YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir?
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib və partiyanın bir neçə rayon təşkilatına yeni sədrlər təyin olunub. Bu barədə YAP məlumat yayıb.
Məlumata görə, iclasda YAP-ın Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirib ki, vəzifədən ayrılan rayon təşkilatlarının sədrləri partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətlər göstəriblər, Heydər Əliyev ideyalarına daim sadiq olublar. O, həmin şəxslərin bundan sonra da Ulu Öndərin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində fəaliyyətlərini davam etdirəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarına dəstək verəcəklərinə əminliyini ifadə edib və onlara xatirə hədiyyələri təqdim edib.
Daha sonra İlqar İlyasovun Qaradağ, Vüsalə Əliyevanın Sədərək, Nicat Ələkbərovun Şahbuz, Zamir Güvəndiyevin Şəmkir, Emil Tağıyevin Xaçmaz və Kamran Əmirovun Qusar rayon təşkilatlarının sədri təyin olunması məsələsinə baxılıb. YAP sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədlərin bu vəzifəyə layiq olduqlarını bildiriblər və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Hakim partiyada dəyişikliklərə səbəb nədir?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, baş verən dəyişikliklər partiya daxilində təbii nəsil yenilənməsi prosesinin tərkib hissəsidir.
“Partiyamız hər zaman aktivliyə, dövlətçiliyə, inkişafa və səmərəli fəaliyyətə açıq olub. Müəyyən dövrlərdə təbii nəsil dəyişikliyi baş verir. Bəziləri təqaüdə çıxır və onları yeni kadrlar əvəz edir, bəziləri isə başqa vəzifəyə keçdiklərinə görə yerlərinə yeni təyinatlar həyata keçirilir. Vəzifədən ayrılan təşkilat sədrləri də fəaliyyətləri dövründə üzərlərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetiriblər. Burada söhbət hər hansı fövqəladə prosesdən yox, təbii kadr yenilənməsindən gedir.
Hər hansı struktur dəyişikliyi gözlənilmir. Müvafiq islahatlar əvvəlki qurultayda həyata keçirilib və həmin dəyişikliklər özünü doğruldub. Yeni Azərbaycan Partiyası cəmiyyətdə avanqard siyasi təşkilat kimi fəaliyyət göstərir, seçkilərdə fəal iştirak edir və özünü yalnız hakim partiya statusu ilə məhdudlaşdırmır. Parlamentdə təmsil olunan deputatlarımız, eləcə də bələdiyyələrdə fəaliyyət göstərən üzvlərimiz xalqın etimadını doğrultmağa çalışırlar.
YAP üzvü olmaq hər hansı üstünlük və ya imtiyaz əldə etmək deyil, böyük məsuliyyət daşımaq deməkdir. Bu, azərbaycançılıq ideyalarına, Azərbaycanın inkişafına və müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən ümumi yoldur. Partiyamızın məramı ilə üst-üstə düşən digər siyasi qüvvələrlə əməkdaşlığa da hər zaman açığıq”.