Münxendən başlayan Zəfər yolu
2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələri hamımız yaxşı xatırlayırıq. Əslində bu müzakirədən çox Azərbaycan və Ermənistan rəhbərlərinin qızğın debatı kimi yaddaşlarda qaldı. Debat geniş və qlobal dünyagörüşünə, analitik təhlil bacarığına, praqmatik baxışlara və diplomatik ustalığa sahib olan Prezident İlham Əliyevin tarixi qələbəsi ilə yekunlaşmışdı.
Münxen panelində dövrümüzün siyasi reallıqlarını keçmişlə, tarixi proseslərlə böyük məharətlə uzlaşdırmağı bacaran Prezidentimiz münaqişənin yaranma tarixini diqqətə çatdıraraq əsaslı faktlarla sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr – Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin”.
Ölkəmizin başçısının sərrast məntiqinin və faktoloji yanaşmalarının, iti mühakimələrinin qarşısında aciz qalan N.Paşinyan özünü o dərəcədə itirmişdi ki, qeyri-ixtiyari olaraq ötən əsrin əvvəllərində Qafqaz bürosunun Dağlıq Qarabağın Azərbaycanin tərkib hissəsi olmasına qərar verdiyini etiraf etmişdi. Azərbaycan liderinin dərin məntiqi, tutarlı faktları ilə güncə sıxışdırılan erməni baş nazirin şahmat dili ilə desək, mat vəziyyətinə düşərək kəkələməsi, real faktlara söykənməyən arqumentlərlə, necə deyərlər, naşıcasına “rəqs etməsi” o zaman nəinki auditoriyada gülüş doğurmuş, hətta uzun müddət onun ölkəsində hiddətə və qəzəbə, kəskin qınağa və qızğın müzakirələrə səbəb olmuşdu. Paneldə vəziyyətdən çıxmağa çalışan N. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını və bunun beynəlxalq ictimaiyyət tərəfindən bəyan edilməli olduğunu bildirmişdi.
Dövlətimizin başçısı münaqişə ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən, tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən əsassız iddialara aydınlıq gətirərək bildirmişdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq işğalçı tərəf bu məsələdə cığallıq etsə, qeyri-konstruktiv mövqe sərgiləsə bizim başqa seçimləriz də olacaq: “Azərbaycan danışıqlar prosesinə sadiqdir, ona görə də biz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edə biləcəyimizlə bağlı ümidlərimizi itirməmişik. Bu səbəbdən də hələ də bu ümidləri bəsləyərkən ola bilsin ki, bu, ən yaxşı seçim olmayacaq. Lakin əgər Ermənistan tərəfdən yeni yanaşma nəticəsində danışıqlar tamamilə pozulsa, onda əlbəttə ki, bu seçim nəzərdən keçirilə bilər…”.
Əslində kəmsavad, populist və diletant N.Paşinyan Münxenə qədər dövlətimizin başçısı tərəfindən dəfələrlə belə gülünc vəziyyətə salınmışdı. Buna qədər “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında da Nikol Paşinyanın faktlar qarşısında aciz qalmasının şahidi olmuşduq. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının yalan olduğunu bildirən dövlətimizin başçısının “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, – deməsi hamımızı qürurlandırmış, köksümüzü qabartmışdı.
Beləliklə, Münxendə Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa edən dövlətimizin başçısı qətiyyətlə bəyan etdi ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir. Prezident İlham Əliyevin düz bir il bundan əvvəl diplomatik qələbəmiz ilə başa çatan Müxhen Təhlükəsizlik Konfransında, eləcə də digər beynəlxalq tədbirlərdə qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə bir daha öz təsdiqini tapdı.