Gündəm 

Türkiyə-Azərbaycan qardaşlığına YAP-AKP birliyi öz töhfələrini verir

Qarşılıqlı səfərlər, Şuşa Bəyannaməsindən və niyyət protokolundan irəli gələn vəzifələrin uğurlu icrası perspektivlərə işıq salır

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvədədir. İki  dost, qardaş ölkənin müttəfiqlik sənədini Qarabağımızın tacı Şuşada imzalanması qürurverici olmaqla yanaşı, dünyaya mesaj oldu.

15 iyun 2021-ci il  Azərbaycan tarixində tarixi gün kimi qalacaq. 30 ildən sonra Qarabağımız qonaqlarını qarşılayır, həmçinin tarixi sənədin imzalanmasına şahidlik edir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən cənab İlham Əliyev, eyni zamanda bildirmişdir ki, işğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Hər bir şəhərin, kəndin dəyəri o biri şəhərlər, kəndlərlə müqayisədə eynidir.  Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi bir yeri var”. Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna çalışmalı və nail olmalıyıq”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində buna nail olduq.  Ölkə Prezidentinin bu sevinci Şuşaya çoxsaylı səfərlərində, özünün təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iki gün davam edən  «Xarıbülbül» festivalında iştirakı zamanı, eyni zamanda, qardaş ölkənin Prezidentini musiqi beşiyimizdə  qarşılayarkən, bərpa və quruculuq işlərinə başlayarkən ilk olaraq Qarabağın tacında  Prezidentin xüsusi nümayəndəliyinin yaradılmasında və sair kimi biri-birindən önəmli addımlarda daha qabarıq şəkildə özünü büruzə verir. Bu baxımdan Şuşa Bəyannaməsi həm  mahiyyət, həm perspektiv baxımından, həm də imzalandığı məkana görə önəmlidir.  Sözsüz ki, bu Bəyannamə gələcəkd   ə  dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Sənəddə qeyd olunur ki,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Şuşa Bəyannaməsinin  Milli Qurtuluş Günü ilə yanaşı, Qarabağ, Zəngəzur üçün çox vacib sənəd olan  Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin də xüsusi rəmzi mənası var. Təsadüfi deyil ki, Şuşada  Türkiyə Prezidenti ilə Bəyannamə imzalayarkən  dövlət başçısı İlham Əliyev  hər kəsə  Qars müqaviləsini xatırlatdı:  “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır.»

Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. Amma bu gün baş verən proseslər tamamilə fərqlidir. Çünki  o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün bölgədə  yaranmış yeni reallıqlar Azərbaycan dövlətinin qələbəsi deməkdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Heydər Əliyev siyasətinin uğurla davam etdirərək Azərbaycanı son 18 ildə zirvələrə yüksəltməsi, ölkəmizin hər sahədə təcrübəsinin nümunə göstərilməsi, əldə olunan uğurlarla kifayətlənməyərək irəli addımlamağımız nəticəsində  xalqımız  100 il sonra tarixi ədaləti bərpa etdi. Dünyaya sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən məfhum var və onların zamana, məkana görə tətbiqi uğursuzluqlara yol açır. Bu gün işğalçı dövlətin timsalında bunu aydın şəkildə görürük. Baxmayaraq ki, himayədarları Ermənistana 30 ilə yaxın dövrdə  danışıqları imitasiya naminə aparmaq üçün dəstək funksiyasını yerinə yetirirdilər, sonda  işğalçı dövlət bugünkü  vəziyyətə düşəcəyini çox yaxşı bilirdi. Azərbaycan ən yüksək tribunalardan bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Həmçinin bu bəyanat da səsləndirilirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

Vətən müharibəsi həqiqət anı olaraq  dövlətlərin münasibətlərinə də  aydınlıq gətirdi. Dost, ən əsası haqqın, ədalətin  tərəfində olan dövlətlər Azərbaycanı dəstəklədi. Qardaş Türkiyə ölkəmizə mənəvi və siyasi dəstəyi ilə bugünkü Zəfərimizdə mühüm rol oynadı. Bu sırada Pakistanın da dəstəyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir.

Bir sözlə, Prezidentlər  İlham Əliyev və  Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.  15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi.  Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesajdır.  Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. Ümumilikdə  bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın nümunəsidir.

