Badam bağları zərərvericilərə qarşı dərmanlanır
Şabranda badam bağlarının sahəsi 117 hektara çatıb. Bu bağların 62 hektarı barverəndir. Ötən il rayon bağlarından 100 tondan çox məhsul toplanılıb.
ARANTV.AZ xəbər verir ki, yeni badam bağlarının 7,62 hektarı ötən il payız mövsümündə salınıb.
Hazırda Şabranın badam bağlarında zərərvericilərə qarşı dərmanlanma işləri aparılır.
Rayonun Ağalıq kəndində fərdi sahibkara məxsus 23 hektar badam bağında iki növ badam yetişdirilir. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlığın artacağı gözlənilir.
“Bu gün vurduğumuz dərman zərərvericilərə qarşıdır. Bu dərman ondan ötrü vurulur ki, həm ağacların yarpaqları, həm də kolları ziyanverici həşəratlardan qorunsun. Bol məhsul götürmək və meyvələrin sağlam olması üçün dərmanlanma vacibdir”, – deyə təsərrüfatçı Ariz Ağamalıyev söyləyib.
Ariz Ağamalıyev bildirib ki, ötən il hər ağacdan 3-5 kiloqram badam toplanırdısa, bu il ağacların məhsuldarlığı 8-10 kiloqramadək artıb.
Təsərrüfatda iki növ badam becərilir. 10 hektar sahədə amerikan mənşəli “Guara”, 13 hektar bağda isə Fransadan gətirilən badam növü yetişdirilir.
“Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Fəxrəddin Osmanov bildirib ki, rayonda, ümumilikdə, 3176 hektar meyvə bağı var. Bunun da 117 hektarında badam yetişdirilir. Badam bağlarının böyük hissəsi intensiv üsulla becərilir. Həmin bağlara görə fermerlərə dövlət tərəfindən subsidiya ödənilir. Bu da sahibkarları yeni bağların salınmasına həvəsləndirir.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda 10, Qubada isə 3 hektar badam bağı salınıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.

