Gündəm 

Azərbaycandan qlobal həmrəylik çağırışı

25 Fevral 2022-ci il tarixdə BMT Baş Assambleyası sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub. Bir çox məsələlərin öz əksini tapdığı çıxışda əsas diqqət peyvəndlərin ədalətli bölgüsü və ölkəmizin bu sahədəki fəaliyyətlərinə yönəlmişdi.

Dövlət başçımız çıxışı zamanı ilk öncə bu sahədə Birləşmiş Millətlər Təşkilatının effektiv rolundan danışaraq, keçirilən toplantının dünyada COVID-19 əleyhinə peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf etdiyini vurğuladı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, pandemiyanın dünyanı öz ağuşuna aldığı ilk gündən artıq iki ildən çox müddət keçməsinə baxmayaraq hələ də dünyada “peyvənd millətçiliyi” davam etməkdədir. Qeyd edək ki, “Peyvənd millətçiliyi” zəngin ölkələrin öz ehtiyaclarından dəfələrlə artıq miqdarda peyvəndləri əldə etməsi və dolayısıyla az inkişaf etmiş ölkələrin peyvəndlərlə təminatına əngəl törətməsi səbəbindən yaranan vəziyyəti xarakterizə edir. Maraqlısı bundadır ki, peyvəndlə bağlı yaranan bu vəziyyət ümumilikdə mənəvi və iqtisadi baxımdan hər bir dövlətin mənafeyinə qarşı işləyən, yalnız böhranı uzadan, uğursuzluğa məhkum olan bir strategiyadır. Aydındır ki, dünya ya ümumilikdə bu bəladan qurtulacaq, ya da bir dövlətdə belə bu virus qalarsa yenidən yayılaraq dünyanı ələ keçirəcək. Belə olan halda, hansısa bir ölkənin fərdi olaraq öz vətəndaşlarını bu bəladan qurtarması heç nə ifadə etmir. Çünki, dövlətlər iqtisadiyyatlarını təmin etmək və pandemiyanın təsirlərini minimuma endirmək üçün sərhədlərini  açmağa məcburdur. Bu isə yenidən virusun dövr etməsinə gətirib çıxarır. Onu da qeyd edək ki, virus vaxtaşırı olaraq mutasiyaya uğrayır və yeni ştamları meydana çıxır. Yəni, şəxslər peyvəndlənsə də yeni ştamlar qarşısında yenə də risk qarşısında qalmaqdadır. Beləliklə, bir daha vurğulamaq lazımdır ki, yalnız bir ölkədə belə pandemiyanın təsirləri, izləri qalacaqsa bu yenidən bütün dünyaya yayıla bilər. Buna görə də xüsusilə böyük dövlətlər problemi öz sərhədləri çərçivəsində həll etmək əvəzinə daha qlobal miqyasda həlli üçün səy göstərməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə “peyvənd millətçiliyinə” qarşı çıxışlar etmiş, inkişaf etməkdə olan dövlətlərin haqq səsini beynəlxalq tribunalardan səsləndirmişdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyev bu sahədə ən çox çıxışlar edən liderlərdəndir.

25 fevral tarixli yüksək səviyyəli tematik müzakirələrdə cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi milli kontekstdə də çıxış etdi. Çıxış zamanı 2021-ci ilin yanvar ayında ölkə ərazisində peyvəndlənmə prosesinə start verildiyi və indiyə qədər ölkə əhalisinin yetkin hissəsinin 68 faizinin hər iki doza peyvəndlə təmin olunduğu bildirildi. Əlavə olaraq, pandemiyanın təsirlərindən əziyyət çəkən vətəndaşların və özəl subyektlərin dəstəklənməsi üçün dövlət büdcəsindən vəsait ayrıldığı vurğulandı. Ümumiyyətlə, Azərbaycan Respublikasının pandemiya ilə mübarizə tədbirləri çərçivəsində uğurlu mübarizə modeli ortaya qoyduğu artıq dünya tərəfindən qəbul edilmiş reallıqdır. Bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də xaricdə nümunəvi ölkə kimi qiymətləndirmişdir. Onu da qeyd etmək zəruridir ki, Azərbaycan təqribən 80 ölkəyə maliyyə və humanitar yardımları göstərmiş, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar könüllü ianə ayırmışdır. Beləliklə, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş və bu gündə bu dəstəyi yüksələn xətlə davam etdirməkdədir.

Kəmalə Mustafayeva,
Pirallahı Tibb Mərkəzinin həkimi

Daha çox xəbərlər