Bakının azadlığı günü Ağrıdan Ermənistana XƏBƏRDARLIQ: “Həddinizi bilin!”
Azərbaycan paytaxtı Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik qüvvələrinin işğalından azad olunmasının 103-cü ildönümünü İğdır, Azərbaycan Dil, Tarix və Mədəniyyət Dərnəyi Ağrı dağına qalxaraq qeyd edib.
Musavat.com xəbər verir ki, bu barədə dərnəyin başqanı Ziya Zakir Acar sosial şəbəkədəki səhifəsində məlumat verib.
Ziya Zakir Acar qeyd edib ki, dərnək olaraq hər il Bakının qurtuluşu münasibətilə proqramlar düzənləyirlər.
“Keçən il Tekaltı dağına dırmanmışdıq. Bu il də Ağrı dağına”, – Ziya Zakir bildirib.
Tədbirdəki çıxışında dərnək rəhbəri bildirib ki, Gəncəyə yetişən Qafqaz İslam Ordusunun əsgərlərinin sayı Azərbaycan könüllülərinin hesabına 1000 nəfərdən, 12 minə çatıb:

“Qafqaz İslam Ordusu öncə Göyçay, Salyan, Ağsu, Kürdəmiri düşmən qüvvələrdən təmizlədi, 15 sentyabr 1928-ci ildə, 30 saat sürən şiddətli döyüşlərdən sonra Bakını xilas etdi. Qəhrəmanlarımızı rəhmətlə anırıq. İşğalçı dövlətlərin dəstəyi ilə ermənilər tərəfindən işğal edilən Azərbaycan torpaqları 44 günlük savaşla azad edildi. Bu savaşda Türkiyənin tam dəstəyinə görə Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana minnət və şükranlığımızı ərz edirik. Dik və əzmli duruşuna görə, hörmətli İlham Əliyevi təbrik edirik. Salam və sayğılarımızı göndəririk”.
Azərbaycan sevdalısı dərnək sədri Ağrıya iddiası olan düşmənə də səslənib:
“Ermənilərin dilindən düşməyən Ağrıdan bəyan edirik: Həddinizi bilin, işğal etdiyiniz torpaqlardan dərhal çəkilin! Qarabağ Azərbaycandır! İrəvan Azərbaycandır!”
Elşad Paşasoy,
Musavat.com


