Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir – Prezident İlham Əliyev
«CNN Türk»ə müsahibəsində iki qardaş ölkənin əbədi qardaşlığını möhkəmləndirən amillərdən bəhs edən dövlət başçımızın bildirdiyi kimi, Şuşa Bəyannaməsi qarşıdakı illər üçün «yol xəritəsi», bərpa olunacaq Zəngəzur dəhlizi müttəfiqliyin zirvəsi olacaq
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, dünya dövlətləri arasında Türkiyə ilə Azərbaycan qədər biri-birinə yaxın dövlətlər yoxdur. Regionda və dünyada əməkdaşlıq prinsiplərinə əsaslanan, birgə fəaliyyətin şaxələndirilməsini təmin edən qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında etibarlı tərəfdaş kimi etimadı doğruldan Türkiyə-Azərbaycan qardaşlığının dünya siyasətinə təsirinin dəyərləndirilməsi günümüzün reallığıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz, nəqliyyat layihələrinin əsas tərəfdaşı olan Türkiyə Azərbaycanın karbohidrogen ehtiyatlarının qitə dövlətlərinə çatdırılmasında ölkəmizin Avropaya açılan qapısıdır. «Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk» sözlərinin təsdiqi «Dağlıq Qarabağ münaqişəsi»nin ilk günlərindən ərazi bütövlüyümüzün toxunulmazlığını dəstəkləyən qardaş ölkənin beynəlxalq səviyyələrdə keçirilən müzakirələrdə ölkəmizə göstərdiyi dəstək, İkinci Qarabağ müharibəsində daim yanımızda olması, regionda sabitliyin təminatı üçün göstərilən birgə səylər, «Bir millət, iki dövlət» sözlərinin təsdiqidir. Bu qardaşlığın bariz nümunəsi bu ilin may ayında Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsidir. Şuşa Bəyannaməsində bir əsr bundan əvvəl imzalanan tarixi Qars müqaviləsinə istinad edilən Zəngəzur dəhlizinin bərpası ilə bağlı müddəanın yer alması tarixi nailiyyət olmaqla, iki qardaş ölkənin gələcək iş birliyinin istiqamətini göstərən «yol xəritəsi»dir.
Bu günlərdə qardaş ölkənin aparıcı telekanalı «CNN Türk»ə müsahibəsində Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, kommunikasiya, enerji, yol-nəqliyyat layihələri, kənd və şəhərlərin bərpası istiqamətində görülən işlər barədə ətraflı açıqlama verən Prezident İlham Əliyev həyata keçirilən bərpa işlərində Türkiyənin yaxından iştirakını da qardaş dəstəyi adlandırmışdır. Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçirən türk şirkətlərinin hazırda Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışmaları da qardaş dəstəyinin bariz ifadəsidir. Zəfər yolu adlanan Füzuli-Şuşa yolunun, həmçinin Toğana-Kəlbəcər magistralının tikintisində, Füzulidə inşa olunan hava limanının layihəsində də türk şirkətlərinin iştirakı bu birliyin ifadəsidir. Ümumiyyətlə, bərpa işlərində türk şirkətlərinin fəal iştirakı üçün əlverişli şəraitin yaradılması daim diqqətdə saxlanılır.
Bu günlərdə Kəlbəcərdə, Laçında olarkən tövsiyələrini verən, Laçın Beynəlxalq Hava Limanının tikintisinə start verildiyini bildirən, inşa işlərinin aparılmasında yerli şirkətlərlə birgə xarici iş adamlarının iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyevin «Bizimlə bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də iştirak edirlər» sözləri də dost qayğısının, qardaş köməyinin əvəzsiz olmasından qaynaqlanır. Dövlət başçımızın müsahibəsində beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat layihələrinin davamı kimi, dünya dövlətlərinin maraq göstərdiyi Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar diqqəti cəlb edir. İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatın dördüncü bəndinin şərtlərini açıqlayan, Zəngəzur dəhlizinin bərpasının region dövlətlərinə səmərəsindən bəhs edən Prezident İlham Əliyev faydalı fikirlərini çox açıq və aydın ifadələrlə şərh edir. «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir» söyləyən dövlət başçımız İkinci Qarabağ müharibəsi başlanan gündən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı, siyasi, mənəvi dəstəyini yüksək dəyərləndirir: «Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi.»
Şuşa Bəyannaməsinin imzalanması mərasimində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin bərpasında iştirak edəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan altılı platforma əsasında reallaşacaq, Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq yol olacaq Zəngəzur dəhlizinin bərpası ilə bölgədə sabitliyin təmin olunacağını əminliklə bildirdi. Bu əminliyin əsasında isə Azərbaycan –Türkiyə qardaşlığının sarsılmazlığı dayanır. Türkiyə Prezidentinin «Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli və səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik» sözlərinin reallaşması ilə iki qardaş ölkənin diplomatik uğurları daha da artacaq.
İkinci Qarabağ müharibəsinin davam etdiyi və postmüharibə dövründə dünya dövlətlərinin hələ də işğalçı Ermənistana havadarlıq etdiyi bir zamanda belə Türkiyənin yüksək vəzifəli şəxslərinin Azərbaycana dəstək xarakterli açıqlamaları xalqımızın gücünə güc qatdı. Bu qardaşlıq son günlərdə Türkiyədə baş verən təbii fəlakətlə mübarizədə, çoxsaylı meşə yanğınlarının sondürülməsində bir daha sınandı. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələrinin təbii fəlakətlə mübarizə aparan türkiyəli həmkarları ilə birgə çalışmaları qardaşlığın birlik və həmrəylik rəmzi idi. Meşə yanğınlarının söndürülməsində iştirak edən , alovlanan mənzildə Türkiyənin bayrağını xilas edən azərbaycanlı gəncin fədakarlığı sarsılmaz qardaşlığın qüdrətindən yaranan güc, yuxarıda qeyd olunduğu kimi, «Bir millət, iki dövlət» aforizminin real həyatda təzahürüdür.
Bununla bağlı jurnalistin sualını «Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir» sözləri ilə cavablandıran Prezident İlham Əliyev imzalanan Şuşa Bəyannaməsini müttəfiqlik səviyyəsinə qalxan zirvə adlandırdı. Bu işbirliyi bütün dünyaya bəyan etdi ki, həmrəylik sözdə deyil əməldə olmalıdır. Vətən müharibəsindən sonra Azərbaycanın bütün rayonlarında, şəhərlərində, kəndlərində Qələbəmizin müjdəsi olan Azərbaycanın üçrəngli bayrağı ilə Türkiyənin al qırmızı, ay-ulduzlu sancağının qoşa dalğalanması hər iki xalqın ürəyində illərdən bəri qorunan milli həmrəyliyin geniş mənada nümunəsidir.
«Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır» sözləri ilə gələcəkdə daha böyük işbirliyinə nail olunacağını bildirən Prezident İlham Əliyev bu yolda ən inanılmış, xalqı arxasınca aparmaq gücünə malik liderdir. Hər iki ölkəni daha böyük inkişafa aparan, həmrəylikdən güc alan, zamanı qabaqlayan «sürət qatarı» artıq yoldadır. Azərbaycanın Mərkəzi Asiya regionunda önəmli logistik mərkəz olacağının təsdiqi Türkiyə-Azərbaycan birliyi, həmrəyliyidir.

