Prezident tapşırığı: Şuşanın tarixi simasını bərpa etməliyik
Cənab İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir daha bildirmişdir ki, hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi və böyük qürurla qeyd etdiyi mühüm məqamlardan biri Qarbağın tacı Şuşamızda «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpası və gələn ay festivalın yenidən keçirilməsi oldu: «Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik. Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.»
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!» bəyan etdi. Həmin tarixdən bizləri ayıran bir ildən artıq dövrdə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev müşavirədə bu dövrdə atılan addımlar fonunda qarşıdakı mərhələdə görüləcək işləri açıqlamışdır: «Əlbəttə ki, biz Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır.» Görüləcək işlər sırasında 960 şagirdlik məktəbin, 90 çarpayılıq xəstəxananın inşası mühüm yer tutur. Artıq bu layihələrin təməli qoyulub. Nəzərdə tutulan planların əsas tərkib hissələrindən biri də keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzinin və əhaliyə xidmət göstərən digər qurumların yerləşəcəyidir. Poçt binasının memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunması tapşırığı verilib. Bu mühüm addım vətəndaş məmnunluğunun artırılmasına xidmət etməklə yanaşı, dövlətimizin Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin işğaldan azad edilmiş ərazilərimizdə də icrasında maraqlı olduğunu nümayiş etdirir. Əsas olan budur ki, bu torpaqlar müasir dövrün tələbləri səviyyəsində qurulur və soydaşlarımızın gələcəkdə tam rahat yaşayışını təmin etmək üçün bütün zəruri olan addımlar atılır.
Ölkə Prezidenti görülən işlər sırasında Şuşada yaşayış məhəlləsinin təməlinin qoyulmasını, evlərin inşasına start verilməsini xüsusi qeyd edib. Yeni beşulduzlu otelin inşası üçün yer ayrılıb. «O, həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi» söyləyən dövlət başçısı bildirir ki, Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir. Onun yanında yeni konfrans zalının inşası nəzərdə tutulur. Ölkə Prezidenti bunu belə əsaslandırır ki, hazırda Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il ailə üzvləri ilə birlikdə dekabrın 24-də doğum günündə Şuşaya səfəri zamanı Cıdır düzündən «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik. Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir» bəyan etmişdir. Bu fikirlər son bir ildən artıq dövrdə Şuşanın dirçəlməsinin, əvvəlki şöhrətinin özünə qayıtmasının təqdimatı kimi dəyərləndirildi.
Dövlət başçısı İlham Əliyevin ötən il mədəniyyət paytaxtımız Şuşaya 7 dəfə səfər etməsi, bu cənnət məkanda görülən işlərlə tanışlığı, Baş planın təqdim edilməsi Qarabağın tacının qısa müddətdə dirçələrək malik olduğu potensialı ilə ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır. Əgər cənab İlham Əliyevin ötən ilin əvvəlində Şuşaya ilk səfəri Füzuli rayonunda Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qalmışdısa, artıq ilin sonuna doğru onların istifadəyə verilməsi böyük ruh yüksəkliyi ilə qarşılandı. Qarabağın dünyaya açılan hava qapısının açılışı iki dost və qardaş ölkənin- Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə oldu. Atılan bu kimi addımlar bir tərəfdən Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatı oldusa, digər tərəfdən Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının, daim bir yerda olmalarının göstəricisidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir ildə Qarabağın tacı Şuşaya reallaşdırdığı 7 səfərin hər biri mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirdi. Ölkə Prezidenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində “Mən Yeni ili “Şuşa İli” elan edirəm» söyləyərək bu mühüm məqamı da açıqladı ki, 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Dövlət başçısının Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan edilməsi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasına öz müsbət təsirini göstərir.
Prezident İlham Əliyevin hər bir təşəbbüsünü, verdiyi qərarları dəstəkləyən xalqımız bu mühüm addımı da təqdir etdi, insanların Şuşamızın qısa zamanda tam şəkildə dirçələrək sakinlərini qarşılayacağına əminlikləri daha da artdı. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. 2021-ci ildə 32 dəfə işğaldan azad edilmiş ərazilərə səfər edən dövlət başçısının bu səfərlərdən 7-sini Şuşaya reallaşdırdığını böyük qürur hissi ilə vurğulaması da Azərbaycanın döyünən ürəyinə sevgisini, məhəbbətini bir daha təsdiqləyir. Diqqət yetirsək, hər bir bayram, tarixi günlərdə Şuşaya səfərlər edilir və buradan dünyaya, işğalçı dövlətə postmünaqişə dövrünün reallıqları ilə bağlı çağırışlar olunur. Dövlət başçısının çıxışlarında bu fakt da diqqətə çatdırılır ki, əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin 39 il öncə Şuşaya səfərini xatırlamışdır. “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.
Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə xarici mətbuata çoxsaylı müsahibələrində də Müzəffər Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsinin xalqımız üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirərək qətiyyətlə vurğulamışdır ki, əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ölkə Pezidentinin bu fikirləri Vətən müharibəsinin qalibiyyətimizlə başa çatacağına əminliyi artırdı, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşacağına şübhə yeri qoymadı. Şuşanın relyefini nəzərə alsaq, onun azadlığa qovuşmasının bir möcüzə olduğunu böyük inamla deyə bilərik. Bu baxımdan cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən bəhs edərkən Şuşa əməliyyatını xüsusi vurğulayır və bildirir ki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib.
Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya, öz əzəli torpaqlarına qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.
Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya növbəti səfəri mart ayında, Novruz bayramında oldu. Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin başlayacağının, məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildiyinin, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinin və bir çox möhtəşəm planların xoş xəbərini çatdıran ölkə Prezidenti Cıdır düzündə Novruz tonqalını yandırdı. Bu mühüm hadisə Ermənistana və havadarlarına ciddi mesaj oldu. Ötən ilin Qarabağın tacı ilə bağlı əlamətdar hadisələrindən biri may ayında Cıdır düzündə «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpası oldu. Mayın 12-13-də keçirilən festivalda Prezident İlham Əliyev qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Bu festival isə Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən cənab İlham Əliyev “Xarıbülbül” festivalındakı çıxışında onu da söylədi ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar, məscidlərimiz, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi.
15 İyun-Milli Qurtuluş Günündə Şuşa Azərbaycan və Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Azərbaycan və Türkiyə prezidentləri Şuşada əsl tarixi salnamə yazdılar.
Şuşanın 2021-ci ildə sevincli anlarının sayı-hesabı olmayıb. Belə ki, ötən ilin avqustunda dövlət başçısı İlham Əliyevin mədəniyyət paytaxtımıza növbəti səfəri zamanı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonrakı açılışı, Molla Pənah Vaqifin büstünün, Bülbülün Ev-Muzeyinin bərpadan sonra, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları oldu. Həmin səfər bu mühüm tarixi məqamla yadda qaldı ki, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Onu da qeyd edək ki, «Şuşa İli» çərçivəsində Vaqif Poeziya Günlərinin iyun ayında keçirilməsi nəzərdə tutulub. Bu tədbir Nazirlər Kabinetinin təsdiq etdiyi «Şuşa İli» ilə bağlı Tədbirlər Planı»nda əksini tapıb. Tədbirlər Planında 2022-ci ilin iyun ayında Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyinə Vaqif Poeziya Günlərinin keçirilməsi tapşırılıb.
Müzəffər Ali Baş Komandanın Şuşaya 2021-ci ildə sonuncu səfəri qeyd etdiyimiz kimi, dekabr ayında doğum günündə oldu. 60 illik yubileyini mədəniyyət paytaxtımızda qeyd edən dövlət başçısının sevinci hüdudsuz idi. Bu səfər sanki son 18 ilin hesabatı, xalq qarşısında verdiyi vədlərin gerçəkləşməsinin qürurunun təqdimatı idi. Cənab İlham Əliyevin “Şuşa hər birimizi özünə çəkir» söyləməklə 30 ilin torpaq nisgilinin yaşatdığı hissləri bölüşdü. Ad günlərində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla bir yerda olmağa daha çox maraq göstərən dövlət başçısı 60 illik yubileyini Şuşada qeyd edərkən verdiyi vədin reallığa çevrilməsindən qürurlu idi. Hər görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun üçün bütün imkanların mövcudluğunu da vurğulayırdı.
O gün gəldi. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi, dərhal böyük quruculuq və bərpa işlərinə başlanıldı və artıq soydaşlarımız Böyük Qayıdışı gözləyir. Şuşanın baş planı təqdim edilib. Yaşayış kompleksinin təməli qoyulub.
Bütün bu sadaladıqlarımızın fonunda dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il «Şuşa İli», TÜRKSOY-un isə 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan etməsi Qarabağın tacının əvvəlki şöhrətinin təqdimatı olmaqla, görülən işlərin bütün dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Bu sıraya bir mühüm hadisəni də əlavə edək ki, Dünya Azərbaycanlılarının V qurlutayının Şuşada keçirilməsi nəzərdə tutulub. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.Dünya Azərbaycanlılarının V qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Şuşa bir daha birliyimizə, həmrəyliyimizə şahidlik edəcək, dövlət başçısı İlham Əliyev qalib Prezident kimi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız qarşısında tarixi Zəfərimizdən qürurla bəhs edəcək. Qalib Azərbaycanı dünyada təmsil etmək, postmünaqişə dövrünün reallıqlarının qəbuluna töhfələr vermək hər birimiz üçün böyük şərəf olar.

