Gənclərimiz Qarabağın cənnətə çevrilməsində fəal iştirak etməyə hazırdılar
Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi necə öyrətməyimizdən asılıdır. Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı priortiet olub. Son 18 ildə Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadəni qaşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyevin “Azərbaycanı ən qüdrəli ölkəyə çevirək” çağırışına uyğun olaraq aparılan islahatlarda ölkə gənclərinin hər bir sahədəki fəallığı aydın şəkildə görünür. Ölkəmizdə gənclərin təhsili, asudə vaxtlarını səmərəli keçirmələri, milli adət-ənənələrimizə bağlılığı, vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli addımların atılması, müxtəlif təşəbbüslərin irəli sürülməsi və yeni qərarların qəbulu artıq ənənə halını alıb. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildə 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi təsis edilməsi, Prezident İlham Əliyevin 2007-ci ili «Gənclər İli» elan etməsi də onlara diqqət və qayğının bariz nümunələridir.
Dövlət başçısı İlham Əliyev gənclərə böyük inam bəsləyir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edə biləcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nı təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasına səbəb oldu. Həmin Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə qəbul olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edirdi. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclərə diqqət öz aktuallığını qoruyur.
Ölkə Prezidenti hər zaman gənclərlə görüşlərində tövsiyələrini çatdırır: Milli ruhda tərbiyə almaq, vətənpərvərlik ovqatında olmaq, təhsilə çox böyük fikir vermək, peşəkar və fəal olmaq, dövlətin maraqlarını hər şeydən üstün tutmaq və dövlətçiliyi, milli mənafeyi, müstəqilliyi layiqincə qorumaq. Cənab Prezidentin uzaqgörən və müdrik siyasətinin nəticəsidir ki, biz bu gün vətənpərvər, dövlətinə, milli kimliyinə, tarixinə sadiq və bağlı gənclərimizin yüksək əzmi və dərin Vətən sevgisi ilə atıldıqları İkinci Qarabağ savaşından qalıb çıxaraq illərdir həsrətində olduğumuz torpaqlarımıza qayıtdıq. 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbəni müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qazanaraq dünya hərb tarixinə yeni səhifə yazdı. Minlərlə Azərbaycan gənci qanı, sanı bahasına, qəhrəmanlığı, şücaəti ilə əsl qəhrəmanlıq salnaməsi yazdılar. Bu gün gənclərimiz adını Azərbaycan tarixinə qalib Sərkərdə kimi yazan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Qarabağımızın cənnətə çevrilməsində, soydaşlarımızın Böyük Qayıdışının təmin olunmasında fəal iştirak etməyə hazır olduqlarını bildirirlər.

