Yağıntılı və şaxtalı hava aqrar sahəyə zərər vurub
Azərbaycanda son günlər qeyri-sabit hava şəraiti, havanın temperaturunun tez-tez artıb-azalması, bəzi ərazilərdə qar yağması və şaxtaların müşahidə olunması kənd təsərrüfatına da təsirini göstərib.
Musavat.com xəbər verir ki, sərt hava şəraitinin kənd təsərrüfatı sahələrinə zərəri getdikcə artır.
Bunu təsərrüfatını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlərin intensivliyindəki artımdan görmək olur. Belə ki, Fonddan verilən məlumata görə, son bir həftə ərzində Şəmkirdə gilas və şaftalı bağlarına leysan yağması, Xaçmazda şaftalı-nektarin bağlarını şaxta vurması barədə müraciətlər qeydə alınıb.
Bundan başqa, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa hadisələri barədə müraciətlər daxil olub.
Samuxda ərik bağlarında qasırğa hadisəsinin baş verməsi ilə bağlı da fermer müraciətləri qeydə alınıb.
Paralel olaraq bəzi rayonlarda 3-cü şəxsin hərəkətləri nəticəsində də təsərrüfatlara zərər dəyib. Məsələn, Kürdəmirdə 3-cü şəxsin hərəkəti nəticəsində əkin sahəsinin su basması, Göygöldə əkin sahəsinə mal-qaranın buraxılması kimi hallar qeydə alınıb.
Biləsuvar rayonunda isə arpa sahəsinə vəhşi heyvanların (quşların) zərər vurması barədə müraciətlər daxil olub.
Qeyd edək ki, sadalanan hadisələr Aqrar Sığorta Fondunun sığorta zərfinə daxildir. Belə ki, qanunvericiliyə əsasən, aqrar sığorta mexanizmi əkin sahələrini təbiət hadisələri – dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, vəhşi heyvanlarını hücumu, 3-cü şəxslərin hərəkətləri, yanğın, torpaq sürüşməsi və sair hallardan sığorta edir:
“Fonda daxil olan bütün müraciətlər qeydə alınıb və onların araşdırılaraq dəymiş zərərlərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri göndərilib”.
Xatırladaq ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizini dövlət ödəyir. Yəni əkin sahəsi və heyvandarlıq təsərrüfatının sığortalanması zamanı hesabanmış sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə öz təsərrüfatlarını sığorta edə bilir.
Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini zərərlə üzləşməmək üçün öz əkin sahələrini və təsərrüfatlarını vaxtında sığortalamağa çağırır.

