Gündəm 

Xalqa sonsuz sevginin təcəssümü

 

Hər bir xalqın, hər bir dövlətin tarixində onun sonrakı inkişaf yolunu, müstəqillik yolunu müəyyənləşdirən taleyüklü məqamlar, tarixi qərarlar olmuşdur. Azərbaycan dövlətçilik tarixində də belə tarixi anlar olmuş və xalqımız bu məqamlarda doğru qərarlar qəbul edərək, öz taleyinə sahib çıxmışdır. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur.

 

Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı nümayiş etdirir. Azərbaycanın si­yasi-iqtisadi, humanitar və mədəni inkişaf yolu keçməsinə şərait yaradan, 30 illik erməni işğalına son qoyan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düşü­nülmüş islahatlarının və müdrik qərarları ilə ölkəmizin hərtərəfli güclənməsinin başlanğıcı məhz bu tarixdə qoyul­muşdu. Prezident İlham Əliyev hər bir azərbaycanlının rifahını daima yaxşılaş­dıran, problemlərin həllini asanlaşdıran, tərəqqiyə inkişafa və harmoniyaya səbəb olacaq addımlar atan güclü və müdrik lider kimi böyük xalqın etimadını qazan­mışdı. Çünki Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı daya­nır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, on­ların həyat şəraitinin daha da yaxşı­laşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanmışdır.

 

Ümumiyyətlə, 1994-cü ildən baş­layaraq ölkəmizdə neft-qaz, idman sahələrində, eləcə də ölkə parlamentində, Avropa Şurasında baş verən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə fəal iştirak edən cənab İlham Əliyev hər za­man ulu öndər Heydər Əliyevin siyasətinə sədaqət nümayiş etdirmiş, xalqın bö­yük hörmət və dəstəyini qazanmışdır. Sonrakı illər göstərdi ki, Prezident İlham Əliyev uzaqgörən və praqmatik siyasətçidir, ulu öndər Heydər Əliyev strategiyasını real­laşdırmaqla, onun siyasi yolunu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür.

 

Heç kimə sirr deyil ki, bu gün bölgədə həyata keçirilən bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla həyata keçirilir və ölkəmiz Cənubi Qafqazın inkişaf lokomotivinə çevrilməklə yanaşı, Avrasiya materikində aparıcı aktor kimi qəbul edilir. Bundan başqa, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-da­imi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nü­fuzunu və qüdrətini göstərməklə yana­şı, Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətin milli maraqlara uyğun həyata keçirildiyini təsdiqlədi. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi o qədər uğurlu olmuş­dur ki, QH üzvü olan dövlətlər Prezident İlham Əliyevə müraciət etmişlər ki, Azərbaycanın quruma rəhbərliyi bir il də uzadılsın. Təklif qəbul olunmuşdur.

 

Prezident İlham Əliyevin fəaliyyətində xüsusi diqqət yetirdiyi sahələrdən biri də ordu quruculuğudur. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatlarına ca­vab olaraq başlanılmış Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsilə, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu.

 

Təbii ki, xalqımız görülən işləri, əldə olunan uğurları ən yüksək səviyyədə qiymətləndirir və alqışlayır. Ona görə də, 15 oktyabr 2003, 15 oktyabr 2008, 9 oktyabr 2013 və 11 aprel 2018-ci il tarixlərində keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi. Əlbəttə, Prezident İlham Əliyevin 19 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümum­milli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.

 

Arzu Abdullayev,

  • Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

 

 

Daha çox xəbərlər