Gündəm 

Marqarita Simonyanın ermənisayaq labirinti

Yazıya başlamazdan əvvəl bir məsəli xatırladım: Dünya dağılsa, yerlə göy birləşsə, axar sular dayansa belə erməni erməniliyini tərgitməz. Nəinki tərgitməz, özünə münasib müsahib tapsa belə onu erməniləşdirər. Təki orada erməni hiyləgərliyi, məkri üçün məqam yaransın.

Ötən ilin fevral ayında, daha doğrusu Xocalı soyqırımının ildönümü günündə dünyanın müxtəlif KİV-lərinin nümayəndələri üçün keçirilən mətbuat konfransında verilən sualları zamanın tələbləri və reallıq baxımından cavablandıran, liderlik məharətini göstərən Prezident İlham Əliyev geniş dünyagörüşü, məntiqli açıqlamaları, siyasi hazırlığı, hadisələri düzgün dəyərləndirmə məharəti ilə tərəf müqabillərini heyran etdi. Dövlət başçımızın hərtərəfli hazırlığını etiraf edən jurnalistlər bu görüşü ustad dərsi kimi də dəyərləndirdilər. Hətta qərəzli sualları belə obyektiv, həqiqətlərə əsaslanaraq cavablandıran Prezident İlham Əliyevin açıqlamaları jurnalistlərdə dünyada baş verən , Cənubi Qafqazda yaranan mövcud vəziyyət barədə geniş təsəvvür yaratdı.

Bu günlərdə Rusiyaya rəsmi səfər çərçivəsində bu ölkənin aparıcı KİV-lərin rəhbərləri ilə görüşündə bütün sualları özünəməxsus təmkinlə cavablandıran Prezident İlham Əliyev növbəti dəfə liderlik qətiyyətini hadisələri zamanın prizmasından izah etməklə göstərdi. Amma bir dananın naxırı korladığı məsəlinə oxşar vəziyyət burada da hiss olundu. Erməni əsilli jurnalist, Rusiyanın «RT»” telekanalının və «Rossiya seqodnya»” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın ermənilərə məxsus «vizit kartını» ortaya qoyması bəzi məqamların xatırlanması məcburiyyətini yaratdı. Guya həqiqətləri açıqladığı üçün özünü Avropaya girişi qadağan olunanlar sırasında görən Marqarita nala-mıxa döyə- döyə zakı-pakını bəlli etdi. Başından böyük elə sözlər dedi ki, hətta həmkarları belə onun sözünü yarıda kəsməyə məcbur oldular.

Erməni olduğu üçün Azərbaycana gəlişinin yaradacağı vəziyyətdən «narahat olduğunu» bildirən, «Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah olunur» yalanları ilə keçi kimi suyu bulandırmağa çalışsa da Azərbaycanın multikultural dəyərlərinə kölgə sala bilmədi. «Mənim üçün inanmaq çətindir və mən inanmıram ki, insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq» sözləri ilə əvvəlki qənaətini təkzib edən Marqarita kimiləri barədə çox yerində deyilib ki, «Dəlidir, nə etsə yeridir.» Bu atalar məsəli vəziyyətə uyğun redaktə olunsa müdrik kəlamın mahiyyətini belə yozmaq olar: «Buqələmun xislətli, məqama, məkana görə rəng dəyişmək erməniliyə xas mahiyyətdir.» Təki işlədilən hər kəlmənin, edilən məkrli gedişlərin daşnak siyasətinə xeyri olsun. Ermənistanın qərəzli niyyətlərinin həyata keçirilməsi naminə yaranan fürsət əldən çıxmasın.

«Birincisi, deməliyəm ki, bizimlə bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur» sözləri ilə Marqaritanın qərəzli niyyətini siyasi təcrübəsi, hazırlığı ilə sadə dillə desək boykot edən Prezident İlham Əliyev monoetnik dövlət olan Ermənistandan fərqli olaraq Azərbaycanın çoxmillətli ölkə kimi dünyada böyük nüfuz qazandığını bildirdi. Birinci Avropa Oyunlarında iştirak edən ermənilərin təhlükəsizliyinin qorunduğunu, Ukraynanı təmsil etsə də milliyyətcə erməni olan idmançıya gümüş medalı şəxsən təqdim etdiyini, katolikos Qareginin ölkəmizə səfərini, Bakının mərkəzindəki erməni kilsəsində 5 mindən çox kitabın qorunub saxlanıldığını xatırlatdı. Bildirdi ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törədiyi vəhşiliklər, ekoloji terrorlar, mülki əhaliyə göstərilən ağlagəlməz vəhşiliklər dünyada baş verən müharibələr tarixində müşahidə olunmayıb. Qarabağ və Zəngəzur da daxil olmaqla işğal altında qalan bütün əraziləri xarabalığa çevirib, özlərinə xas bayquş yuvasına döndərən ermənilərin ayaq basdıqları yerlərdə heç bir canlıdan əsər-əlamət, həyat nişanəsi yoxdur.
Kütləvi qırğınlar zamanı öldürülən günahsız azərbaycanlıların toplum halda basdırıldıqları məzarlıqların yeri, əsir götürülən, itkin düşən günahsız azarbaycanlıların taleyi hələ də məlum deyil. «Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmirəm» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, nümunə üçün bir nəfər belə olsun azərbaycanlının yaşamadığı Ermənistandan fərqli olaraq hazırda Azərbaycanda minlərlə erməni yaşayır. Prezident İlham Əliyevin «Bəli, lakin mən belə başa düşdüm ki, siz indiki halda erməni kimi sual verdiniz» sözlərinə yenə də erməni təfəkkürü ilə yanaşan Marqarita çox yaxşı bilir ki, Azərbaycana gələn rəsmi nümayəndələrin, çəkiliş qruplarının tərkibində, dövlət başçımızdan müsahibə alanlar arasında erməni soyadlı nümayəndələr çox olur. Sualının qərəzli olduğunu özü də etiraf edən Marqaritanın bildirdiyi kimi, ətrafına topladığı 6 min işçisinin əksəriyyətinin ermənilərdən ibarət olması şübhəsizdir. Bu «potensial» o deməkdir ki, onun başçılıq etdiyi mətbu orqanlarında Azərbaycana qarşı təxribat aparan «Marqarita ordusu» formalaşıb.

