Gündəm 

Dövlət Ehtiyatları Agentliyi yerli istehsalçılardan 80,8 min ton ərzaqlıq buğda tədarük edib

2023-cü ilin ötən dövrü ərzində , Dövlət Ehtiyatları Agentliyinin tədarük məntəqələrinə 80,8 min ton ərzaqlıq buğda təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Musavat.com-a verilən məlumata görə, cari mövsüm üçün nazirlik tərəfindən ölkənin 18 rayonunda 28 təsərrüfatla 22,6 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanılaraq əkinlər aparılıb. Bu sahələrdən 112,9 min ton ərzaqlıq buğda əldə olunub, hər hektardan orta məhsuldarlıq 50,1 sentner təşkil edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli Fərmanına əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti bu ilin 21 iyun tarixində “Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə” Sərəncam qəbul edib. Sərəncama əsasən, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.

Daha çox xəbərlər