Əsas səhifə 

Türkdilli dövlətlərin iqtisadi, siyasi, hərbi gücü beynəlxalq müstəvidə təsdiqlənir

İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlət başçımızın fədakarlığına verilən qiymətdir

1988-ci ildə mütərəqqi qüvvələr tərəfindən Araz çayı boyunca təşkil olunan «Sərhəd hərəkatı», Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada «31 Dekabr -Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü» haqqında qərarın qəbulu, Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə təşkil olunan Dünya Azərbaycanlılarının I qurultayı, respublikamızda ənənəvi olaraq keçirilən Türkdilli dövlətlərin və topluluqların dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu, Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması və digər tədbirlərin hər biri tarixi hadisələr idi. Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşü isə əhəmiyyəti baxımından daha önəmli idi. Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması ilə bağlı imzalanan Saziş türk birliyinin müxtəlif istiqamətlər üzrə əməkdaşlığını sürətləndirəcək, münasibətlərin hərtərəfli inkişafına təkan verəcək tarixi addım oldu. Bütün görüşlərdə diqqətçəkən məqam türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsində böyük rola malik Türkiyə –Azərbaycan qardaşlığı idi. Dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən, qlobal layihələrin reallaşmasında xüsusi rolu olan iki qardaş ölkənin birgə səyi ilə Avropa dövlətlərinin enerjiyə olan tələbatı Azərbaycanın müəyyənləşdirdiyi, şaxələndirilmiş enerji diplomatiyası ilə təmin olunur, çoxtərəfli əməkdaşlıq formatının coğrafiyası genişlənir.

TDƏŞ-ə sədrlik etdiyi iki ildə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində önəmli təşəbbüsləri ilə diqət çəkən Azərbaycanın Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş Türk Şurasının Zirvə Görüşü iştirakçılar tərəfindən yüksək dəyərləndirildi. Azərbaycanın Şuraya sədrliyi dövründə Türk dövlətlərinin birlik və həmrəyliyinin gücləndirilməsi baxımından ciddi addımlar atılmış, Türk İnvestisiya Fondu yaradılmış, təhlükəsizlik məsələlərinin təminatı istiqamətində mühüm təşəbbüslər göstərilmiş, kəşfiyyat xidmətləri arasında koordinasiya gücləndirilmişdir. Başqa sözlə, türk dövlətlərinin iqtisadi, siyasi, hərbi gücü beynəlxalq müstəvidə təsdiqlənmişdir.
Xəzəryanı dövlətlər olan Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın qlobal məsələlərin həllində eyni mövqedən çıxış etmələri bu birliyin təzahürüdür. Onu da nəzərə alaq ki, Azərbaycan vasitəsilə Türkiyə də Xəzər dənizinə çıxış əldə edir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri ilə reallaşan və Türkiyə-Azərbaycan qardaşlığının rəmzi olan Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi hadisədir. Türk Şurasına sədrliyi dövründə Azərbaycan Qarabağda qələbələr qazanmaqla təkcə öz ərazi bütövlüyünü deyil, ümumtürk coğrafiyasını bərpa etdi.

Dünyada oxşar kökə, tarixə , yaxın dilə malik xalqlar çox olsa da, slavyan xalqları arasında fərqli düşüncə tərzinin mövcudluğu dövlətlər arasındakı münasibətlərə də bəzən soyuqluq gətirir. Ancaq son illərdə türk dövlətləri arasında yaranan sıx inteqrasiya türk dünyasının gücünü, qüdrətini daha da möhkəmləndirir. Türk Şurasının yenilməz gücünün formalaşmasında böyük xidmətləri olan Azərbaycanın təşkilatdakı fəallığı, təşəbbüsləri həmişə yüksək dəyərləndirilir. Bu günlərdə Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordenilə təltif olunması bu fədakarlığa verilən yüksək qiymətdir.

Ali Ordenin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi isə Türkiyə-Azərbaycan qardaşlığının təzahürüdür.
Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda yazılan: «Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə «Türk Dünyasının Ali Ordeni»” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”» sözləri eyni zamanda İkinci Qarabağ müharibəsində Qələbə qazanan Azərbaycanın Zəfərinə qardaş dövlətlərin sevinc, həmrəylik payıdır. Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın «Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan «Xarıbülbül»” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb» sözlərində bütünlükdə türkdilli xalqların Azərbaycana olan hörmət və etimadı əks olunub.

Zirvə Görüşündəki çıxışında bu etimadı bütünlükdə Azərbaycan xalqına göstərilən hörmət kimi dəyərləndirən Prezident İlham Əliyevin
«Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir» sözləri ən çətin anlarda Azərbaycanla birlik nümayiş etdirən türkdilli xalqlara minnətdarlıq duyğularıdır. Türk Şurasına sədrliyi müddətində ona tapşırılan missiyanı təşəbbüsləri, humanizm prinsiplərinə sadiqliyi ilə doğruldan Prezident İlham Əliyevə bu ehtiram ,gərgin əməyə verilən qiymətdir. Artıq Türk Dövlətləri Təşkilatı adlandırılan Şuraya sədrliyin Rəcəb Tayyib Ərdoğana həvalə olunması özlüyündə Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir. «Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir» sözləri ilə ən çətin anlarda, İkinci Qarabağ müharibəsində Azərbaycana mənəvi, siyasi dəstək göstərən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın simasında bütün türk xalqına minnətdarlığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəstək qardaş yardımı idi. Mənəvi dəyərlərimiz olan ortaq köklərimiz, dilimiz, dinimiz və ümumi maraqlarımızın təməlində möhkəmlənən bu birlik gələcəyimiz üçün möhkəm zəmindir.

«Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir» sözləri ilə dünyada təhlükələrin artdığı, ikili standartların hələ də mövcud olduğu, islamofobiyanın davam etdiyi bir məqamda Türk Dövlətləri Təşkilatı kimi yoluna davam edən Türk Şurasının önəminin daha da artacağını əminiliklə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, son iki ildə Türkmənistanın Şuraya müşahidəçi qismində qoşulması, təşkilatın Bakı Zirvə Görüşündə Özbəkistanın Şuraya üzv olması türk dünyasının birlik və həmrəyliyini gücləndirəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya, Füzuli və Zəngilana səfərləri, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında, Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə birlikdə 12 türk şirkətinin iştirakı, Zəngəzur dəhlizinin təməlinin qoyulması yeni imkanlar açacaqdır. «Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq» söyləyən Prezident İlham Əliyev əminliklə bildirdi ki, Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrliyi müddətində Prezident Rəcəb Tayib Ərdoğan daha mühüm, ciddi təşəbbüsləri ilə türk dünyasının birlik və həmrəyliyinə yeni töhfələr verəcək.

Daha çox xəbərlər