Bərdədə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə karantin tələbləri nəzərə alınmaqla narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı məktəbin müəllim və şagird kollektivi də iştirak edib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Əflatun Məmmədov və digərləri narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Polis əməkdaşları çıxışlarında qeyd ediblər ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparmalıdır. Bu barədə daxil olan hər bir informasiya ətrafında dəqiqləşdirilmə aparıldığı və cinayət törədən şəxsin qanundan yayına bilməyəcəyi iştirakçıların diqqətinə çatdırılıb. Sonda isə şagirdlərə dərslərinə ciddi yanaşmaları, cəmiyyətimiz üçün faydalı işlər görməkləri tövsiyə olunub.


















