Cəmiyyət 

İİV-ə yoluxan şəxslərin preparatlarla təminatı dövlət tərəfindən ödənişsiz qaydada həyata keçirilir

“İİV-ə yoluxan şəxslərin müalicəsi antiretrovirus terapiya adlanır. Müalicə Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında aparılır. Xəstələrin ARV preparatlarla təminatı dövlət tərəfindən ödənişsiz, konfidensial qaydada həyata keçirilir”.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

O qeyd edib ki, xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar: “Xəstələrlə həkim infeksionistlər, psixoloqlar tərəfindən məsləhətləşmələr aparılır. Mərkəzin mütəxəssisləri tərəfindən hər bir xəstəyə individual yanaşma, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılır.

İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə həmin ağırlaşmaların ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli ağırlaşmalar aşkar olunan zaman, məsələn, vərəm, onkoloji xəstəliklər zamanı İİV-ə yoluxan şəxslər həmin xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə yönləndirilirlər”.

Mərkəz direktoru regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəsi ilə bağlı məlumat verib: “Mərkəzdə qeydiyyatda olan və regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə antiretrovirus preparatların təminatı regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir. Həmçinin İİV-ə müayinələrin regionlarda yaşayan əhali üçün əlçatanlığını təmin etmək məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir”.

Mütəxəssis İİV-dən qorunmaq üçün görüləcək tədbirlər barədə danışıb. Onun sözlərinə görə, ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir: “Biz hər zaman qeyd edirik ki, profilaktika müalicədən daha yaxşıdır. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda, istərdim təmasdan öncə (TÖP) və təmasdan sonra profilaktika (Postkontakt profilaktika) barədə də məlumat verim. Artıq uzun müddətdir ki, ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. TÖP İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının sxem üzrə qəbulundan ibarətdir. Xüsusilə qeyd etmək istərdim ki, təmasdan öncə profilaktikanın əhatə dairəsi artıq ölkədə bütün risk qrupları arasında genişləndirilib.

Postkontakt profilaktika isə artıq uzun illərdi ki, ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, şpris ucluqları batan zaman, həmçinin tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmədən yoluxmanın qarşısının alınması üçün mərkəzə müraciət etmək tövsiyə olunur. Burada vacib məqam ondan ibarətdir ki, təmasdan sonra profilaktika 72 saat ərzində həyata keçirilməlidir”.

Daha çox xəbərlər