Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq
Bazarlarda açıq şəkildə, etiketsiz satılan pendir, şor, qaymaq və digər süd məhsulları uzun illərdir həm istehlakçılar, həm də nəzarət orqanları üçün müzakirə mövzusudur. Məhsulun hansı təsərrüfatda istehsal edildiyi, istehsal və son istifadə tarixi, saxlanma şəraiti barədə məlumatın olmaması həm qida təhlükəsizliyi, həm də istehlakçı hüquqları baxımından ciddi risk hesab edilir.

Məhz bu səbəbdən Azərbaycan Qida Təhlükəsizliyi ı məhsullarının mərhələli şəkildə etiketlənməsinə başlayıb. Layihəyə ilk olaraq Bakının “Yaşıl bazarı”nda start verilib və növbəti mərhələdə region bazarlarını da əhatə etməsi nəzərdə tutulur. Etiketlərdə məhsulun istehsalçısı, mənşəyi, istehsal tarixi və yararlılıq müddəti kimi məlumatlar əks olunacaq. Bu addımın əsas məqsədi məhsulların izləniləbilənliyini artırmaq, satış prosesini daha şəffaf etmək və istehlakçıların daha təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Lakin yeni tələblə bağlı bir sıra suallar da yaranır. Etiketləmə bazarlarda satılan süd məhsullarının qiymətinə təsir göstərəcəkmi? Kiçik istehsalçılar yeni qaydalara uyğunlaşa biləcəklərmi? Qərar kölgə iqtisadiyyatının qarşısını almağa və keyfiyyətsiz məhsulların bazardan çıxarılmasına nə dərəcədə kömək edəcək?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, başlıca məqam ondan ibarətdir ki, AQTA-nın bu tip qərarlarının əslində hansı məqsədə xidmət etdiyi cəmiyyətə kifayət qədər aydın və əsaslandırılmış şəkildə izah olunmalıdır:
“Ən vacib sual budur: əgər bu günə qədər belə bir markalanma sistemi tətbiq edilmirdisə, bu, hansı ciddi problemə səbəb olmuşdu? Hansı təhlükə yaranmışdı ki, indi bu mexanizmin tətbiqinə ehtiyac duyulur? Bu sualların cəmiyyət üçün dolğun cavabı yoxdur”.

İqtisadçı ümumilikdə bu cür nəzarət və nəzarət mexanizmlərinin getdikcə artırılmasını doğru hesab etmədiyini deyib: “Çünki istənilən halda bu, sahibkarlar üçün əlavə problem, əlavə bürokratik yük və əlavə maliyyə xərci deməkdir. Nəticə etibarilə isə bu kimi tələblər iş adamlarının fəaliyyətinə mənfi təsir göstərən amillərdən birinə çevrilir. Görünən odur ki, bu, xarici ölkələrin təcrübəsindən götürülmüş bir modeldir. Lakin həmin ölkələrdə bu sistem illər ərzində formalaşıb, mərhələli şəkildə tətbiq olunub və oturuşmuş mexanizmə çevrilib. Bizdə isə belə bir sistem hələ formalaşmayıb. Məsələn, bir kənd sakini öz bağından topladığı bir və ya iki yeşik albalını Bakıya satış üçün göndərirsə, bunun markalanmasına nə ehtiyac var? Bunun məqsədi nədir? Hansı risk aradan qaldırılır? Bu prosedur hansı konkret nəticəni verəcək?
Digər tərəfdən, markalanma prosesi zamanı hansı analizlər aparılır? Məhsul hansı laborator və ya texniki prosedurlardan keçir? Yoxsa bu, sadəcə formal xarakter daşıyan, görüntü yaratmağa xidmət edən bir prosesdir? Şəxsən mənim üçün bu suallar hələ də açıq qalır. Hesab edirəm ki, AQTA bu məsələləri ictimaiyyətə aydın, şəffaf və əsaslandırılmış şəkildə izah etməlidir. Həm vətəndaşlar, həm də sahibkarlar tətbiq olunan qaydaların zəruriliyinə inanmalı və onların real faydasını görməlidirlər. Əks halda, xarici ölkələrdən götürülən, lakin yerli şəraitə uyğunlaşdırılmadan tətbiq edilən belə təcrübələrin yenidən nəzərdən keçirilməsi və məqsədəuyğun olmayanlarının ləğv edilməsi daha doğru yanaşma olardı”.
Natiq Cəfərlinin sözlərinə görə yeni etiketləmə tələbi süd məhsullarının qiymətinə müəyyən təsir göstərə bilər: “Çünki etiketlərin hazırlanması, qablaşdırma, qeydiyyat və digər inzibati prosedurlar istehsalçılar üçün əlavə xərc yaradır. Xüsusilə kiçik istehsalçılar bu xərcləri məhsulun qiymətinə əlavə etməyə çalışacaqlar. Nəticədə bazarda qiymət artımı riski istisna edilmir”.