Tədbirdə iştirak edən Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Birinci və İkinci Qarabağ müharibələri dövründə ermənilərin törətdikləri vəhşiliklər, multikultural ənənələrə sadiq Azərbaycanda bütün millətlərin qardaşlıq ailəsinin üzvləri kimi yaşamaları barədəki açıqlamalarından ermənisayaq xəbisliklə uzaqlaşmağa çalışan, «İndi mən tarixə varmaq istəmirəm» söyləyən Marqaritanın geniş auditoriyada Azərbaycan əleyhinə təxribat aparmaq cəhdi boşa çıxdı. Buna baxmayaraq tolerant ölkə, qonaqpərvər olan Azərbaycana gəlmək istəyən Marqarita Simonyanın istəyi müsbət qarşılandı. Hansı milləti təmsil etməsindən asılı olmayaraq Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə uyğun qonaq qarşılamaq adət-ənənələrinə sadiq olduğunu həmişə göstərib. Bu qonaqpərvərlik isə ölkəmizə gələnlər tərəfindən yüksək dəyərləndirilib. İstər Marqarita olsun, istər Haykanuş, Siranuş. Aşot, Karen də ola bilər. Azərbaycana xoş niyyətlə gələnlərə eyni səmimi münasibət göstərilir. Çox təəssüf ki, erməni ilə təmasda olan heç kim bu toplum haqqında müsbət rəy bildirməyib. Özünün dediyi kimi, 6 minlik məlumat, ensklopedik bazaya malik olan Marqarita yəqin ki, tanınmış şəxsiyyətlərin ermənilər barədə söylədiklərindən xəbərdardır. Ermənilər haqqında deyilənlərdən bəzilərini xatırladaq.

Amerikada yaşayan, milliyyətcə erməni olan yazıçı L.Z. Sürməliyanın «Xanımlar və cənablar, müraciətim sizədir» kitabından götürülmüş bu sətirlər isə bir erməninin öz soydaşlarının əməllərinə verdiyi qiymətdir: « Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır.» Ermənilərin işğal etdikləri ərazilərdə əsir götürdükləri azərbaycanlılara qarşı amansız münasibətini əks etdirən, «Moskovskiy komsomoles» qəzetində dərc olunmuş «Neftyanoy sindrom» adlı məqalədə yazılır : « … Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, çığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür.» Oxuyanda belə insan qanını donduran bu sətirlər ermənilərin törətdikləri vəhşiliklərin şahidlərin gözü ilə canlandırılan minlərlə qanlı nümunələrdən kiçik fraqmentlərdir. Təbii ki, Marqarita da «dəyərləndirmələrdən» xəbərdardır.

Marqarita Simonyan, Azərbaycana gəl! Qaniçən Andranik, Amazasp, Varujan Karapetyan, Monte Melkonyan, Caan Ohanesyan, Aşot Qaloyan, Boris Simonyan, Qrant Markaryan… Koçaryan, Sarkisyan kimi onlarla erməni terrorçunun, qaniçənin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, insanlıq tarixində müşahidə olunmayan qəddarlıqları bir daha xatırladıqdan sonra Azərbaycan torpağına ayaq bas. İstəyirsən özünlə bütün işçilərini də gətir. Bu şərtlə ki, öz millətindən olan qaniçənlərin işğal altında saxladıqları torpaqlarda törətdikləri vəhşilikləri vicdanının (əgər varsa) səsinə qulaq asmaqla seyr et. Tamamilə dağıdılan Ağdama, Füzuliyə, Kəlbəcərə, Laçına… get. Daşı daş üstündə qalmayan, xarabaya çevrilən evlərdə «dincəl.» Azərbaycanın tarixi abidələrindəki erməni vandallarının izlərini, dağıntıları seyr et. Xocalıda erməni vəhşilərinin qətlə yetirdikləri 613 günahsız azərbaycanlının ağrı-acısını bir anlığa da olsa yaşa! Ev heyvanlarını diri-diri yandıran, məktəbləri alova bürüyən ermənilərin «insanlıq» görüntülərini yadına sal. Ondan sonra öz millətini tanı. Erməni silahlılarının qətlə yetirdikləri şəhidlərin yaxınlarının üzlərində əbədi iz salan kədəri seyr etməyi, hüznlü duyğuları yaşamağı bacar. Ondan sonra qismət olsa, növbəti dəfə belə bir tədbirdə iştirak etsən özünə sual ver: «Mənim bu müqəddəs torpağa ayaq basmağa haqqım varmı?»

Daha çox xəbərlər