Çərşənbə, 08 İyl, 2026

Azərbaycan–Avropa İttifaqı əlaqələri yeni inkişaf mərhələsində

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm hadisə kimi dəyərləndirdi. Dövlət başçısı vurğuladı ki, son aylarda Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri siyasi dialoqun intensivləşdiyini və tərəflərin əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu aydın şəkildə nümayiş etdirir.
Prezident qeyd etdi ki, Azərbaycan Avropa Komissiyası ilə əlaqələrə böyük önəm verir və keçirilən görüşlər zamanı qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, münasibətlərdə müşahidə olunan dinamika tərəflərin ortaq siyasi iradəsinin nəticəsidir və bu, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Dövlət başçısı iqtisadi əlaqələrin hazırkı səviyyəsinə də toxunaraq bildirdi ki, Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Avropa ölkələrinin payına düşür. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşı kimi çıxış edir ki, bu da ölkəmizin regiondakı mövqeyini və etibarlılığını təsdiqləyir.
Prezident İlham Əliyev enerji sahəsində əldə olunan nəticələri xüsusi vurğulayaraq xatırlatdı ki, dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropa bazarına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkəmizin qaz ixracının böyük hissəsi Avropa İttifaqına yönəlir və Azərbaycan qazı artıq on Avropa ölkəsinin enerji təhlükəsizliyinə töhfə verir. Gələcəkdə bu coğrafiyanın daha da genişlənməsi üçün real imkanların olduğu bildirildi.
Dövlət başçısı vurğuladı ki, müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasət, beynəlxalq əməkdaşlıq və iri infrastruktur layihələrinə yatırdığı investisiyalar sayəsində Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. Bu baxımdan Cənub Qaz Dəhlizi uğurlu beynəlxalq əməkdaşlığın ən mühüm nümunələrindən biri hesab olunur və Azərbaycan qazını minlərlə kilometr məsafəyə təhlükəsiz şəkildə çatdırır.
Prezident nəqliyyat və logistika sahəsində də Azərbaycanın strateji rolunu diqqətə çatdırdı. Bildirdi ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Son illərdə limanların, dəmir yollarının və digər logistika infrastrukturunun inkişafına böyük həcmdə investisiyalar qoyulub. Yeni geosiyasi reallıqlar fonunda bu istiqamətdə görülən işlər daha da genişləndiriləcək və Azərbaycanın tranzit imkanları artırılacaq.
Çıxışda bərpaolunan enerji sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi qiymətləndirildi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan günəş, külək və su enerjisi üzrə zəngin potensiala malikdir. Artıq yerli və xarici investorlarla imzalanmış müqavilələr yaxın beş-altı il ərzində ölkədə səkkiz giqavat gücündə yeni yaşıl enerji istehsalının təmin olunmasına imkan verəcək. Bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir və Avropa ilə bu sahədə strateji tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Dövlət başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirdi. O qeyd etdi ki, ötən il Vaşinqtonda imzalanmış sənədlər bölgədə sülhün formalaşması üçün mühüm hüquqi və siyasi zəmin yaradıb. Hazırda regionda sülhün praktiki nəticələri artıq özünü göstərməkdədir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan sülh prosesinə sadiqliyini konkret addımlarla nümayiş etdirir. Ermənistan istiqamətində yükdaşımalar üçün tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb, həmçinin enerji daşıyıcılarının ixracına başlanılıb. Bu addımlar bölgədə etimadın möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
Çıxışının sonunda dövlət başçısı vurğuladı ki, Azərbaycan uzun illər davam edən işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib. Ölkəmiz bundan sonra da bölgədə davamlı və uzunmüddətli sülhün bərqərar olması üçün səylərini davam etdirəcək. Prezident Avropa Komissiyasının bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirərək qeyd etdi ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Cənubi Qafqaz gələcəkdə münaqişələrdən uzaq, sabitlik, tərəfdaşlıq və inkişaf məkanına çevrilə bilər.