Dostlarımızın bütün qitələrdə sayı artır
Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib
Dövlət başçısı İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda qarşıda açılan yeni imkanlardan, müəyyənləşdirilən yeni hədəflərdən geniş bəhs edərək sonda belə bir ümumiləşdirməni apardı ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq.
Xarici siyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli və beynəlxalq təşkilatlarda əlaqələrin qurulması və yüksələn xətlə inkişafıdır. Azərbaycan ən yüksək tribunalardan tarixi siyasətinin dəyişməz prinsiplərini açıqlayır. Təbii ki, əsas prinsip bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrin qurulması, heç bir dövlətin daxili işinə müdaxilənin olmaması və öz daxili işimizə müdaxilə cəhdlərinin qarşısının qətiyyətlə alınmasıdır. Cənab İlham Əliyev sözügedən çıxışında istər 30 ilə yaxın işğal, istərsə də postmünaqişə dövründə Azərbaycanın belə cəhdlərlə üz-üzə qaldığını əsaslı şəkildə diqqətə çatdıraraq belə bir çağırışı etdi ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı, onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. O da bildirildi ki, hazırda Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin: «Bizə qarşı ideoloji təxribatlar davam edir. Onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür.»
Tarixi Zəfərimizdən bəhs edərkən bu dəyərləndirmə daim önə çəkilir ki, müharibə həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin təcavüzkarın, şərin yanında olduğu təsdiqləndi. Ədalət və beynəlxalq hüquq meyarlarına dəyər verən ölkələr Azərbaycanın haqq savaşını dəstəklədi, sonadək siyasi və mənəvi baxımdan dəstəyini əsirgəmədi. Dövlət başçısı İlham Əliyev çıxışlarında qardaş Türkiyənin və Pakistanın dəstəyini xüsusi qeyd edir. Tarixi Zəfərimiz sonrakı dövrdə bu qardaşlığın daha da möhkəmləndirilməsinə yönələn addımlarla müşayiət olundu. Belə ki, Azərbaycan-Türkiyə müttəfiqliyi rəsmiləşdi, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa bu qardaşlığa şahidlik edərək müttəfiqlik Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Bakıda bir araya gələrək bu birliyin, həmrəyliyin təsdiqi olaraq Bakı Bəyannaməsini imzaladılar.
Dövlət başçısı İlham Əliyev qeyd etdiyimiz çıxışında da bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər.
Bu gün qalib, bütövləşən, yeni Azərbaycan yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Ayrı-ayrı dövlətlərlə ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın müstəqil və prinsipial xarici siyasətindən bəhs edən cənab İlham Əliyev belə bir çağırışı da etdi ki, kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir: «Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.»
Onu da qeyd edək ki, cənab İlham Əliyev 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində xarici siyasət uğurlarımızdan və qarşıda dayanan hədəflərdən bəhs edərkən bildirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar: «Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq.»
Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Hazırkı dövrün əsas çağırışı məhz qeyd olunan problemin həllində birliyi, həmrəyliyi daha da gücləndirmək, təcrübə mübadiləsini genişləndirmək, səyləri daha da birləşdirməkdir. «Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir… İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq» söyləyən cənab İlham Əliyev onu da bildirir ki, COP29 – iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir. Beynəlxalq nüfuzumuz gündən-günə artır. Cənab İlham Əliyevin 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə bağlı Sərəncamında da vurğulanır ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. İqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinə COP29-a ev sahibliyi etməsidir.
Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amillər aydındır. Günümüzün qürurverici hadisələrindən biri də budur ki, Azərbaycanın paytaxtı Bakı şəhəri ilə yanaşı, hazırda azad Qarabağımız, Şuşamız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Həmçinin paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Həmin səfərlər zamanı bu torpaqların hansı resurslara malik olduğu barədə aydın təsəvvür yaranır. Azərbaycanın sabitlik məkanı kimi tanınması və nüfuz qazanması da beynəlxalq tədbirlər üçün ideal məkan qəbul edilməsini şərtləndirən əsas amillər sırasındadır. Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsində də öz sözünü deyir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı dövrlərdə bu marağın müxtəlifliyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Onu da qeyd edək ki, ötən il Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, 2023-cü ildə isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirildi. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir: «Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.» Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.
Təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin təqdimatında növbəti platforma olacaq. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar beynəlxalq dəstək qazanır. Bu fikir xüsusi qeyd edilir ki, Azərbaycanda keçiriləcək COP29 bütün dünya üçün əhəmiyyətlidir. Azərbaycan COP29-a ev sahibliyi edərək 197 ölkəni burada bir araya gətirəcək. Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu platformanın-COP29-un Azərbaycanda təşkili ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərində də yeni səhifənin açılmasına stimul olacaq. Ümumilikdə Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində roluna hörmətin və ehtiramın təzahürü kimi dəyərləndirilən COP29 əvvəldə də qeyd etdiyimiz kimi, yeni əməkdaşlıq əlaqələrinə imkanlar yaradacaq, ənənəvi tərəfdaşları, dostları daha da yaxınlaşdıracaq, bir sözlə, yeni körpülər qurulacaq.
Yeganə Əliyeva, «İki sahil»