Qaxda fındıq yığımı davam edir
ARANTV.AZ xəbər verir ki, ölkədə becərilən findıq və qoz məhsullarının əsas hissəsi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Bu regionda yetişən fındıq öz yağlılığına və quruluşuna görə dünyada seçilən növlərdən hesab edilir. Ona görə də məhsula tələbat böyükdür. Yaxşı gəlirli sahə olduğu üçün təsərrüfat sahiblərinin fındıqçılığa marağı artıb. Torpaq mülkiyyətçiləri məhsuldarlığı artırmaq üçün yeni metodlardan istifadəyə də üstünlük verirlər.
Fındıqçılıq Qaxda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biridir. Təsərrüfatçılar əsasən “ata-baba” adlanan növün becərilməsinə üstünlük verirlər. Çünki bu sort satış üçün bütün şərtlərə tam cavab verir. Rayonda fındıq yığımı hava şəraitindən aslı olaraq dəyişir. Avqustun sonundan başlayaraq bəzən sentyabrın sonunadək davam edir. Hazırda rayonda məhsul yığımı gedir.
Turaclı inzibati ərazi dairəsi də daxil olmaqla Qaxda mövcud fındıq bağlarının 5000 hektardan çoxu barverəndir. Təsərrüfat sahibləri məhsuldarlığın yüksək olduğunu və son illər əhalinin bu sahəyə marağının artdığını deyirlər.
Buna nail olmaq üçün isə təsərrüfat sahibi 7-8 hektarlıq fındıq bağında yeni metodların tətbiqinə başlayıb. İlkin nəticələr müsbətdir.
Gələcəkdə isə məhsuldarlıq 3 tonu keçəcək. 20 ilə yaxındır fındıqçılıqla məşğul olan fermer deyir ki, yeni texnologiyaları mənimsəmək üçün ölkə xaricində xüsusi təlimlərdə iştirak edib. Bu üsulları isə öz sahəsində sınaqdan uğurla keçirib.
Hazırda Qaxda 7400 hektara yaxın fındıq bağları mövcuddur. Rayonda 5 fındıq emalı müəssisəsi fəaliyyət göstərir. İstehsal olunan məhsul Fransa, İtaliya, Polşa, Almaniya və Rusiyaya satılır. Ümumilikdə isə ölkədə 25 fındıq emalı zavodu fəaliyyət göstərir. Müəssisələrdə yaş formada olan fındıq çəkilir, sonra onun keyfiyyətinin yoxlanması üçün nümunələr götürülür və xüsusi labaratoriyaya göndərilir. Bunun əsasında fındığın orta nəmliliyi, keyfiyyəti yoxlanılır, sonda nəticələrə əsasən qiymət təyin olunur və təsərrüfatçıya vəsait ödənilir. Azərbaycan fındığı artıq Şimali Afrika ölkələri də daxil olmaqla dünyanın 25 ölkəsinə ixrac edilir. Hazırda fındığın ixrac coğrafiyasını genişləndirmək və xarici bazarlarda yeni müştərilər tapmaq məqsədilə bir sıra şirkətlərlə danışıqlar aparılır. Eyni zamanda, şirkət rəhbərləri Azpromo vasitəsi ilə müxtəlif ölkələrdə sərgilərdə iştirak edərək yeni bazarlara çıxış imkanlarını gözdən keçirirlər.

