Gündəm 

Azərbaycanı dünyada nüfuzlu dövlətə çevirən uğurlu siyasət

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yol göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoru­yan ulu öndər Heydər Əliyev kimi dahi, uzaqgörən siyasətçiyə ehtiyac duyurdu. Dahi lider xalqını ağır vəziyyətdə qoymayıb onun köməyinə çatdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi.

Digər sahələrlə yanaşı, ordu qu­ruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 okt­yabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin ina­mını diqqətə çatdırdı: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolun­da çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin stra­teji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.

Prezident İlham Əliyev ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir. Prezident İlham Əliyev bildirirdi: “Biz Azərbaycan xalqı üçün işləyirik. Xalq bizə bu etimadı göstərib və biz də bu etimadı doğrultmalıyıq. Əminəm ki, biz hamımız yaxın zamanlarda Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”.

Gördüyü işlərin miqyası ilə xalqımızın rəğbətini qazanmış, milyonların sevimli rəhbərinə çevrilmiş Prezident İlham Əliyevin son 18 ildəki fəaliyyətini belə formalaşdırmaq olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on səkkiz ildə həllini taparaq Azərbaycanın qarşısıalınmaz tərəqqi yoluna çıxmasını təmin etmişdir. Onun fəaliyyətində neft-qaz amili, bu məsələdən istifadə edərək Azərbaycanı inkişaf etdirmək, xalqın həyat səviyyəsini yüksəltmək, ölkəmizi dünyada sözü ötən, mövqeyi ilə hesablaşılan bir dövlətə çevirmək sahəsində göstərdiyi səylər şübhəsiz ki, ilk sırada dayanır.

Xarici və daxili siyasətdə əldə edilmiş uğurlar Azərbaycanı regionun aparıcı dövlətinə çevirməklə, onun beynəlxalq mövqelərini möhkəmləndirir. Respublikamız mühüm geostrateji mövqeyinə və təbii sərvətlərinə, ilk növbədə zəngin neft-qaz ehtiyatlarına görə bir sıra dövlətlərin maraq dairəsində olsa da, dövlət başçısı İlham Əliyevin yeritdiyi müstəqil siyasət nəticəsində dünyada söz sahibi olan ölkələr sırasında Azərbaycanın da adı var. Dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycanın hərtərəfli inkişafı yüksək qiymətləndirilir.

44 günlük İkinci  Qarabağ müharibəsində Azərbaycan xalqı öz müdrik rəhbərinə arxalanaraq, Dəmir  Yumruq ətrafında birləşərək tarixi Zəfər qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan haqq savaşında qalib gəldi. Qarabağdakı qələbələr uğurlu siyasətin və mərd oğulların dirənişi hesabına əldə edildi. O dönəmlərdə dünyanı heyrətə  gətirən Xalq-İqtidar həmrəyliyi heç bir zaman pozulmadı və pozulmayacaq. Azərbaycan xalqı öz siyasi liderinə hər zaman arxalanır və onu dəstdəkləyir.

“Mən xöşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim” sözlərini söyləyən cənab Ali Baş Komandan Ulu Öndərin yolunun Azərbaycan xalqı üçün ən doğru yol olduğunu vurğuladı. Azərbaycan xalqı, Azərbaycan gəncliyi hər zaman bu yolda irəlləyəcək. Biz gənclər Prezident İlham Əliyevin fəaliyyətini hər zaman örnək alırıq, Vətənə xidmətin ən düzgün nümunəsi olaraq qəbul edirik.

Ruslan Qasımov,

YAP Xətai rayon təşkilatının üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini, Türkiyədə Atatürk Düşüncə birliyinin fəxri üzvü

Daha çox xəbərlər