Əsas səhifə 

Milli-mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq

Dövlət başçısı İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı da bunun bariz nümunəsidir

Hər bir ölkənin dünyaya təqdimatında siyasəti ilə yanaşı, milli-mənəvi, dini dəyərləri əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə malik ölkə kimi tanınır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri hazırkı reallıqlarımızı şərtləndirir. Belə ki, son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev hədəfləri açıqlayarkən daim bildirir ki,  milli-mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda, tolerant, multikultural dəyərlərə böyük töhfələr verən ölkələrdən bəhs ediləndə  ilk növbədə göz önünə  Azərbaycan  gəlir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətləri, xalqları, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, onlar arasında körpü rolunu oynayan ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir.  Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya  İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də milli-mənəvi dəyərlərimizə bağlılıq fonunda görülən işlərə və əldə olunan uğurlara əsaslanır.  Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tədbirin açılış mərasimində səsləndirdiyi “Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam” fikirləri Azərbaycanın təqdimatı, dünənimizə  və gələcəyimizə baxış kimi dəyərləndirildi.

Reallıq budur ki, azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, xalqımız vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaq.  Bu məqamı da  təəssüf hissi ilə qeyd edə bilərik ki,   islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Dövlət başçısı bu məqamlara söykənərək bildirir: “Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmuşdur.”

Azərbaycan dünyəvi dövlətdir. Lakin dünyəvilik dini inkar etmək deyil, bu, dövlətin siyasi qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatın milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.”

Prezident İlham Əliyevin aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynayır.  Bir daha bu reallıq önə çəkildi ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir.

Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli tarixi vardır. Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. “Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür” söyləyən dövlət başçısı İlham Əliyev dünya dini liderlərinin sammitlərində də  bu reallığı diqqətə çatdırmışdır ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Ölkə Prezidenti “Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir” fikirləri ilə düşünülmüş və məqsədyönlü siyasətin uğurlarını bir daha ümumiləşdirir və bu fonda perspektivləri açıqlayır.

Ölkəmizdə vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir. Bu gün Azərbaycan xristian və yəhudi dinlərinə mənsub olan insanlar üçün doğma vətəndir. Azərbaycanda bu cür demokratik şəraiti ölkəmizə gələn qonaqlar da etiraf edirlər. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır r, ölkədə tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir. Ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.  Multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş tədbirlərdə də Azərbaycanın dinlərarası harmoniya modeli böyük rəğbətlə qarşılanır.

Bütün bunlar bu reallığın təsdiqidir ki, tolerantlıq milli mentalitetimizin xarakterik cəhəti kimi ölkəmizdə sabitliyin əsasına çevrilib.  Azərbaycan atdığı addımları ilə multikultural cəmiyyətlərin formalaşdırılmasına davamlı töhfələr verməkdə maraqlı olduğunu təsdiqləyir. Çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə də  qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələrin miqyasının genişliyi keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksək səviyyədədir. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın  islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev 2017-ci ildə  ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirmişdir.

Bu gün dünyaya səs salan tarixi Zəfərimiz və onun yaratdığı reallıqlar Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi. “Dəmir yumruq” əməliyyatı ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələrinin birliyinə, həmrəyliyinə işıq saldı. Onların ərazi bütövlüyümüzün bərpasında iştirakı dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildi. Belə ki, 2021-ci il mayın 13-14-də Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızda, Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının açılışı ölkəmizdə yaşayan xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı ilə başlamışdır. Azərbaycan musiqi beşiyimiz olan Şuşadan tolerant ölkə olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında gerçəkləşdirilən bu mühüm addım özündə bir çox məqamları ehtiva etdi, dünyaya sülh, əmin-amanlıq mesajını ünvanladı.

Azərbaycanın tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təminatı məqsədilə Ermənistana sülh təklifi də tolerantlığımızın təqdimatıdır. Bununla yanaşı, dövlət başçısı ermənilərin xalqımıza yaşatdıqları faciələri, soyqırımları, vəhşilikləri unutmayacağımızı da bildirir. Biz unutqan xalq deyilik.

Ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər bütün dünyaya məlumdur. Tarixi və dini abidələrimiz dağıdılmış, erməniləşdirilməsi istiqamətində səylər göstərilmiş, məscidlərimizdə donuz saxlanılmışdır. Bu, bütün müsəlman dünyasına təhqir, hörmətsizlikdir. Tarixi Zəfərimizdən öncə dövlət başçısı İlham Əliyevin beynəlxalq təşkilatların, xüsusilə BMT Baş Assambleyasının iclaslarında səsləndirdiyi fikirləri yada salaq. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandıraraq bunları faktlar əsasında diqqətə çatdırırdı.

Rəsmi Bakı bəyanatlarında daim bu məqamı da xüsusi diqqətə çatdırırdı ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumudur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar təsdiq olunmuşdur.

Azərbaycan bu gün işğaldan azad edilmiş torpaqlarımızda tarixi və dini abidələrimizi bərpa etməklə yanaşı, ermənilərin törətdikləri bu vəhşiliklərə görə beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını almasına səy göstərir. Xalqımız dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində bu istəyinə də nail olacaq.

Bu reallıq hər birimizdə qürur doğurur: Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə.  Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Ədalətin, insanlığın tərəfdarıdır. “Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” söyləyən Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir.

Daha çox xəbərlər