Əsas səhifə 

Bizim təklifimiz qalib ölkənin, güclü tərəfin, müzəffər xalqın təklifidir

Dövlət başçısı İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və  müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha  Ermənistanın sülh razılaşması ilə bağlı mövqeyinə diqqəti yönəldərək işğalçı dövlətə mesajlarını ünvanladı

Prezident  İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və  müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından geniş bəhs edərək bir daha bildirmişdir ki, onların qəhrəmanlğı sahəsində 30 ilin işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Azərbaycan xalqı 30 ildə bir amalla yaşayırdı: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək: «Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi.»

Dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı  sayəsində torpaqlarımız tarixi sahibinə qayıtdı. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  30-a yaxın xarici mətbuata müsahibələrinin birində «Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu» sualını cavablandırarkən söylədiyi fikirləri xatırlamaq istərdik: «Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir… Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.»

Azərbaycan Vətən oğullarının qanı, canı bahasına ərazi bütövlüyünü  təmin etdi, xalqımızın 30 illik torpaq həsrətinə, nisgilinə son qoydu. Ermənilərin illərdir yaratdıqları «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu təsdiqlədi. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməyən erməni əsgəri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Azərbaycan Ordusunun 44 gündə  məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikanın, silah-sursatın statistikası  mütəmadi  olaraq ölkə Prezidentinin xalqa müraciətlərində öz əksini tapdı. Sonda isə tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradında həmin qənimətlər nümayiş olundu. Onu da qeyd edək ki, cənab İlham Əliyevin təşəbbüsü ilə Bakının Xətai rayonunda açıq səma altında Hərbi Qənimətlər Parkı yaradılıb. Bu park ümumilikdə Azərbaycanın Zəfərə gedən yolunun, Ermənistan ordusunun zəifliyinin aydın mənzərəsini yaradır. Məhv edilmiş, yaxud qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikası, silah-sursatı həmin parkda ziyarətçilərə nümayiş olunur.

Hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. İkinci Qarabağ müharibəsi  Azərbaycan xalqı üçün  azadlıq, Ermənistan üçün isə işğalçılıq müharibəsi oldu. Cənab İlham Əliyevin Vətən müharibəsinin getdiyi dövrlərdə informasiya mübarizəsinin əsas tərkib hisssi kimi dəyərləndirilən çoxsaylı müsahibələrində  qeyd etdiyi  kimi, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçuları isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar. Onların torpaqlarımızdan rədd olub getmələri cənab İlham Əliyevin bütün çıxışlarında, müraciətlərində öz əksini tapırdı.  «Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik» söyləyən cənab İlham Əliyev  qeyd olunan mərasimdəki  çıxışında vurğulamışdır ki,  3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı, eyni zamanda,  videotəqdimatlarımız, ermənilərin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası göstərir. Azərbaycan Ordusu  336 düşmən tankını ya məhv edib, ya da qənimət kimi götürüb. Yüzlərlə zirehli texnika,  hava hücumuna qarşı müdafiə sistemləri, böyük sayda artilleriya qurğuları məhv edilib: « Bu, nəyi göstərir? Bizim hərbçilərimizin qəhrəmanlığını, peşəkarlığını göstərir. Planlaşdırılan əməliyyatların düzgünlüyünü göstərir. Bir daha demək istəyirəm, hər bir əməliyyatı planlaşdırarkən deyirdim ki, itkilər minimum olsun.»

10 noyabr razılaşması bu itkilərin qarşısını aldı,  minlərlə gəncin həyatını qorudu. Ermənilər işğal edilmiş torpaqlarımızda elə istehkamlar qurmuşdular ki, düşünürdülər onları dağıtmaq mümkün olmayacaq.  Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Azərbaycan Ordusuna «hücum» əmrini verən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəni hansı halda dayandırıla biləcəyini də bəyan etmişdir.  Silahlı Qüvvələrimiz 10 noyabr Bəyanatının imzalanmasına qədər 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin  işğaldan azad olunmasına nail oldu. Noyabrın 8-də Qarabağın ürəyi, musiqi beşiyimiz Şuşanın işğaldan azad edilməsi Ermənistanın kapitulyasiya aktını imzalamasında həlledici rol oynadı. Müharibə dövründə aparılan işlərin  tam dəqiqliyini önə çəkən cənab İlham Əliyev bildirir ki,  vaxtında hər şeyi etdik, vaxtında dayandıq. Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik.

Azərbaycan dünyanın hərb tarixinə yeni səhifə yazdı. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər. Bir sözlə, İkinci Qarabağ müharibəsi  şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Dövlət başçısının bildirdiyi kimi, bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Bütün güclər bir məqsəd üçün  səfərbər olmuşdur-Torpaqlarımızı işğaldan azad edək.  Hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat,  vətənpərvərlik hissi, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər oldu.

