Gündəm 

Doğum haqqında köhnə şəhadətnamələr problem yaratmağa başlayıb: Xəbəriniz varmı?

Doğum haqqında şəhadətnamələrin hələ birbaşa elektron sistemə salınmaqla verilmədiyi dövrlərdə, o cümlədən sovet dövründə tərtib olunmuş şəhadətnamələr hazırda qeydiyyat şöbələrinin arxivindən elektron sistemə daxil edilir. Lakin bu zaman bir sıra səbəblərdən vətəndaşın əlindəki şəhadətnamə ilə elektron sistemdəki şəhadətnamə arasında uyğunsuzluqlar ortaya çıxır.

Nəticədə doğum haqqında sənədin tələb olunduğu ciddi hüquqi prosedurlar zamanı, tutalım, varisliklə əlaqədar rəsmiləşdirmədə “ASAN xidmət”lərin əməkdaşları vətəndaşa xidmət göstərməkdən imtina edir, yəni varisliyi rəsmiləşdirmir. Qeydiyyat şöbələri də uyğunsuzluqları aradan qaldırmaqdan imtina boyun qaçırır, nəticədə vətəndaşın bir yolu qalır: məhkəməyə müraciət etmək.

Halbuki problemə görə vətəndaş məsuliyyət daşımır. Bu halda məsuliyyətin vətəndaşın üzərinə qoyulması, yəni onun məhkəməyə yönləndirilməsi ədalətlidirmi?

Doğum haqqında köhnə şəhadətnamələr problem yaratmağa başlayıb: <span style=color:red>Xəbəriniz varmı?

Medianews.az-ın sualını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirib ki, rəsmi sənəddə dəyişiklik etmək səlahiyyətinin icra orqanına, bu halda qeydiyyat şöbələrinə verilməsi sui-istifadələrə yol aça bilər: “Çünki doğum haqqında şəhadətnamələrin qeydiyyat şöbələrinin arxivindəki variantı ilə vətəndaşın əlindəki variant arasında uyğunsuzluq təkcə texniki səhvlərin yox, bilərəkdən yol verilmiş hansısa qanunsuzluğun da nəticəsi ola bilər. Ona görə bu cür uyğunsuzluqların hamısına texniki səhv kimi baxmaq olmaz. Bəlkə heç səhv olmayıb? Bəlkə saxtalaşdırmanın nəticədir bu? Ona görə elektron sistemdəki şəhadətnamələrə sadəcə vətəndaşın əlindəki kağız şəhadətnamə əsasında düzəliş etmək, qeydiyyat şöbələrinə belə bir səlahiyyət vermək bir qədər təhlükəlidir. Məsələnin məhkəmədə hərtərfli araşdırlması daha yaxşıdır. Nəzərə alaq ki, məhkəmə bu cür işlərə baxılmasını çox uzatmır. İşə məhkəmədə qısa müddətdə baxılır, amma araşdırma hərtərəfli olur.

O fikirlə razıyam ki, bu işdə heç bir günahı olmayan vətəndaşlar da get-gələ düşə bilərlər. Amma o biri yandan saxtalaşdırma hallarının qarşısını almağın hazırda daha effektli bir variantı da yoxdur. Ola bilsin, nəsə bir effektiv yeni mexanizm düşünüb tapmaq olar. Amma bu cür sənədlərə düzəliş edilməsi səlahiyyəti tək bizim ölkədə deyil, əksər xarici dövlətlərdə də məhz məhkəmə instansiyasına verilir, sənəddə dəyişiklik məhkəmə qərarı ilə həyata keçirilir”.

Qeyd edək ki, hər kəsin “ASAN xidmət” mərkəzinə üz tutub şəhadətnaməsini elektron sistemdəki şəhadətnamə ilə tutuşdurması məsləhətdir. Nəzərə alaq ki, bir müddət sonra sənədlə əlaqəli əməliyyatların hamısı elektron sistemlə aparıla, kağız daşıyıcıların ümumiyyətlə üzünə də baxan olmaya bilər. Hələlik heç də hər yetkin vətəndaş hər dəm doğum haqqında şəhadətnaməsindən istifadə etmir, amma bir gün nə vaxtsa bu şəhadətnamə tələb olunacaq. Sistemdə onun, yaxud ata-anasının ad-soyadının başqa sənədlərdəki ad-soyadlara uyğun gəlib-gəlmədiyi məhz o vaxt bilinəcək və həmin vaxt vətəndaşın ya bəxti gətirəcək, heç bir problem olmayacaq, ya da vətəndaş, necə deyərlər, durduğu yerdə işə düşəcək, arxivlərin, məhkəmələrin qapısını döymək məcburiyyətində qalacaq. Ona görə “ASAN xidmət” mərkəzinə gedib, şəhadətnaməni elektron sistemdəki şəhadətnamə ilə tutuşdurub, uyğunsuzluğun olub-olmadığını indidən bilmək və vaxtında tədbirlər görmək daha yaxşıdır.

Daha çox xəbərlər