Gündəm 

Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığını göstərir. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. 2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımtsansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam,  Füzuli şəhərlərinin baş planları təsdiq olunaraq təməlləri qoyulub. Eyni zamanda Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının,  Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Zəngilan rayonunda “Ağıllı kənd”in, Beynəlxalq Hava Limanının, Rəqəmsal Yarımstansiyanın, “Dost Aqropark”ın təməli qoyulub.  Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib.

Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam  yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər