Cəmiyyət 

“Azərbaycanda 3 uşaqlı ailə modelinə ehtiyac var” – Sosioloq

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər. Bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.
O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, uşaq istəməyən ailələrin vergi verməsi humanistlik baxımından doğru deyil. Amma Azərbaycanda hökmən 3 uşaqlı ailə modelinə ehtiyac var:

“Azərbaycanda buna ehtiyac yoxdur. Çünki Azərbaycan əhalisi uşaq sevən xalqdır. Sadəcə olaraq onlara kömək etmək lazımdır. Azərbaycanda 3 uşaqlı ailə modelini tətbiq etmək lazımdır. Mən bunu 20 ildir təklif edirəm,amma görünür ki, hələ ünvanına gedib çata bilmir. Çalışacağam ki, bu il bu barədə daha çox danışım. Azərbaycanda hökmən 3 uşaqlı ailə modelinə ehtiyac var. 1 uşaq olanda o uşaq psixoloji baxımdan normal formalaşmır. Çünki evdə onun yaşıdı olmur, əsas münasibətdə olduğu adamlar böyüklərdir. İki olanda münaqişəyə meylli olurlar. Həm 1, həm 2 uşaqlı ailə çox olan ölkələrdə uşaq sayı getdikcə azalır. Azərbaycanda çalışmaq lazımdır ki, ən azı 3 uşaqlı ailə olsun. O zaman evdə uşaq mühiti olur və uşaq normal böyüyür. Bunun üçün geniş dövlət proqramı hazırlamaq lazımdır. Dediyim kimi, çalışacam ki, bu barədə çox danışım ki, lazım olan ünvana çatsın. Uşaq istəməyən ailələrin vergi verməsi humanistlik baxımından doğru deyil. Fərz edək ki, hamı pul verdi və uşaq sahibi olmadı, ölkədə uşaq sayı getdikcə azalacaq. Başqa millətlərin Fransaya axın etdiyi kimi başqa etnik tərkiblər də Azərbaycana axın edəcək”.

Daha çox xəbərlər