Dövlətçilik ənənələrinin gücləndirilməsi istiqamətində atılan əhəmiyyətli addım
Konstitusiya və Suverenlik İli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı – müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Konstitusiyanın yaradılması ideyasının irəli sürülməsində, onun layihəsinin hazırlanmasında və qəbulunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək preambulasında təsbit olunmuş – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu, 94,5 faiz səs çoxluğu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir. Bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit etdi.
Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlərin hüquqi tənzimi məqsədilə, bir qayda olaraq, qanunlar qəbul edilir. Bəzən bu, Konstitusiyaya əlavələrin və dəyişikliklərin edilməsinə də səbəb olur. Bu zərurət daim inkişafda olan ictimai həyatın obyektiv tələblərindən doğur. Qəbulundan sonra qanunvericilik sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün 2002-ci il, 2009-cu il və 2016-cı ildə keçirilmiş referendumlar vasitəsilə Konstitusiya daha da təkmilləşdirilərək ona əlavə və dəyişikliklər edilmiş, bu yeni müddəalar da, öz növbəsində, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, hüquqi islahatların daha effektiv həyata keçirilməsinə xidmət etmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara və növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və ədalətin bərpa edilməsi niyyətiylə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi qələbə, eləcə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsini qərara almışdır.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğunda və milli suverenliyinin möhkəmləndirilməsində mühüm mərhələ olacaqdır.
Sərxan İbrahimov,
Bərdə rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas