaqişənin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyini və qətiyyətini sübut ediblər. Tarixi torpaqlarımızın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunması üçün bu ilin 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncləri misli görülməmiş qəhrəmanlıq dastanı yazdı, adını tariximizin şanlı səhifələrinə əbədi həkk etdi.”

K.Əliyarlı qeyd edib ki, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Şuşa şəhərinə səfəri zamanı gənc nəslin ünvanına səsləndirdiyi fikirlər Vətən müharibəsinin qalibiyyətində gənc əsgər və zabitlərimizin qəhrəmanlığını bir daha sübut etmiş olur. Cənab Prezidentin fikirlərinə istinad edərək bildirmək istərdim ki, həqiqətən son 17 ildə ölkəmizdə yetişməkdə olan gənc nəsil öz savadı, intellektual hazırlığı, dünyagörüşü, cəsarəti, ən əsası isə dövlətinə, Vətəninə və millətinə bağlılığı ilə əsl örnəkdir. Bu mənada, döyüşdəki zəfərimiz də məhz hazırlıqlı, yüksək peşəkar, təhsilli əsgər və zabitlərimizin sayəsində qazanıldı. Vətən müharibəsi zamanı Qarabağın Azərbaycan gəncliyi üçün nə qədər əvəzedilməz olduğunu bütün dünya gördü. Mən Vətən müharibəsində qələbə qazanmağımızda zəhməti olan bütün gənclərimizlə qürur duyuram, onlar hər zaman bizim üçün əsl qəhrəmanlıq nümunəsidir.

Həmsöhbətimiz vurğulayıb ki, qarşıda gəncliyimizi daha da məsuliyyətli günlər gözləyir: “Vətən müharibəsindəki zəfərimiz bizi daha böyük islahatlara, ideyalara sövq etməlidir. İndi önümüzdə Qarabağımızın dirçəldilməsi kimi müqəddəs missiya dayanır. Erməni işğalçılarının əsarətindən xilas edilən torpaqlarımız tamamilə darmadağın edilib, şəhərlərimiz, kəndlərimiz misli görülməmiş vandalizmə və amansız şəhər soyqırımına məruz qalıb. Bütün tarixi, dini, mədəni abidələrimizə qarşı terror siyasəti həyata keçirilərək izlərimizin oradan silinməsinə cəhdlər edilib. Bu baxımdan Qarabağımızı işğaldan azad edən gənclərimiz onun inkişafında, tərəqqisində də yaxından və fəal şəkildə iştirak etməlidir. Qürurlu və fədakar gənclərimizin bu missiyada da uğurla təmsil olunacağına inanıram.”

Sonda Kubra Əliyarlı söhbətimizə bu fikirləri  yekun vurdu: “Bütün ləyaqətli, dövlətinə, Vətəninə və xalqına bağlı olan, onu göz bəbəyi kimi qoruyan gənclərimizi, xüsusilə gənc əsgər və zabitlərimizi 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edirəm. Onlara doğma Azərbaycanımızın çiçəklənməsi, dirçəlməsi yolundakı yorulmaz fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirəm.”

 

 

 

Daha çox xəbərlər