Gündəm 

Pandemiya ilə mübarizədə Azərbaycan modeli

Azərbaycan bu gün dayanıqlı inkişafa malik, qüdrətli və nüfuzlu bir ölkədir. Ölkəmizdə həyata keşirilən dövlət siyasətinin  mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyi  dayanır. İnsanların rifah halının daha da yaxşılaşdırılması, həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü və səmərəli tədbirlər davamlı xarakter daşıyır. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.  Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik.

Bütün dünyanı bürümüş karonavirus pandemiyası ilə  mübarizə işinin təşkilində  də  ölkəmizdə bütün imkanlar səfərbər olunmuş,  görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alınmışdır. Pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil olmuşdur.  İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı  ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmış,  Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışaraq  görülən işlərə yüksək qiymət vermiş, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir.

Azərbaycan COVAX platformasına ilk qoşulan ölkələrdən oldu. Yəni, bu  platforma  vaksin portfeli içindən ən yaxşısını seçmək və onun əlçatanlılığını təmin etmək, maliyyə imkanları az olan ölkələrin də bundan yararlanmasına şərait yaradılması üçündür. Azərbaycan ÜST və Peyvəndləşməyə Nəzarət Alyansının birgə təşkilatçılığı ilə həyata keçirilən COVAX proqramına qoşulan ilk ölkələrdən olub. Həm öz ölkəmiz, həm də dünya əhalisi üçün bunun nə qədər vacib olmasına xüsusi əhəmiyyət verərək qoşulmuşuq. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Təəssüflər olsun ki,  vaksin bölgüsü dünyada ədalətsizliyin simvolu oldu. Yəni, dünyanın belə ağır vaxtında virus təhdidinə qarşı qlobal mübarizə nümayiş etdirmək əvəzinə COVAX proqramı çərçivəsində verilən bədlər tamamilə unuduldu. Bu ədalətsizliyə qarşı Azərbaycan qədər haqq səsini ucaldan ikinci bir ölkə yoxdur.

Fevralın 25-də BMT Baş Assambleyasının tematik müzakirələrinin gedişində etdiyi çıxışında da Prezident İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Möhtərəm Prezident bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.

Pandemiyanın başladığı ilk günlərdən cənab İlham Əliyevin əhalinin sağlamlığını prioritet məsələ hesab etməsi, ölkənin gücünün və qüdrətinin məhz bu sahəyə istiqamətlənməsinə göstəriş verilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ən yüksək səviyyədə icra olunmuşdur.

Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Daha çox xəbərlər