Bərdə pambıqçıları bu günədək 29 min 386,13 ton məhsul tədarük ediblər
Bərdə rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir. İndiyədək qəbul məntəqələrinə 29 min 386,13 ton “ağ qızıl” təhvil verilib.
ARANTV.AZ xəbər verir ki, bu il Bərdədə 10 min 677,8 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 4327,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4350 hektarı “Azərpambıq” MMC, 2000 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında aparılıb. Bərdəli “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Gün ərzində 25-30 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilir.
Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlardan idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlət başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.

