Cəbhədən Xəbər 

Dünyanın hər yerindən görünən qüdrətli Azərbaycan

Prezident İlham Əliyev: «Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır»

Azərbaycan Ordusunun 44 günlük tarixi Qələbəsindən sonra regionda ciddi proseslər baş verir. Həmin proseslərin önündə isə qüdrətli və qalib Azərbaycan dövləti və Müzəffər Ali Baş Komandanımız yer alır. Bəli, bu gün regionda davamlı sülh, möhkəm sabitlik üçün yeni imkanlar yaranıb. Xüsusilə, Zəngəzur dəhlizinin açılması və yeni nəqliyyat -kommunikasiya xətlərinin yaradılması, qarşılıqlı ticarət imkanlarından faydalanmaq bütün tərəflərə ilk növbədə iqtisadi dvidentlər vəd edir.

Hətta bu müsbət dinamikada Ermənistan da proseslərin tərkib hissəsi ola bilər. O halda ki, 2020-ci ilin 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Bu durumu elə erməni xalqı da müsbət qarşılayır. Ona görə də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi «Vətəndaş müqaviləsi» partiyası səslərin çoxunu qazandı. Yəni erməni xalqı onu rəzil gününə qoyan şər qüvvələr arasından nisbətən «yaxşısını» seçdi.

Səbəblər də bəllidir: Paşinyanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra verdiyi açıqlamalar ölkə əhalisinin mütləq əksəriyyətinin razılığına səbəb olub. Belə ki, Paşinyan xalqa müraciətlərində yeni reallıqlarla barışmağa məcbur olduqlarını söyləyirdi. O anlatmağa çalışırdı ki, ölkənin düşdüyü bu ağır durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Yəni, regiondakı kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır.

Erməni xalqının bu seçimi təsdiq etdi ki, ölkə ictimaiyyəti Azərbaycanın şərtlərinin qəbul edilməsinin tərəfdarıdır. Əgər hakimiyyət geri addım atarsa, 10 noyabr Bəyanatındakı şərtlərin yerinə yetirilməsindən imtina edərsə, Ermənistan bu tarixi şansı itirəcək və reallaşası layihələr yenə də bu ölkədən yan keçəcək ki, bu da ölkə üçün daha da böyük problemlər yaradacaq.

Dünya həmişə güclülərin yanındadır

Tarixi Qələbəmizdən sonra Azərbaycanın geosiyasi nüfuzu da əhəmiyyətli şəkildə artıb. Bəli, bu, sadə həqiqətdir-dünya həmişə güclülərin yanındadır. Güclü dövlətin sözünün çəkisi də həmişə kəsərli olur. Əgər son 29 ildə Ermənistan BMT-nin məlum dörd qətnaməsinə əməl etmirdisə və ATƏT-in Minsk qrupu münaqişəyə ikili standartlarla yanaşırdısa 44 günlük möhtəşəm Zəfərimizdən sonra artıq qüdrətli Azərbaycanın həmin təşkilatların sabun köpüyü olan qərar və qətnamələrinə ehtiyacı qalmadı. Çünki bölgədə tarixi qərarları və qətnamələri yazan və reallaşdıran qüdrətli Azərbaycan Ordusu oldu. İndi Azərbaycan dövləti dünyanın hər yerinədən görünən möhtəşəm güc və qüdrətdir.

Bu gün ölkəmizlə daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Bu önəmli faktı Prezident İlham Əliyev də iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə «Gülüstan» sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı xüsusi qeyd edib: «Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq».

İndi qalib Azərbaycan regionda oyun qaydalarını özü müəyyənləşdirir

Bir sözlə, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu ciddi şəkildə möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir.

Qarabağın düşmən tapdağından təmizlənməsindən sonra regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları da çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərir.

Prezident İlham Əliyev hər çıxışında, müsahibəsində, görüşlərində yaranmış reallıqları dəyərləndirməklə regionun gələcək inkişafı üçün real imkanların mövcudluğunu göstərir və qeyd edir ki, bu durum ilk növbədə bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir.

Daha çox xəbərlər