Artıq  quruculuq, postmünaqişə dövrü başlayıb. Cənab İlham Əliyevin Sərəncamı əsasında «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Bu sənədə uyğun olaraq Böyük Qayıdışın tezləşməsi üçün zəruri olan addımlar atılır. Həmçinin cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin «yaşıl enerji» ərazisinə çevrilməsini hədəfləyib. Bu ərazilərdə təkmil idarəçilik sistemi yaradılır. O da məlumdur  ki, cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə  Prezidentin xüsusi nümayəndəliyinin yaradılması ilə bağlı Sərəncamına əsasən ilk olaraq Qarabağın ürəyi Şuşaya, sonra isə Ağdama Prezidentin Xüsusi nümayəndəsi təyin edildi. Bu günlərdə cənab İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünə dair Fərmanı da bir çox məqamlara aydınlıq gətirdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Dağlıq Qarabağ adlı ərazi vahidinin yoxluğu deməkdir. Cənab İlham Əliyev məlum nitqində bildirmişdir ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir: «Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. İyunun 26-da Silahlı Qüvvələr Günündə mən öz açıqlamalarımda bunu demişəm. Biz ordumuzla bağlı yeni planları həyata keçiririk.»

Bölgədə yeni reallıqlar yaradan Azərbaycan sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etmək, iqtisadi əlaqələrin qurulması üçün ciddi səylər göstərir. Azərbaycan tərəfin ermənilərin illərdir  törətdikləri faciələri, soyqırımı aktlarını, vəhşilikləri tarix boyu unutmayacağını bildirməklə yanaşı, qarşı tərəfə-işğalçı Ermənistana keçmişi unudub gələklə yaşamağa çağırış edir. Ermənistana təkmil sülh modleini təklif edən Azərbaycan bugünədək qarşı tərəfdən heç bir addımın atıldığını görmür. Ermənistan hələ buna hazır olmadığını bildirir. Dövlət başçısı məlum çıxışında «Biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur» söyləyərək bildirir ki, Ermənistanın  buna hazır olmaması  böyük bir səhv olacaq.  Azərbaycanın təklifi yeni real vəziyyətə əsaslanır. Azərbaycan tərəfi münaqişənin həll olunduğunu düşünür və bunun üçün  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin olmasından bəhs edir. Görünur, Ermənistan müharibənin hələ bitmədiyini düşünür. Əgər bu düşüncə ilə yaşayırsa, 44 günlük Vətən müharibəsindən aldığı dərsi xatırlasın. Azərbaycanın dünyaya səs salan «Dəmir yumruğu» hər zaman yerindədir. Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla nə qədər tez barışsalar bir  o qədər işğalçıya kömək olar. Bu baxımdan ki, işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan, iqtisadi  böhran içərisində çabalayan, dünyanın kasıb ölkələri sırasında ön yerdə dayanan Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra vəziyyəti daha da ağırdır. Azərbaycan tərəfinin təklif etdiyi sülh razılaşması, altılıq platformaya qatılmaq təklifi  onu bu vəziyyətdən xilas edə bilər.  «Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər» söyləyən cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu, qalib ölkənin, güclü tərəfin, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də peşman olacaqlar: «Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar.»

Göründüyü kimi, tarixi Zəfərimizdən 8 ay keçməsinə baxmayaraq, hər an onun yaratdığı sevinci yaşayır, yeni reallıqlar fonunda Azərbaycanın qalib, diktə edən ölkə kimi mövqeyinin möhkəmlənməsindən, təşəbbüslərindən qürur duyuruq. Azərbaycan hər zaman  irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə regionda, dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verib. Dağlıq Qarabağ münaqişəsini vaxtilə regionda inkişafa, tərəqqiyə böyük maneə kimi dəyərləndirən dövlətlər, beynəlxalq təşkilatlar yaxşı olar ki, bu gün  sözlərinin əməlləri ilə vəhdətini yaradaraq Ermənistanı təklif olunan sülh razılaşmasını qəbul etməyə məcbur etsinlər. Amma görünür, bu, həmin dövlətlərin də maraqlarına uyğun deyil. Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və nəyə görə də tanımalıdır.

Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, 2022-ci ilin yanvarında dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq  birinci dəfə Zəngilanın  Ağalı kəndində həyata keçirilən «ağıllı kənd» layihəsinin başa çatması ilə soydaşlarımızın Böyük Qayıdışına başlanacaq.

Daha çox xəbərlər