26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” – Ulu Öndər Heydər Əliyev Azərbaycanın Respubilikasının ərazi bütövlüyünün və suverenliyinin təminaçısı olan Azərbaycan Silahlı Qüvvələri haqqında fikirlərini belə ifadə etmişdir.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Məhz elə buna görə də deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ordu quruculuğu sahəsində mühüm nailiyyətlərdən biri və ən önəmlisi Ulu Öndər Heydər Əliyevin 1971-ci ildə böyük zəhmətləri bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olması oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də keçmiş SSRİ məkanında digər ali hərbi məktəblərə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Müstəqilliyimizin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkə rəhbərliyinin səriştəsizliyi, siyasi hakimiyyət uğrunda gedən çəkişmələr dövlətin sarsılmasına, xalqın hakimiyyətə inamsızlığına gətirib çıxarmışdı. Bu səbəbdən də Ermənistanın əzəli və əbədi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq niyyəti ilə öz havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğal etmələrinə zəmin yarandı. Belə bir vaxtda o dövürki rəhbərlik ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədi. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı siyasi qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bununla da Azərbaycan Ordusunun formalaşması strateji xətt üzrə uğurla inkişaf etməyə başladı.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində keçirilən Prezident seçkilərində xalqın etimadını qazanaraq ölkənin prezidenti, ordunun Ali Baş Komandanı kimi ağır, məsuliyyətli və şərəfli vəzifəni öz üzərinə götürdü. Prezident seçildikdən sonra İlham Əliyev əlini müqəddəs kitabımız Qurani-kərimə və konstitusiyamıza əl basaraq Azərbaycan Respublikasının ərazi bütovlüyünü və suverenliyini təmin edəcəyinə and içdi. Bununla da ZƏFƏRƏ gedən yolun başlanğıcını və bünövrəsini qoydu.
Ümummilli Lider Heydər Əliyev siyasi ideyalarına və irsinə sadiq qalaraq ölkəmizin hər tərəfli inkişafı üçün böyük strateji layihələrin həyata keçirilməsinə, ordumuzun müasir standartlara uyğun hazırlanması, maddi-texniki və tədris bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı. Ölkəmizdə gedən davamlı dinamik inkişaf silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq etdi. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Hərbçilərimizin dünyanın inkişaf etmiş dövlətlərində hərbi kurslar və təlimlər keçməsi, ordumuzun arsenalında ən yeni və müasir silahların yer alması Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütovlüyünü təmin etmək üçün siyasi meydanda apardığı mücadilənin sonu olmadığı halda nəticə etibarı ilə torpaqlarımızın düşmən tapdağından azad olunması üçün hazırlıqlarının bariz nümunəsi idi. Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlərlə Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti, şəxsi heyətin vətəni müdafiə kimi müqqədəs və şərəfli vəzifəni yerinə yetirməsini şüurlu surətdə dərk etməsi və silahlanmada olan ən müasir silahlardan bacarıqla istifadə etmək qabiliyyətinə yiyələnməsi bu müqqədəs vəzifənin yerinə yetirməyin zamanının çatdığını göstərirdi. 2016-cı ilin aprel döyüşləri, 2017-ci ildə Günnüt əməliyyatı və bir sıra uğurlu əməliyyatlar ordumuzun inamını bərpa edərək düşmənin özündə mifləşdirdiyi “yarılmaz müdafiə” kimi fikirləri alt -üst etdi.
2020-ci ilin iyul ayında ermənilərin Tovuz rayonu istiqamətində yeni ərazilər işğal etmək, strateji üstünlüyü ələ almaq cəhdləri və Ermənistan rəhbərliyinin sərsəm xülyalara düşməsi yeni ərazilər iddiasında olmaları Azərbaycan dövləti qarşısında işal olunmuş ərazilərimizin azad olunması, ərazi bütovlüyümüzün və suverenliyimizin təmin olunması məqsədi ilə uğurlu əks-hücüm əməliyyatlarının başlanması üçün zəmin yaratdı.
2020-ci il sentyabrn 27-də başlanan Vətən müharibəsində Azərbaycan əsgəri və Azərbaycan xalqı bir yumruq kimi Ali Baş komandan İlham Əliyevin ətrafında sıx birləşərək müqəddəs və şərəfli vəzifənin yerinə yetirilməsinə səfərbər oldu, şərəfli, çətin və məsuliyyətli vəzifəni zəfərlə başa vurdu. Azərbaycan əsgəri döyüş meydanında şücayət, mərdlik və qəhramanlıq nümunəsi göstərərək qanı ilə yeni bir şanlı zəfər tarixi yazdı. Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm hərb meydanında, həmdə diplomatik masada qazandığı hərbi və siyasi uğurların nəticəsi olaraq 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu.
Bu gün Vətən torpaqlarının sərhədlərində keşik çəkən qalib Azərbaycan əsgəri qanımız-canımız bahasına əldə etdiyimiz ərazi bütövlüyümüzü və suverenliyimizi şərəflə qoruyur.
Bu gün hər birimiz qalib ordunun əsgəri, qalib ölkənin vətəndaşı kimi qürurluyuq.
Samir Səfərov – Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri