Sosial 

Gələcəyə qoyulan sərmayə: Təhsil infrastrukturunun təkmilləşdirilməsi prioritetdir

Prezident İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  Heydər Əliyev Fondunun  təşəbbüsü əsasında Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa edilən 304 nömrəli tam orta məktəbin açılışı da bunun bariz nümunəsidir

Təhsil hər bir ölkənin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində əsas amillərdən biridir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq təhsilin inkişafına xidmət edən addımların  davamlılığını görərik. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider  yüzlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına, elmin sirlərinə dərindən yiyələnmələrinə səy göstərirdi. Bu gün möhkəm təməl üzərində  hədəflərə doğru inamla addımlayan Azərbaycanın təhsil infrastrukturunun əsas bünövrəsi də məhz o illərdə qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bu sahənin inkişafı dövlət siyasətinin əsası kimi öndə dayandı.  Bir faktı qeyd etmək kifayətdir ki, ölkə iqtisadiyyatının aynası kimi dəyərləndirilən dövlət büdcəsindən ayırmalarda  müdafiə xərclərindən sonra ikinci yeri təhsil  xərcləri tutur. Təhsilin inkişafına, infrastrukturun yenilənməsinə   yönələn vəsait  gələcəyə yatırılan investisiyadır.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ən ucqar regionlarda belə müasir məktəblər tikilib istifadəyə verilib

Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin  siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident  İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması istiqamətində biri-birindən önəmli addımlar atır. Bu tezis, eyni zamanda, yeni texnologiyaların tətbiqini daha da aktuallaşdırdı, istər orta, istərsə də ali təhsil müəsisələrinin müasir dövrün tələblərinə cavab verməsi üçün infrastruktur daha da təkmilləşdirildi, yeniləşdi və bu proses hazırda uğurla davam etdirilir.

Qeyd etdiyimiz kimi, təhsilin  keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə, infrastrukturun tam yenilənməsinə göstərdikləri diqqət və qayğı nəticələrdən də aydın görünür. Hər yeni tədris ili onlarla yeni məktəbin tikintisi və əsaslı təmiri ilə yadda qalır. Ölkə Prezidenti, həmçinin   paytaxt və bölgələrdə  qəzalı vəziyyətdə olan bütün məktəblərin tamamilə yenidən qurulmasını qarşıya əsas məqsəd kimi qoyur, mütəmadi olaraq görülən işlərlə yaxından tanış olmaq üçün həmin məktəblərdə olur.   Şagirdlərin biliklərə yiyələnmələri üçün bütün zəruri imkanlar yaradılır. Hər yeni tədris ilinin yeni məktəblərin tikintisi və ya əsaslı təmiri ilə yadda qalması yalnız şagirdlər deyil, müəllimlər tərəfindən də böyük rəğbətlə qarşılanır.  Təhsilin  keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımlar sırasında  müxtəlif regionlarda modul tipli məktəblərin inşasını da  qeyd etməliyik. Bu gün Azərbaycanın ən ucqar bölgələrində, kənd və qəsəbələrində  quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir. Həmçinin modul tipli məktəblər   mürəkkəb  relyefə malik olan  ucqar kəndlərdə, qəsbələrdə   qəzalı,  istismar müddəti başa çatmış məktəb problemini də  tamamilə aradan qaldırır. Yenə də göründüyü kimi, əsas məqsəd  məktəblilərə dərin biliklərə yiyələnmək, öz bacarıqlarını ortaya qoymaq üçün lazım olan şəraiti yaratmaqdır.

Bu günün əsas tələblərindən biri də məktəblərin kompyuterləşdirilməsidir. Məhz son illərdə bu sahədə əldə olunan uğurlar pandemiya dövründə distant təhsilə geniş imkanlar yaratdı. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin geniş miqyas aldığı, məhdudiyyətlərin qoyulduğu zamanlarda distant təhsilə verilən önəm şagirdlərin yeni texnologiyardan istifadə imkanlarının aydın mənzərəsini yaratdı. Xatırladaq ki, əvvəlki illərdə  “10 şagirdə bir kompyuter”ə çağırış olunurdusa, bu gün artıq bir şagirdə bir kompyuterdən bəhs olunur. Bu, eyni zamanda, ölkəmizin yenilikçi olmasından, beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki,  əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Ulu öndər Heydər Əliyev irsinin təbliği  məqsədilə yaradılan, eyni zamanda, müxtəlif sahələrin inkişafına xidmət edən layihələri ilə diqqət mərkəzində olan,  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı addımları da təqdirəlayiqdir. Uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” proqramı çərçivəsində hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib.

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020-ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. Artıq  960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir.  Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.

Göründüyü kimi, ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi  çərçivəsində ümumilikdə   2 mindən artıq  məktəb tikilib, yaxud əsaslı təmir olunub.

Ölkə Prezidenti  İlham Əliyevin bütün çıxışlarında, gənclərlə görüşlərində   hər bir ölkənin bu günü və gələcəyinin  təhsillə bilavasitə bağlı olduğu önə çəkilərək ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlardan  bəhs edilməklə yanaşı, hədəflər də açıqlanır. Günümüzün əsas tələbi təhsildə islahatlarının daha da  dərinləşdirilməsidir.  İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad edərək bu mühüm məqam daim öndə saxlanılır ki, təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini  şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki,  onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Daha çox xəbərlər