Türkiyənin qəhrəmanına çevrilən azərbaycanlı həkim – FOTO
Ötən həftə sosial şəbəkələr və türk mediası azərbaycanlı həkimin qəhrəmanlığından danışdı.
Ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan 12 yaşlı Həmzə Dağı həmyerlimiz yerindəcə (xərəkdə) müdaxilə ilə xilas edərək həyata qaytarıb. Həmin an xəstəxana kameralarından çəkilən görüntülər ölkədə əks-səda doğurub. Həkimin, uşağı yaşatmaq üçün göstərdiyi səy, peşəkarlıq, ani qərar türk xalqı arasında rəğbətlə qarşılanıb və ölkə gündəminə çevrilib. Türkiyənin qəhrəmanına çevrilən həmyerlimiz uzman ürək-damar cərrahı Sərxan Həsənovla “Kaspi” qəzeti müsahibə alıb.
– Sərxan həkim, ürək sizin üçün nə ifadə edir? “Ürək nədir” desəm, məcazi mənada necə izah edərsiniz?
– İçində sevdiklərimizin olduğu orqan… Sevdiklərimiz üçün onu qorumalıyıq. Üstəlik, ürək təkdir. İki böyrəyimiz, iki ciyərimiz var, amma başqa ürəyimiz yoxdur. Ona görə də, ona yaxşı baxmalıyıq. İnsan bədənində bütün orqanların tək funksiyası beyni yaşatmaqdır. Yəni insanın içindəki “mən” beyindən qaynaqlanır və bütün orqanlar beyinə xidmət edir. Ürək də digər orqanlar kimi insanın əsas xidmətkarıdır.
– Əməliyyat necə keçdi?
-12 yaşında ürəyi yaralanmış uşaq… “Qucağıma alıb əməliyyat masasına qoydum” desəm, yanılmaram. Normalda xəstənin steril şəkildə örtülməsi lazımdır. Amma burada vaxt itirə bilmirdik. Xəstənin ürək nahiyəsini təcili olaraq açmaq qərarını verdim və onu masaya qoyduqdan sonra ürəyi açmağım təxminən 1 dəqiqə çəkdi. Ürəyin ətrafında perikard (ürək kisəsi) deyə bir hissə var. Ürək yaralanmalarında ürəyin içərisində olan qan perikardla ürəyin arasında toplanır və onun funksiyasını əngəlləyir. Birbaşa perikardı açmaq lazımdır ki, içindəki qanı boşaldıb, ürəyin funksiyasını təmin edək. Perikardı açanda bol miqdarda qan və qan laxtası var idi. Biz buna ürək tampunadası deyirik. Qanı boşaltdıqdan sonra ürək rahatladı. Əməliyyat masasında ciddi problemlə qarşılaşmadıq. Ən önəmli və can alan nöqtə əməliyyatdan sonra reanimasiya idi. Çünki ürək masajı olan müddətdə beynin nə qədər oksigenlə təmin olunduğunu bilmirdik. Xəstənin oyanmama, beyində problem yaranma ehtimalı da var idi. 4 gözlə xəstənin oyanmasını gözləyirdik. Səhərə yaxın xəstə gözlərini açdı, lakin heç bir əmrə itaət etmədi. “Eşidirsənmi?” deyirik, cavab yoxdur. “Həmzə, Həmzə” çağırırıq, reaksiya vermir. Sanki heç nə eşitmir. Düşündük ki, yəqin uşaqda eşitmə problemi yaranıb. Xəstənin anasını çağırdım. Əsl möcüzə orada baş verdi… Ana, “Həmzə, məni eşidirsənmi?” deyə uşağa səsləndi. Həmzə başını hərəkət etdirdi və əli ilə işarə elədi. Artıq missiyamız müsbət sonluqla tamamlanmışdı.
– Sizcə, ürəyi dayanan xəstəni geri qaytarmaq peşəkarlıqdır, yoxsa qismət və təsadüf?
– Bir quşun qanadının çırpıntısının belə təsadüf olmadığına inanıram. Uşağın həyatda qalması, məncə, qismət, lazımi müdaxilənin olması, peşəkarlıqdır. Yəni uşağın qismətində yaşamaq şansı var idi ki, peşəkar müdaxilə olunmaq şansı qarşısına çıxdı.
– Həmzə sağaldı… Valideynlərinin sizə olan reaksiyaları necə idi?