Dövlət hər zaman hər bir şəhidin ailəsini və müharibə əlilini diqqətdə saxlayır
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə Prezident İlham Əliyev öz çıxışı zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr olmadığını,vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini qeyd etdi.
Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması regionun taleyi üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin 5 baza prinsipinə əsaslanan sülh təklifi də Ermənistanın ali siyasi rəhbərliyi tərəfindən qəbul edilib. Həmin təkliflər hər iki dövlətin mənafeyinə uyğundur. 30 illik işğalçılıq siyasəti Ermənistana baha başa gəldi. Ermənistan başa düşdü ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırılmasa, inkişaf edə bilməz.
Prezident müşavirə zamanı öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalarıını da qeyd etdi. Öz çıxışında “Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq” dedi. Həqiqətən Azərbaycan bu sahədə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir və edəcək. Dövlət başçısının bu sahədəki siyasəti birmənalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu da onu göstərir ki, dövlət canı bahasına Vətənin keşiyində duran, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə diqqət və qayğısını heç zaman əsirgəməyib və əsirgəməyəcək!
Ramil Rüstəmov,
SOCAR Neft Kəmərləri İdarəsinin əməkdaşı

