Milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı
Qadın, ana adının qarşılığı səmimiyyət, məhəbbət, xeyirxahlıq, humanistlik kimi insani keyfiyyətlərdir. “Biz mədənyyətlərin və sivilizasiyaların dialoqu haqqında ayrı-ayrı dillərdə danışırıq. Burada “ayrı-ayrı dillər” dedikdə, müxtəlif xarici dilləri nəzərdə tutmuram. Dialoqdan həm alimlər, həm siyasətçilər, həm də ictimai və mədəniyyət xadimləri söz açırlar.
Biz sivilizasiyaların dialoqu və ya qarşıdurması ilə bağlı müxtəlif siyasi və elmi doktrinaları müzakirə edirik. Lakin siyasətdən uzaq, adi insanlar bir yana, çox vaxt peşəkarlar belə biri-birini anlamağa, müəyyən konsensusa gəlməkdə çətinlik çəkirlər” söyləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mədəni inkişafından, savadlılıq dərəcəsindən, rifah səviyyəsindən asılı olmayaraq hər kəsi düşündürən, “Biz hara gedirik? Bizi nə gözləyir?” sualları ilə həyat yolunu seçən qadınlarımızın hamisi, tolerantlıq və multikultural dəyərlərə sadiqliyi ilə seçilən nümunəvi örnəkdir. İnsanlığa xidmət olan bu yola Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmaqla ilk addımlarını atan, Heydər Əliyev Fondunun, Bədii Gimnastika Federasiyasının prezidenti, beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə davam edən Mehriban xanım adı kimi səmimiyyəti ilə də təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də böyük hörmət, nüfuz qazanmışdır.
Milyonların pənah yeri – Heydər Əliyev Fondu
Bu Fondun prezidenti kimi ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyələrdə insanları düşündürən problemlərin həllinə çalışan, öz sözünü əməli ilə deyə bilmək bacarığına malik Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə gerçəkləşən, insanları həmrəylik, xoş məram naminə birləşdirən layihələrin hər biri nəcib əməllərin, xeyirxahlığın təcəssümüdür. BMT-nin nüfuzlu təşkilatlarından olan UNESCO-nun və İslam dünyasının təhsil, elm və mədəniyyət təşkilatı İSESCO-nun xoşməramlı səfiri kimi müəllifi olduğu layihələri gerçəkləşdirməklə dünyada mədəniyyət sahəsində çevik diplomat adını qazanan Mehriban xanımın çıxışlarının hər biri insanlığa xidmət naminə bəşəriyyətə edilən çağırışdır.
Ölkəmizin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr bir məqsədə, amala xidmət edir: Qarşılıqlı hörmət, dözümlülük, ksenofobiya, radikalizm və terrora qarşı birgə mübarizə ilə narahat dünyamızda əmin-amanlığı qorumaq.
İnsanın şəxsiyyət kimi formalaşmasında ailənin roluna yüksək dəyər verən, körpələrə, gənclərə gələcəyimizin təminatçısı kimi qayğı ilə yanaşan Mehriban xanımın başçılıq etdiyi Fond tərəfindən həyata keçirilən önəmli layihələr ölkəmizdə ailə institutunun təkmilləşməsinə xidmət edir. Xüsusilə fiziki cəhətdən qüsurlu, hemofiliyalı, diabetli uşaqların sağlamlığı naminə həyata keçirilən layihələr ailələrə göstərilən qayğının ifadəsi kimi razılıqla qarşılanır.
Fondun xətti ilə “Təhsilə dəstək” proqramı çərçivəsində “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsi ilə respublikanın ən ucqar kəndlərində belə müasir avadanlıqlarla təmin olunmuş təhsil ocaqları inşa və bərpa olunur. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramına uyğun mühüm layihələr həyata keçirilir, aztəminatlı ailələrin uşaqlarının təhsilə cəlbi istiqamətində mühüm addımlar atılır. “Hər bir uşağın ailəyə ehtiyacı var” kampaniyasını irəli sürən Mehriban xanımın “Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin” çağırışı gələcəyimizə təminatdır. Mehriban xanımın diqqət və qayğısı ilə həyata keçirilən “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması vətənpərvərlik hisslərinin, ana şəfqətinin vəhdətidir.
Milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı
Yeganə ictimai-siyasi xadim kimi UNESCO-da və İSESCO-da təmsil olunan Mehriban xanım hər iki təşkilatın xoşməramlı səfiri kimi özünü doğruldur, beynəlxalq səviyyədə tanınır, əməlləri ilə böyük hörmət, nüfuz qazanır. Ənənəvi olaraq ölkəmizdə keçirilən Beynəlxalq Muğam, Qəbələdə Beynəlxalq Musiqi festivallarının keçirilməsi, paytaxtda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Azərbaycan musiqisinin fəlsəfəsi adlandırılan, xalqımıza xas, eyni zamanda, bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin yaşadılması naminə 24 tanınmış, korifey xanəndənin ifasında səslənən muğamların toplandığı “Qarabağ xanəndələri” musiqi albomunun nəşri əsl vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi, fədakarlıqdır. Xoşməramlı səfir kimi göstərdiyi səylər nəticəsində muğam və aşıq, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti, İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı kompleksi, Şəki xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ilə Azərbaycan dünyanın ictimai, siyasi, humanitar mərkəzinə çevrildi. Bu etimad da Mehriban xanımın təşkilatda səmərəli fəaliyyətinin nəticəsidir.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin, əlamətdar hadisələrin UNESKO çərçivəsində qeyd edilməsi bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər təşkilat çərçivəsində böyük təntənə ilə qeyd edilib.
Hər mükafat göstərilən xidmətə verilən qiymətdir
İnsanlıq, bəşəri dəyərlərin qorunması naminə göstərilən xidmətlər əvəzsiz qalmır. Bu baxımdan benəlxalq səviyyədə hörmət qazanan, “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeninə, “XXI əsrin böyük qadını” laureatı adına, UNESCO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi illərdən bəri çəkilən zəhmətin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali “Heydər Əliyev” ordeni ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır.
Fransanın “Şərəf Legionu” ordeninə layiq görülən Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir.
Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi də onun çoxsahəli xidmətlərinə verilən dəyərlərdəndir.
Təşkilatçılıq, bacarıq, işinə məsuliyyət Mehriban xanımın həyat amalıdır
“Eurovision-2012” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının mütəşəkkilliklə keçirilməsində bu tədbirlərin Təşkilat Komitəsinin sədri Mehriban xanımın müstəsna xidmətləri olmuşdur. “Eurovision-2012” mahnı müsabiqəsinin, Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarının təşkilində göstərdiyi xidmətlərinə görə Təşkilat Komitəsinin sədrini “Heydər Əliyev” ordeni ilə təltif edən Prezident İlham Əliyevin söylədiyi bu sözlər Mehriban xanım Əliyevanın fədakarlığına, çəkilən zəhmətə verilən dəyər idi.
Daha ciddi siyasi fəaliyyətə doğru…
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” söyləyən Mehriban xanım çalışqanlığı ilə siyasi fəaliyyətinin yeni səhifələrinə qədəm qoydu. Geniş, çoxşaxəli ictimai-siyasi fəaliyyətində böyük təcrübə və nüfuz qazanmış Mehriban xanım Əliyevanın 2017-ci ilin fevral ayında Azərbaycanın idarəçilik sistemində ilk təcrübə olaraq Birinci vitse- prezident vəzifəsinə təyinatı illərdən bəri çəkilən zəhmətə verilən dəyər idi. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır. Bax bu, çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır” sözləri Azərbaycan qadınının siyasətdə özünütəsdiqinin ifadəsidir.
Birinci vitse-prezident kimi çıxışında “Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm. İnanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam” söyləyən Mehriban xanım ötən dövrdə göstərdiyi fədakarlığı ilə sözünün sahibi kimi özünü doğrultdu.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə olan Mehriban Əliyeva Birinci vitse-prezident kimi, həm də birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirir. İşğaldan azad olunmuş ərazilərə səfərləri zamanı Müzəffər Ordumuzun qalib əsgərləri ilə görüşlərində bir vətəndaş, ana kimi sevincini bölüşən Mehriban xanım ermənilər tərəfindən dağıdılmış tarixi abidələri, məscidləri, kilsələri ürək ağrısı ilə seyr edir. Başçılıq etdiyi Fondun dəstəyi ilə quruculuq, abadlıq işlərinin aparılacağını bildirir. “Bütün dünya dinlərinin bir məqsədi, məramı var. Biz Tanrıya müxtəlif cür müraciət edə bilərik, ona müxtəlif dillərdə dua edə bilərik, onun şəninə müxtəlif məbədlər ucalda bilərik. Mahiyyət dəyişməz olaraq qalır. Bizim hamımızın bir Tanrısı var və bu nə qədər sadə səslənməsə də hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşəri dəyərlərlə eynidir. Bu, insanları birləşdirən və barışdıran dəyərlərdir. Belə olduğu halda dindən qarşıdurmaların və münaqişələrin yaradılması üçün istifadə olunması dözülməzdir” sözləri ilə insanları birliyə, həmrəyliyə çağıran Mehriban xanım dağıdılmış kəndləri, şəhərləri erməni vandalizminin, qəddarlığının nəticəsi adlandırır. Dünyaya erməni terrorunun, vəhşiliyinin mahiyyətini açıqlayır.
Azərbaycanı gələcəkdə daha çox, daha böyük qələbələr gözləyir
Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır” sözlərinin tarixi vacibliyini hiss edən, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq-bərpa işlərinin sürətlənməsini hər kəsdən daha çox istəyən, doğmalarına həsrət Şuşanı seyr edərkən, dağlarımızın gül-çiçəklərinin ətrini hiss edərkən, gur sulu çaylarımızın, buz bulaqlarımızın suyundan içərkən, söhbət etdikləri insanların xeyir-dualarını eşidərkən bir neçə il əvvəl söylədiyi “Azərbaycanı gələcəkdə daha çox, daha böyük qələbələr gözləyir. Bu qələbələrin önündə bir neçə ildən sonra məhz bizim balalarımız, övladlarımız, gənclərimiz duracaqlar. Biz torpaqlarımızı da qaytaracağıq, biz yeni qələbələrə imza atacağıq” sözlərinin reallaşmasından yaranan sevinc hisslərini yaşayır. Şuşanın, Ağdamın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının, Kəlbəcərin daha gözəl olacağına əminliyini ifadə edir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə, abadlığa uzanan “yol xəritəsi”ndə öz sözünü deyəcək Mehriban xanıma uğurlar arzulayır, “Tanrı Sizi qorusun!” deyirik.

