Əsas səhifə 

Mehriban Əliyeva: Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirməyi bacaran ölkədir

İnsan kapitalının inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritet məsələsidir

Dövlət başçısı İlham Əliyev dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edərək bildirir ki, bu ölkələri inkişaf etdirən təhsildir, elmdir və yeni texnologiyalardır. 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən cənab İlham Əliyevin bu illər ərzində qeyd olunan istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir.

Buna əmin olmaq üçün təkcə son illərdə görülən işlərə nəzər salmaq kifayətdir.  İstər pandemiyadan əvvəl, istərsə də  pandemiya dövründə təhsilə diqqət və qayğı öz prioritetliyi ilə diqqət çəkib. Ölkəmizdə  aparılan təkmil  islahatlar təhsil sektoruna da  müsbət təsir göstərir. Təhsil üzrə strategiya və proqramlar qəbul edilib. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident  İlham Əliyev son 18 ildə neft kapitalını insan kapitalına çevirmək istiqamətində atdığı addımlarla təhsilin-elmin-iqtisadiyyatın  vəhdətini yaratmış, yeni texnologiyaların  ölkənin hərtərəfli inkişafında rolunu önə çəkmişdir.

Təhsilin  keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə, infrastrukturun tam yenilənməsinə göstərdikləri diqqət və qayğı nəticələrdən də aydın görünür. Hər yeni tədris ili onlarla yeni məktəbin tikintisi və əsaslı təmiri ilə yadda qalır. Artıq 2021-2022 tədris ilinin başlanmasına bir ay qalıb. Dövlətimizin başçısı, eyni zamanda,  paytaxt və bölgələrdə  qəzalı vəziyyətdə olan bütün məktəblərin tamamilə yenidən qurulmasını qarşıya əsas məqsəd kimi qoyur, mütəmadi olaraq görülən işlərlə yaxından tanış olmaq üçün həmin məktəblərdə olur.

Təhsilin  keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımlar sırasında  müxtəlif regionlarda modul tipli məktəblərin inşasını qeyd etməliyik. Bu gün Azərbaycanın ən ucqar bölgələrində, kənd və qəsəbələrində  quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir. Həmçinin modul tipli məktəblər   mürəkkəb  relyefə malik olan  ucqar kəndlərdə, qəsəbələrdə   qəzalı,  istismar müddəti başa çatmış məktəb problemini də  tamamilə aradan qaldırır. Yenə də göründüyü kimi, əsas məqsəd  məktəblilərə dərin biliklərə yiyələnmək, öz bacarıqlarını ortaya qoymaq üçün lazım olan şəraiti yaratmaqdır. Bu günün əsas tələblərindən biri də məktəblərin kompüterləşdirilməsidir. Məhz son illərdə bu sahədə əldə olunan uğurlar pandemiya dövründə distant təhsilə geniş imkanlar yaratdı. 2020-2021-ci tədris ilinin ilk günündə Quba, Xaçmaz,  İsmayıllı,  Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy,  Bərdə, Neftçala, Cəlilabad, Astara, Lerik rayonlarında modul tipli  məktəblər istifadəyə verildi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər də təhsilin inkişafına yönələn addımların tərkib hissəsidir. Bu layihə çərçivəsində 2 mindən artıq  məktəb tikilib, yaxud əsaslı təmir olunub.

Ölkədə ali təhsil sistemində xeyli islahatlar aparılıb. Tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub.    Dövlət başçısı bugünümüzün və gələcəyimizin  təhsillə bilavasitə bağlı olduğunu önə çəkərək ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımların  təhlili fonunda hədəfləri də açıqlayır: Təhsildə islahatlar dərinləşməlidir.

Ölkə Prezidenti  İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları da hədəflərə yüksək səviyyədə nail olmağa, ali təhsil sisteminin rəqabətliliyinin artırılmasına xidmət edir. Beynəlxalq əlaqələrin inkişafı, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsi fonunda təhsil sistemini daha da təkmilləşdirmək mümkündür.

