Cəmiyyət 

İstilik sistemindəki problemlər – şikayətlər çoxalır

Bağça və məktəblərin yalnız 6-8 faizi “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur

Dekabrın ilk həftəsini yaşasaq da, paytaxtın, eləcə də digər iri şəhərlərin müəyyən hissələrində, o cümlədən məktəblərdə, xəstəxanalarda istilik problemi aradan qaldırılmayıb.

Sosial şəbəkələrdə vətəndaşlar paytaxtın müxtəlif ərazilərində istilik olmadığını bildirirlər.

Xüsusilə bir sıra məktəblərdə istilik sisteminin qeyri-qənaətbəxş vəziyyəti ilə bağlı şikayətlər var. Əlbəttə ki, bu məsələ təhsil keyfiyyətinə və şagirdlərin sağlamlığına mənfi təsir göstərir. Yəni məktəblərdə istilik çatışmazlığı, xüsusilə qış aylarında şagirdlərin dərs prosesində diqqətini cəmləməsinə və effektiv tədrisə mane olur.

Bir neçə gün öncə paytaxt Bakının 145 saylı orta məktəbində istilik olmadığı barədə şikayətlər səslənmişdi. Qeyd olunurdu ki, boruda problem var.

Ümumiyyətlə, ölkədəki məktəblərin istilik təminatında ciddi fərqlər mövcuddur. Şəhər məktəblərində müəyyən qədər istilik təminatı mövcud olsa da, kənd rayonlarında bu problem daha qabarıq şəkildə özünü göstərir. Bir çox kənd məktəblərində rəhbərliyin hələ də odun və ya digər primitiv üsullarla sinif otaqlarını qızdırmağa çalışdığı deyilir. 

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı qeyd edib ki, 2023-cü il sentyabrın 5-də Nazirlər Kabineti tərəfindən istilik sistemindən istifadə qaydaları təsdiqlənib: “Bu qaydalara əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və aprelin 15-də yekunlaşır”.

Elvin Basqallı qeyd edib ki, dekabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda istilik verilməsinə başlanıb: “9 rayonda artıq qazanxanalar işə salınıb. Hava şəraiti kəskin şəkildə dəyişərsə, bu zaman qazanxanaların işə salınmasına baxıla bilər. Bağça və məktəblərin yalnız 6-8 faizi “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur. Qalan məktəb və bağçalar öz qazanxanaları vasitəsilə istiliklə təmin edilir”.

Qeyd edək ki, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə olunur. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır.

İstilik sistemini niyə zamanında yoxlamaq, təmir etmək mümkün olmur? Soyuq günlərdə əhali niyə bu vəziyyətdə qalır?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov “Yeni Müsavat”a danışıb: “Bu problemlə bağlı heç bir tədbir görmək mümkün deyil. Çünki Azərbaycanda 1959-60-cı illərdə cəmi 9 rayonda qazanxanalar tikiblər. Həmin qazanxanaların da istismar müddəti 30 ildir. Artıq 60 ildir ki, həmin qazanxanalar işləyir, yəni onların istismar müddəti çoxdan bitib.

Təxminən 2 həftə əvvəl hansısa ərazidə qazanxananın partlaması ilə bağlı məlumatlar yayılmışdı. Bu, gözləniləndir. Köhnəlmiş, sıradan çıxmış qazanxanaları təmir etmək qeyri-mümkündür. Çünki bunun üçün asfaltları söküb, onun altında təmir işləri aparmaq lazımdır. Bu baxımdan yarım əsrdən çox yaşamış qazanxanaların ümidinə qalmışıq, onu da bərpa etmək mümkünsüzdür. 

Qazanxanalarda su qızır, təxminən 10 km. yol gedir, amma geri qayıtmır. Çünki əksər qazanxanaların boruları deşilib. Onların da təmiri, qeyd etdiyim kimi, mümkün deyil. Hesab edirəm ki, bu problemin qarşısını almaq üçün kombi sisteminə keçmək lazımdır. Bu sistem ya dövlətin, ya da vətəndaşın şəxsi vəsaiti hesabına qurula bilər. Məsələn, imkanı olmayan vətəndaşlara kombi sistemi qurmaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kredit verilə bilər. Və yaxud imkan olarsa, məhəllələrdə kiçik qazanxanalar tikmək olar.

Amma yeni qazanxana tikmək üçün də yer yoxdur. Zamanında şəhərsalmada böyük səhvlər edilib, evlər, binalar bir-birinə çox yaxın yerdə tikilib, salınıb. Bu baxımdan kiçik də olsa yeni qazanxana tikmək qeyri-mümkündür.

Bu problemdən ən çox əziyyət çəkən isə məktəblərdəki uşaqlardır. İndi araşdırsaq görərik ki, bir sıra məktəblərdə istilik sistemi hələ də işləmir.

Və yaxud istilik niyə məhz noyabrın 15-dən verilməlidir? Bəzən oktyabr ayı çox soyuq keçir, məktəblərdə uşaqlar soyuqdan titrəyir, xəstələnir. Hesab edirəm ki, bu məsələyə də nəzər yetirmək lazımdır”.

Daha çox xəbərlər