Cəmiyyət 

Vətən sevdalıları…

Vətənini ürəkdən sevən, torpağına bağlı olan minlərlə qeyrətli gənc 44 günlük haqq savaşımızda gözünü qırpmadan odun-alovun içinə girdilər. Onların yeganə amalı necə olursa-olsun 30 il mənfur düşmənə əsir düşən Qarabağımızı azad etmək idi. Belə də etdilər. Qanları, canları bahasına yağını məhv edib, Vətəni alınmaz qalaya çevirdilər. Qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı zəfər sevinci yaşadan həmin oğullar cismən aramızdan getsələr də, mənən Vətən səmasının əbədi parlaq günəşinə döndülər. Lerikin qartalları Əliqismət Yaqublu, Cəlal Ağayev də onların cərgəsində dururlar.

Leriklilər öz Vətən sevdalı qəhrəman oğulları ilə həmişə fəxr edirlər . Bu günlər Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri ictimaiyyət nümayəndələri ilə birlikdə hər iki zəfər şəhidimizin şəhadətə qovuşmasının dördüncü ildönümü münasibətilə uyuduğu müqəddəs yerləri ziyarət etdilər və əziz xatirələrinə ehtiram əlaməti olarıq dəstə-dəstə qərənfil hesabına məzarlarını al-qırmızı rəngə boyadılar. Həmçinin hər iki ölümsüzlüyə qovuşan qəhrəmanın şərəfli ömür yolundan sonsuz sevgi, iftixarla söz açdılar. Şəhid ailə üzvləri ilə görüş zamanı icra hakimiyyətinin başçısı Ə. Abbasov onlarla səmimi söhbət edib, bütün qayğı və problemlərini ətraflı öyrəndi.

Lerikin Kələxan kəndində boya-başa çatan Əliqismət Mükafat oğlu Yaqublu həyatı dərk edən gündən Vətənini hər şeydən üstün bilib. Ömrünü hərbiyə bağlamaq istəyində olan Əliqismət Heydər Əliyev adına Bakı Ali Məktəbini, eləcə Təlim-Tədris Mərkəzini bitirib 2015-ci ildə leytenant rütbəsində doğma Azərbaycanın keşiyində durub. 2016-ci ilin Aprel döyüşlərində yağı düşməndən ürəyincə qisas almaqla seçdiyi şərəfli peşəni daha çox sevib. Həmçinin baş leytenant rütbəsinə qədər yüksəlib. Vətən sevgisini, əsgərlərinə sədaqətini, mərdliyini, döyüşkən olduğunu görüb ona Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrin birində xidmət rəisi vəzifəsi tapşırılıb.

Baş leytenant Əliqismət Yaqublu İkinci Qarabağ müharibəsində Murovdağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın döyüşlərində sözün əsl mənasında tarix yazıb. Düşmənə ağır itkilər verib, çoxlu sayda döyüşçüsünü, hərbi texnikasını məhv edib. Neçə-neçə azad olunmuş Vətən torpağına üç rəngli zəfər bayrağımızı sancanda qürur hissi keçirib. Təəssüf ki, Lerikin qəhrəman oğlu 5 noyabr 2020-ci ildə 28 yaşında şəhid olub.

Milyonların ürəyində yuva quran Əliqismət Yaqublu özündən sonra Vətəninə Ələsgər, Məmməd adında iki oğul övladını yadigar qoyub. Onlar hər dəfə ataların ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda”, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığına görə medallara baxanda yalnız qürur hissi keçirdirlər.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan, ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan şəhid gizir Cəlal Ağaverdi oğlu Ağayev Lerik rayonun, Kornədi kəndində dünyaya göz açıb. 36 yaşında ömrünü canından artıq sevdiyi Vətənə bağışlayan Cəlal 2016-cı ilin Aprel döyüşləri zamanı ölümə meydan oxumaqla Vətən naminə misilsiz qəhrəmanlıq örnəyi göstərib. O, 44 günlük haqq savaşımıza gedənlərin sırasında da birinci olub. Həmişə onun qələbə sorağı eşidilib. 29 sentyabrda döyüş tapşırığı alan igid gizir idarə etdiyi tankla düşmənin səngərini keçib, onlarla canlı qüvvəsini o dünyaya göndərib . Ağır keçən həmin döyüşün sonuna yaxın Cəlalın tankı düşmən tərəfindən vurulub. Tankdan sağ çıxan gizir əlində avtomat son damla qanına qədər yağıya qarşı mərdliklə vuruşub…

Cəlal Ağayev el-obada yaxşı ailə başçısı kimi də tanınırdı. Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxlayıb. İndi dağlar diyarında kiçikli-böyüklü hamı onu özünə iftixar mənbəyi, qürur yeri bilir. Cəlalın keçdiyi qısa, şərəfli həyat yolu gələn nəsillər üçün də Vətənə, torpağa sevgi nümunəsi olacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər