Ət məhsullarının üzərindəki möhürlərlə bağlı iddialara AQTA-dan CAVAB

Son günlər sosial şəbəkələrdə ət məhsullarının üzərinə vurulan baytarlıq möhürlərində istifadə edilən boyaların tərkibi ilə bağlı müxtəlif iddialar müzakirə olunur.

Məsələ ictimai maraq doğurduğundan Musavat.com mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.

AQTA-dan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib:

“Məlumat üçün bildiririk ki, beynəlxalq baytarlıq təcrübəsində, o cümlədən Avropa ölkələrində ətin markalanması üçün adi çap, poliqrafiya və ya ofis möhür mürəkkəblərindən deyil, qida məhsulları üçün nəzərdə tutulmuş boyalardan istifadə olunur. Ölkəmizdə də tətbiq edilən bu yanaşma qida təhlükəsizliyi sahəsində tələblərə cavab verir və istehlakçılar üçün hər hansı əlavə sağlamlıq riski yaratmır. Əksinə, baytarlıq möhürünün mövcudluğu həmin ətin baytarlıq-sanitariya ekspertizasından keçdiyini, insan istehlakı üçün yararlı hesab edildiyini və rəsmi nəzarət prosedurlarının həyata keçirildiyini təsdiq edir”.

Xatırladaq ki, hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bəzi rayonlarda ətlərin üzərinə vurulan möhürlər üçün xüsusi qida boyası əvəzinə kimyəvi məhlullardan istifadə olunduğu barədə məlumatlar aldığını bildirmişdi. Onun sözlərinə görə, həmin boya ətin üzərindən asanlıqla təmizlənmir, bəzi hallarda isə qaynama zamanı suyun rəngini dəyişdiyi iddia olunur.