Bu uğurlar fonunda dövlət başçısı İlham Əliyev  «Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz» söyləyərək diqqəti həmin məsələlərə yönəldir.  Qeyd etdiyimiz kimi, təhsilin keyfiyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulur. Baxmayaraq ki, bu gün təhsilimizin keyfiyyətinin yüksək olduğunu  müxtəlif reytinqlər də təsdiqləyir. Amma dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbayanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Təhsilin keyfiyyətinin artırılmasında əlbəttə, əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığı ilə sıx bağlıdır.  Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər.

Cənab İlham Əliyev  gənclərin xarici təhsilinin prioritetliyini önə çəkərək bu məqsədlə təsdiqlənən və icrasını uğurla başa çatdıran, yaxud icra edilən Dövlət proqramlarından bəhs edir. 2021-ci ilin 1 iyul tarixinə olan məlumata əsasən, aktivlərinin həcmi  44 104,9 mln. dollar olan  Dövlət Neft Fondunun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə xarici təhsilin, dünya təhsil sisteminə inteqrasiyanın  dövlət siyasətinin əsasını təşkil etdiyi daha aydın şəkildə özünü göstərir. Artıq gənclərin xarici təhsili ilə bağlı Dövlət Proqramının icrası başa çatıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına Dövlət Neft Fondundan  5,5 mln manat vəsait ayrılıb.  Xaricdə təhsil alan gənclərin elmin dərinliklərinə yiyələndikdən sonra əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır.  Dövlətimizin başçısı “Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik» sualına cavab olaraq bildirir ki,  Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır: «Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər.»

Azərbaycanın ev sahibliyi etdiyi, hazırkı dövrdə pandemiyanın tələblərinə uyğun olaraq videoformatda keçirilən    beynəlxalq  tədbirlər   ölkəmizin bu və ya digər sahələrdə  malik olduğu imkanların,  elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının,  ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında  əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur.  «Ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini  şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki,  onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.  Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşmalar Azərbaycanda tətbiq edilməlidir. «Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır» söyləyən  cənab İlham Əliyev onu da qeyd edir  ki, biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Yenilikçi,  müasir dünyagörüşə malik gənclər  qarşıya qoyulan hədəflərin gerçəkləşməsində fəal iştirak etmək, öz potensial imkanlarını ortaya qoymaq imkanlarına malikdirlər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərinə təbrikində də  bu məqamları xüsusi qeyd etmişdir ki, müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur. İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib.

Təbrikdə o da vurğulanır ki, Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirməyi bacaran ölkədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, bir çox göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik.

“Yüksəliş”  müsabiqəsinin zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan olduğunu önə çəkən Mehriban xanım Əliyeva bu əminliyi də ifadə edir ki,  Azərbaycan gəncliyi dövlətimizin daimi diqqət və qayğısı altında tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrini verəcəklər.

Təbii ki, bu gün Azərbaycan inkişafın yeni mərhələsindədir. Zəfərimizin yaratdığı yeni reallıqlar yeni çağırışları diktə edir. Dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz müasir standartlara, yeni tələblərə uyğun bərpa olunur, yenidənqurma işləri həyata keçirilir. Bu ərazilərimizdə təkmil idarəçilik sistemi yaradılıb. Təqdim olunan Ağdamın Baş Planına diqqət yetirməklə digər işğaldan azad olunmuş ərazilərimizin mənzərəsini təsəvvür etmək mümkündür. Azərbaycan qarşıya qoyulan bu hədəflərə yüksək səviyyədə nail olmaq üçün  bütün imkanlara, o cümlədən kadr potensialına malikdir. Yaxın zamanlarda Böyük Qayıdışın sevincini yaşayacağıq. Ölkəmizin hərtərəfli inkişafı üçün daha geniş imkanlar açılır.

Daha çox xəbərlər