Şuşa Bəyannaməsinə, Zəfərimizin yaratdığı reallıqlara  nəzər salmağımız səbəbsiz deyil. Bu günümüzün əsas çağırışlarından biri    Azərbaycanla dost, qardaş ölkələrin bütün sahələrdə əməkdaşlıqlarını  genişləndirməsi, əlaqələrin inkişafına bütün istiqamətlər üzrə töhfələrin verilməsidir.  Ölkələr arasında əlaqələrin inkişafında hakim partiyaların rolu inkaredilməzdir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. İyun ayında Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəsmi Ankaraya səfəri çərçivəsində hakim partiyalar arasında niyyət protokolunun imzalanması əməkdaşlığın  inkişafına böyük töhfə kimi dəyərləndirildi.

Cari ildə qarşılqlı səfərlərlə yanaşı,  hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin tələblərinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında  videoformatda da  konfranslar  keçirilib. 2021-ci ilin əvvəllərində  keçirilən “Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları” mövzusunda birgə konfransda  hər iki ölkənin hakim partiyaları arasında yeni layihəyə start verildiyi vurğulanmışdır.  Bu layihə çərçivəsində hər iki partiya ölkələrimiz arasında münasibətlərə, əməkdaşlığa həsr olunmuş müxtəlif tədbirlər, konfranslar keçirəcək.

Bu məqam xüsusi qeyd edilir ki,  2020-ci il təkcə Azərbaycan  deyil, bütövlükdə türk dünyası üçün əlamətdar il oldu. Bu Qələbənin əldə olunmasında bizə böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu  qeyd edilir. Qeyd etdiyimiz kimi, bu qardaşlığın simvolu Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisində  çox aydın ifadə olunur. Dünyada elə iki dövlət tanımaq olmaz ki, onlar arasındakı dostluq Türkiyə və Azərbaycan arasında olan dostluq və qardaşlıq qədər saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlər boyu sınaqlardan çıxıb. Çanaqqala döyüşündə xalqlarımızın çiyin-çiyinə döyüşməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad etmək üçün ölkəmizə gəlməsi bu sınaqlardandır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərinin bir daha təsdiqi oldu.

AKP Sədrinin birinci müavini Numan Kurtulmuş  Zəfərdən sonra keçirilən ilk konfransda bu xatırlatmanı etmişdir ki,  partiyalar arasında bundan əvvəl keçirilən konfrans zamanı müharibə davam edirdi. Biz o zaman bu müharibənin Azərbaycanın zəfəri ilə başa çatacağına inamımızı ifadə etmişdik. Belə də oldu. Qələbə münasibətilə qəhrəman Azərbaycan Ordusunu, Azərbaycan xalqını təbrik edirik. Qarabağın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Türkiyə Azərbaycanın haqlı mübarizəsində daim onun yanında oldu. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan zəfər qazandı. Bundan sonrakı dövrdə görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək”. Qarabağ zəfəri ilə regionda yeni dövr üçün əməkdaşlıq baxımından qapılar açıldı. Bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə xüsusilə əhəmiyyətlidir. Belə həssas dönəmdə Azərbaycan və Türkiyə xüsusilə güclü olmalıdır.  YAP ilə AKP arasında əməkdaşlığın daha da güclənəcəyinə əminik.

Münasibətlərində yeni mərhələnin başlandığı Yeni Azərbaycan Partiyası ilə Tüurkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, səfər çərçivəsində keçirilən görüşlərdə yeni istiqamətlər üzrə əlaqələrin inkişafı məsələlərinin müzakirə olunması diqqətdən kənarda qalmır.   Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də səfəri çərçivəsində keçirilən görüşlərdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunaraq  qeyd olunmuşdur ki,  dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Görüşlərdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparılaraq  ümumi razılıq əldə edilmişdir.  Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı  iki qardaş ölkənin hakim  partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilərək  perspektivlərin müzakirə əsasında  YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır.

İyulun 25-də isə  Yeni Azərbaycan Partiyasının dəvəti ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Dövlət başçısı İlham Əliyev  nümayəndə heyətini qəbul etdi, həmçinin  YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri  Tahir Budaqovla  görüş keçirildi.  Azərbaycan-Türkiyə münasibətlərinə bu günümüzdən baxış keçirilərək iki dost, qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanmışdır. Hakim partiyalar arasında əməkdaşlıq bütün dövrlər üçün aktual olub və bu gün də bu istiqamətdə mühüm addımlar atılır. Təbii ki, istər iki qardaş ölkə arasında, istərsə də YAP ilə AKP arasında əlaqələrin  inkişafında ölkə liderlərinin şəxsi münasibətləri əhəmiyyətli rol oynayır.

