Cəmiyyət 

Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür

Avqustun üçüncü şənbəsi Beynəlxalq Evsiz Heyvanlar Günüdür. Bu tarix Beynəlxalq Heyvan Hüquqları Cəmiyyətinin (ISAR) təşəbbüsü ilə təqvimdə yer alıb.

ARANTV.AZ xəbər verir ki, ISAR 1992-ci ildə bu təkliflə çıxış edib, təşəbbüs müxtəlif ölkələrdəki heyvanları qoruyan təşkilatlar tərəfindən dəstəklənib.

Həmin tarix evsiz heyvanların problemini həll etmək, onların faciəli taleyindən maksimum sayda insana danışmaq üçün bir fürsət hesab olunur.

Bu gün dünyanın hər yerində maarifləndirici və xeyriyyə tədbirləri keçirilir. Könüllülər evsiz heyvanlara – ilk növbədə, əlbəttə ki, itlərə və pişiklərə kömək etmək üçün pul toplamaq üçün konsertlər, müsabiqələr və hərraclar keçirirlər. Həmçinin bu gün sahibsiz it və ya pişiyə sahib tapmaq üçün yaxşı şansdır.

Beynəlxalq Evsiz Heyvanlar Gününün məqsədlərindən biri ev heyvanları sahiblərində öz rollarına qarşı şüurlu münasibət oyatmaqdır ki, onların nəzarətsiz yetişdirilməsi yolu ilə sahibsiz pişik və itlərin sayının artmasının qarşısı alınsın. Eyni məqsədlə bəzi baytarlıq klinikaları bu gün pulsuz olaraq pişik və itləri sterilizasiya edir.

Yeri gəlmişkən, dünyada tanınan ilk it sığınacağı Yaponiyada 1695-ci ildə meydana çıxıb və 50 min heyvandan ibarət olub. Heyvanları qəddarlıqdan qorumaq məqsədi daşıyan ilk qanun 1822-ci ildə Böyük Britaniyada qəbul edilib. Heyvanlar üçün ən əlverişli şərait isə Avstriyada mövcuddur, burada qanun məsələn, itlərin quyruğunu və qulaqlarını kəsməyi, sirklərdə vəhşi heyvanlardan istifadə etməyi, pet mağazasının vitrinlərində heyvan balaları satmağı və sair qadağan edir.

Azərbaycanda evsiz, sahibsiz heyvanların qayğısına qalan, onlara humanist yanaşmağı təbliğ edən qurum və təşkilatlar arasında IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) adını xüsusi qeyd etmək yerinə düşər. Təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulan mərkəz 2017-ci ilin mart ayının 1-dən etibarən rəsmi olaraq fəaliyyətə başlayıb.

Əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur. Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur.

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Həmin heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır. Himayəyə verilən heyvanların profilləri internet səhifəsində və sosial şəbəkədə yerləşdirilir.

Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

Daha çox xəbərlər