Bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı
Dövlət başçısı İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha bu əminliyi ifadə etmişdir ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik
Ölkə Prezidenti İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlərdən geniş bəhs edərək bildirmişdir ki, bütün bunlar böyük vəsait tələb edir. Bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi postmüharibə dövründə görüləcək işlərin aydın mənzərəsini yaradır. Bu baxımdan ki, Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Son 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda yerini möhkəmləndirib.
Onu da qeyd edək ki, artan iqtisadi güc ölkəmizə Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Azərbaycan regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltdi. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır.
Qeyd etdiyimiz kimi, Azərbaycan postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə təsdiqlənən Milli Prioritetlər ölkəmizin qarşısında yeni imkanlar yaratmaqla daha möhtəşəm uğurların əldə olunacağını və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Milli Prioritetlərin ardınca iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanın imzalanması, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması iqtisadi və strateji əhəmiyyəti ilə diqqət çəkməkdədir.
Dövlət başçısı İlham Əliyev qeyd etdiyimiz mərasimdə hazırda işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərin xronologiyasını təqdim etmişdir. Bu gün o, bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. «Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bütün gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq: «Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur.»
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, verilən hər bir vəd konkret əməli işlə təsdiqlənib, həyata keçirilib. Cənab İlham Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazandıqdan Prezident seçiləndən bu günədək atdığı addımlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əiyev ilk gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməsinin vacibliyini bildirdi. «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»
Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı beynəlxalq aləmdə çəkisinin, yerinin və rolunun artmasında da ifadə olunur. Son 18 ilin xarici siyasət uğurlarından bəhs edərkən bu fikri böyük inamla qeyd edirik ki, sovetlər birliyinin dağılmasından sonra yaranan 15 dövlətdən yalnız Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 155 ölkənin dəstəyini qazanmaq böyük uğur, diplomatik qələbə kimi dəyərləndirildi. Bu mühüm hadisə Azərbaycanın iqtisadi möcücəsinin beynəlxalq aləmdə çəkisinə nə qədər təsir göstərdiyinin aydın ifadəsini yaratdı.
Son 18 ildə Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. «Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Təkcə tarixi Zəfərimizin yazıldığı 44 günlük Vətən müharibəsini təhlil etsək Azərbaycanın 18 ildə bütün sahələrdə qazandığı uğurları təhlil etmiş olarıq. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr etdi. Bu əlavələr sırasında ölkəmizin sözünün imzası qədər dəyərinin artması, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi öz növbəsində bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirdi. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz təmin edildi, 30 ilin işğalına son qoyuldu.

