Mütəxəssis: Hamiləlik zamanı infeksiyalar ana və körpə üçün zərərli ola bilər
Hamiləlik zamanı immuniteti gücləndirmək üçün ümumi tədbirlərlə yanaşı, müxtəlif infeksiyalardan da qorunmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hamiləlik zamanı infeksiyalar həm ana, həm də körpə üçün zərərli ola bilər: “Bir neçə əlavə tədbir görərək və sağlam seçimlər edərək, körpənin sağlam doğulması şansını artırmaq olar. Məsələn, gigiyena qaydalarına əməl etmək, xüsusən də müəyyən fəaliyyətlərdən əvvəl və sonra əlləri müntəzəm olaraq yumaq lazımdır. Sabun və axan su yoxdursa, spirt əsaslı əl təmizləyicisindən istifadə etmək olar. Bundan əlavə, tam bişməmiş ət məhsullarından istifadə olunmamalıdır. Pasterizə edilməmiş (çiy) süd və ondan hazırlanan məhsullardan çəkinmək tövsiyə edilir. B qrupu streptokok haqqında həkimdən soruşmaq lazımdır. Təxminən dörd qadından biri bu tip bakteriyaları daşıyır, lakin özünü xəstə hiss etmir. Hamiləliyin sonuna doğru edilən sadə bir tampon testi bu tip bakteriyaların olub-olmadığını göstərəcək. Əgər hamilədə bu infeksiya varsa, doğuş zamanı körpəni qorumaq barədə həkimlə məsləhətləşmək tövsiyə edilir”.
İnfeksionist qeyd edib ki, peyvəndlər barədə həkimdən məsləhətlər almaq lazımdır: “Bəzi peyvəndlər hamiləlikdən əvvəl, hamiləlik zamanı və ya doğuşdan dərhal sonra tövsiyə olunur. Doğru zamanda düzgün peyvənd almaq sağlamlığı qoruya bilər. Məsələn, hamiləlik dövründə qrip peyvəndi xüsusilə vacibdir. Peyvəndlər, həmçinin körpəni ciddi xəstəliklərdən və ya ömürlük sağlamlıq problemlərindən qorumağa kömək edə bilər. Eyni zamanda, cinsi yolla keçən infeksiyalar üçün testdən keçmək tövsiyə olunur. Həmin infeksiyaları olan bəzi insanlar özlərini xəstə hiss etmirlər və onlarda xəstəliklərin heç bir əlaməti olmur. Hamiləlik zamanı bunun olub-olmadığını bilmək vacibdir, çünki bu, ana və körpə üçün ciddi nəticələrə səbəb ola bilər”.
Təyyar Eyvazov onu da bildirib ki, yoluxucu xəstəliyi olan insanlarla təmasdan çəkinmək lazımdır:“Bu xüsusilə suçiçəyi və ya məxmərək kimi infeksiyalar üçün doğrudur. Suçiçəyi hamiləliyin ağırlaşmasına və anadangəlmə qüsurlara, məxmərək isə ciddi anadangəlmə qüsurlara və ya ölü doğuşa səbəb ola bilər”.