Cənab İlham Əliyev Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətini qəbul edərkən  partiyalar arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini  çatdırmışdır. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.

Keçirilən görüşlərdə, mətbuata açıqlamalarında  “Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik» deyən Numan Kurtulmuş hər iki partiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Pandemiya şəraitində partiyalarımız arasında  üç onlayn konfransın keçirilməsi önə çəkilib.

Səfər çərçivəsində Ədalət və İnkişaf Partiyasının gənclər və qadınlar qolunun rəhbərləri ilə   Azərbaycan gənclərinin və qadınlarının görüşü keçirildi. Tərəflər  əməkdaşlıq  əlaqələrinin perspektivlərini müzakirə edərək qarşılıqlı səfərlərin təcrübə mübadiləsinin aparılmasında  əhmiyyətli rol oynadığı bildirmişdilər.

Səfər çərçivəsində diqqət çəkən mühüm məqam iyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı əsasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirildi. Konfrans adından da göründüyü kimi, bir çox məqamları özündə ehtiva edir. Əsas olan Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icrasında  hakim partiyaların töhfələri, həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün dövrün tələbi ilə  vəhdət təşkil edən çağırışların səsləndirilməsi və onlara nail olmaq üçün birgə addımların atılmasıdır.  Milli-mənəvi dəyərlərə saliqliyə edilən çağırış bir daha belə bir reallığın təsdiqidir ki,  hər bir dövlətin, xalqın varlığının, kimliyinin təqdimatında milli-mənəvi dəyərləri əhəmiyyətli rol oynayır. Onları qorumaq, gələcək nəsillərə çatdırmaq, inkişaf etdirmək prioritet olmalıdır. Konfransın məhz  Gəncədə keçirilməsi də səbəbsiz deyil.  44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri  Tahir Budaqov qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.  İki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığını vurğulayan T.Budaqov konfransın Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək bildirmişdir ki,  tarixən Gəncə Azərbaycanın milli istiqlal mübarizəsində, azadlıq və azərbaycançılıq ideyalarının həyata keçməsində müstəsna xidmətləri olmuş şəhərlərimizdəndir.

Tərəflər səfərin yekunlarına dair mətbuat konfransında ümumi olaraq bu fikri ifadə etmişdilər ki, Şuşa Bəyannaməsi qardaş ölkələr arasında gələcək əməkdaşlıqların və əlaqələrin yeni müstəvidə inkişafına zəmin yaratdı.

Təhlillər bir daha bu reallığı nümayiş etdirir ki, Azərbaycan və Türkiyə birliyi, qardaşlığı əbədidir, qarşıdakı illərdə  daha da inkişafı üçün möhkəm baza mövcuddur.  İki qardaş ölkənin qətiyyəti, siyasi iradəsi əsasında reallaşan layihələr  ölkələr, xalqlar arasında dostluq körpüsünü möhkəmləndirir. Məhz Şuşa Bəyannaməsində bütün sahələri əhatə edən əməkdaşlığın prioritetləri öz əksini tapıb. Bu günümüz üçün əsas çağırış həqiqətlərimizin təbliği, erməni yalanlarına qarşı səylərimizin birləşdirilməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər arasında iki dost ölkənin media sahəsində əməkdaşlığına dair Anlaşma Memorandumu da xüsusi yer tutdu.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hazırkı reallıqların tələblərinə uyğun olaraq  parlament diplomatiyasından da bəhrələnmək prioritet məsələdir. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birgə toplantısı keçirilərək Bakı Bəyannaməsi qəbul olundu. Bu sənəd üç dost, qardaş ölkənin əməkdaşlığı  üçün geniş imkanlar açacaq.

Bu gün dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının möhkəmliyindən, nümunə olmasından  danışır. Türkiyədə meşə yanğınlarının və fəsadlarının aradan qaldırılması üçün Azərbaycandan dost, qardaş ölkəyə dərhal göstərilən dəstək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən də  yüksək dəyərləndirilir. Qardaş ölkənin vətəndaşlarının dilindən səsləndirilən «Can Azərbaycan bizimlədir» kimi fikirlər dostluğumuzun, birliyimizin hər iki ölkənin sadə insanları tərəfindən belə necə sevinclə qarşılandığını nümayiş etdirir. Birliyimiz sayəsində bu çətinlikdən də çıxacağıq.

Daha çox xəbərlər